Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir.
Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir.
Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir. Enerjinin verilməsi o vaxtadək davam edir ki, küləyin sürəti dalğanın sürətindən böyük olsun. Küləyin sürət və istiqamətinin dəyişməsi böyük dalğadan başqa onun üzərində ikinci bir dalğa yaranır. Odur ki, dalğalar müxtəlif sürətə malik olur və bir-birinin üstünə qalaqlanır.Belə hadisə interferensiyadır və buna görə də baxılan anda bir sıra iri və xırda dalğalar müşahidə edilir.
Külək dalğalarının 7 fevral 1933-cü ildə Manila və San-Diyeqo arasında müşahidə olunmuş ən maksimum hündürlüyü 34 m. olmuşdur. 1958-ci ildə isə Antraktida sularında dalğanın hündürlüyü 24,5 m-ə çatmışdır. Okean dalğasının maksimum uzunluğu 400 m-ə çatır. Ən yüksək dalğa Atlantik və Sakit okeanlarının şimal, Atlantik və Hind okeanlarının cənub hissəsində müşahidə edilir. Dənizlərin dərinlikləri okean dərinliklərindən az olduğundan orada dalğaların hündürlüyü 9 m-dən,uzunluğu isə 150 m-dən çox olmur. Başqa dənizlərə nisbətən Qırmızı dəniz sakit, Barents dənizi isə bir qədər narahat və coşqun dənizdir.
Xəzər dənizində Şimal küləklərinin (Xəzri küləyi) əsməsi nəticəsində sahilə doğru güclü dalğalar yaranır. Cənub istiqamətində (Gilavar) külək əsdikdə dalğa dənizə doğru istiqamətdə yaranır. Bu zaman dənizin suyunun sahildən müvəqqəti çəkilməsi baş verir.