"Dalğa Beach-Aqua Park" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır.
“Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir.[1]
“Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola bilərlər.[1]
Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib. “Dalğa Beach-Aqua Park”ın Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb. Bu isə Disco Klubda müxtəlif səpkili əyləncəli şou və proqramları təşkil etməyə imkan verir.[1]
Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub. Rəngarəng yaşıllıq guşələri, hovuzların əlverişli arxitektura ilə salınması istirahət üçün buraya üz tutanlarda gözəl əhvali-ruhiyyə yaradır. İstirahət mərkəzinə gələnlərə buradakı restoranlarda Azərbaycan və dünya mətbəxinin nümunələri, həmçinin dəniz məhsullarından hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunur. Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri də burada daimi fəaliyyət göstərən və orijinallığı ilə seçilən su attraksionunun olmasıdır.[1]
Dənizin içində inşa edilmiş “Mayak” restoranında xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradır.[1]
İstirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası da var.[1]
“Dalğa Beach-Aqua Park” kompleksində VIP-house da inşa olunub. Burada müştərilərin rahatlığını tam təmin etmək məqsədilə hərtərəfli şərait yaradılıb. VIP-house-un pəncərələrindən Xəzər dənizinə və istirahət mərkəzinə gözəl mənzərə açılır.[1]
Azərbaycan Respublikasının Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 26 may 2015-ci ildə “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak etmişlər.[1]