Dadaş Dadaşbəyli


Dadaşbəyli Dadaş
Şəxsi məlumatlar
Tam adı Dadaşbəyli, Dadaş Nurulla oğlu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (27 yaş)
Doğum yeri Azərbaycan
İdman növü Ağırlıqqaldırma
Dadaş Dadaşbəyli

Dadaş Nurulla oğlu Dadaşbəyli (15 iyul 1996; Qobustan rayonu, Azərbaycan) – azərbaycanı təmsil edən ağırlıqqaldıran. Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarının gümüş, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının qızıl (birdən qaldırma), Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatının bürünc medalçısı. Dəfələrlə Azərbaycan çempionu, Azərbaycan rekordçusu, idman ustası.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dadaş Nurulla oğlu Dadaşbəyli 15 iyul 1996-cı il tarixində Qobustan rayonunda anadan olub. 2003–2014-cü illərdə Qobustan şəhəri Aleksandr Osipovic Çernyayevski adına 1 saylı tam orta məktəbdə oxuyub. 2014–18-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında ağırlıqqaldırma ixtisası üzrə ali təhsil alıb. Məşqlərə hazırda da şəxsi məşqçisi olan Şəmsi Səfərlinin rəhbərliyi altında başlayıb. İlk yarışına 2007-ci ildə Gəncə şəhərindəki yeniyetmələr arasında Respublika birinciliyi olub. İlk uğurunu isə 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olaraq qazanıb.

Karyerası[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatının bürünc medalçısı olub. 2012-ci ildə gənclər arasında Respublika birinciliyində gümüş medal qazanaraq milli komandaya dəvət alıb. 2013-cü ilin sentyabrında Litvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada qızıl medal qazanıb. 2014-cü ilin noyabrında Kiprin Limassol şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində birdən və təkanla qaldırma, həmçinin toplamda gümüş medal qazanıb. 2015-ci ilin oktyabrında Litvanın Klaypeda şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində birdən və təkanla qaldırma, həmçinin toplamda qızıl medal qazanıb.2014–15-ci illərdə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatlarının qalibi olub. 2021-ci ilin aprelində Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında birdən qaldırma hərəkətində qızıl, toplamda isə bürünc medal qazanıb. 2022-ci ilin aprelində Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında 109 kq çəki dərəcəsində birdən-birə 3 (üç) Azərbaycan rekordunu – həm birdən qaldırma, həm təkanla qaldırma, həm də toplamda — qıraraq tarixi nəticəyə imza atıb. 2022-ci ilin avqustunda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 102 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş medal qazanıb. 2023-cü ilin avqustunda Belarusda keçirilən II MDB Oyunlarında 109 kq çəki dərəcəsindən bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. 2023-cü ilin sentyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatında 109 kq çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkəti, həmçinin toplamda bürünc medalı qazanıb.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

2015-ci ilin oktyabrında Litvanın Klaypeda şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində çempionatın ən yaxşı idmançısı adına layiq görülüb. 2023-cü ilin sentyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında bürünc medal qazanaraq azərbaycanlı idmançıların 18 illik uğursuzluq seriyasına son qoyub.

Təltifləri Dadaş Dadaşbəyliyə 2022-ci ildə idmandakı fəaliyyəti yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən mənzil hədiyyə edilib.