Daş qapı və ya Darvaz-i Səngi (fars. دروازه سنگی)- İranın Qərbi Azərbaycan ostanında, Xoy şəhərinin mərkəzində, Köhnə Xoy bazarının cənubunda yerləşən abidə. Abidənin Elxanilər dövründə inşa edildiyi bildirilir. Daş qapı İranın Milli irs siyahısına 808 nömrəsi ilə əlavə edilib.[1]
Daş qapı | |
---|---|
دروازه سنگی | |
Şəhər | Xoy şəhəri |
Rayon | Qərbi Azərbaycan ostanı |
Yerləşir | Xoy |
Aidiyyatı | Elxanilər dövrü |
Tikilmə tarixi | XIII-XIV əsrlər |
Azərbaycan türkcəsində Qala qapısı adlanan daş darvaza Xoy şəhərinin mərkəzində, Xoy bazarının cənubunda yerləşir. Qədimdə bu qapı şəhərin girişi idi. Abidənin tikilmə tarixi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi tarixçilər qapı üzərindəki memarlıq elementlərini Elxanilər dövrünə aid edirlər.[2] Ehtimal olunur ki, qapı Elxani hökmdarı Abaqa xanın həyat yoldaşının əmri ilə tikilib. Daha sonra hicri 1170-ci ildə Əhməd xan Dünbili tərəfindən bərpa edilərək gücləndirilmişdir. Qapı divarındakı memarlıq xüsusiyyətləri abidənin yenidən Qacar dövründə təmir edildiyini göstərir. Bunun bir digər sübutu isə sonuncu hasarın Abbas Mirzə Qacarın göstərişi ilə bərpa edilməsi haqqında sənəddir.[3]
Abidə kvadrata yaxın dördbucaqlı plana malikdir. Qapının tikintisində qoşa rəngli daşlardan (ağ-qara) istifadə edilib. Günümüzdə 12 cərgə daş düzülümünə sahib qapının uzunluğu 7 m, eni isə 7,5 metrdir. Qapının döşəmədən açardaşına qədər olan girişi 4.70 m-dir. Bu girişin eni 3.00 m-dir. Giriş dairəvi tağlıdır. Tağın arxasından üzəngilərə qədər iki cərgə daş tağı əhatə edir. Üzəngi daşlarına söykənən profillər ikinci üzəngi təəssüratı yaradır. Tağın dayandığı üzəngilər də profillənmiş və bir qədər çıxıntılı şəkildə yerləşdirilmişdir. Tağın künclərində düz səthdə oyma texnikası ilə işlənmiş simmetrik şəkildə yerləşdirilmiş “şəmsə” motivi var.[4] Açardaşlarının bir az yuxarısında kitabə olduğunu düşündüyümüz dördbucaqlı daş lövhə var. Dairəvi tağlı giriş açılışını başqa bir tağ əhatə edir. Bu dairəvi tağlı kəmərin üzərində nazik profil qəlibi var. Kəmər çıxıntılı üzəngilərə söykənir. Üzəngidən yerə doğru qoyulan daşlar bir qədər yuvarlaqlaşdırılaraq profillər əmələ gətirib. Çöl tərəfdəki dairəvi tağın sağ və sol künclərində 1,50 x 1 m ölçülü daşların üzərinə düz səthdə oyma texnikası və bir az qabartma üsulu ilə iki ədəd “şir” motivi yerləşdirilmişdir. Motiflər yan profildən işlənilib. Şirlərin ağızları açıqdır və dilləri diqqət çəkir. Sağ tərəfdə yerləşən şirin dili deformasiyaya uğrayıb. Şirlər ayaqüstə və hərəkətsiz rəsm edilib. Bir daşa sığa bilsin deyə quyruqları havada və kürəklərinin üzərindədir. Şir motivləri simmetrik formada yerləşdirilsə də, üzlərinə diqqət yetirildikdə ifadələrində fərqliliklər hiss edilir. [5]
Qapı şimala, yəni bazara doğru uzanır və yan tərəfdəki orijinal daş divarlar indi kərpiclə hörülüb. İki orijinal divar arasındakı məsafə 3,55 m enindədir və sivri kərpic tağla örtülmüşdür. Kərpic divarını sabitləmək üçün giriş açılışının yuxarı hissəsində taxta tir qoyulub.
Bazar girişində xaricdən günbəzlə örtülmüş kimi görünən, lakin içəridən xaçlı tağla örtülü bir bölmə var. Buradakı bölmə dörd istiqamətdən tağlar üzərində oturur və onun qapı ilə əlaqəsi təmin edilib. Bölmənin sonradan əlavə edildiyi yoxsa orijinal tikilinin bir parçası olduğu barədə məlumat yoxdur. [6]