Dalyan (çin. 大连市) və ya Dalni — Çin Xalq Respublikasının şimal-şərqində, Lyaonin əyalətində şəhər.
2011-ci ildə şəhərin əhalisi 5,9 milyon nəfər olmuşdur[1].
Bu şəhər həm də Lyaodun yarımadasının cənubunda, Sarı dənizdəki Dalyanvan körfəzinin sahilində donmayan portdur[1].
Nəqliyyat qovşağı Dalyan–Şenyan (Mukden) avto magistralıdır. Beynəlxalq aeroport Çjouşuyszıdadır[1].
1898-ci il konvensiyasına görə, Dalyan Rusiya İmperiyasının Çindən müvəqqəti icarəyə götürdüyü ərazidə, Tsinniva adlı balıqçı qəsəbəsinin (1860-cı ildən Dalyan adlanırdı) yerində salınmış və Dalni adlandırılmışdı. Eyni zamanda yaxınlığında Port-Artur hərbi-dəniz qalasının əsası qoyulmuşdur. Kommersiya portu kimi tikilmiş, 1901-ci ildən Çin-Şərq dəmir yolunun (ÇŞDY) qolu vasitəsilə Xarbinlə birləşdirilmişdir. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsi zamanı, 1904-cü ilin mayında Yaponiya tərəfindən tutulmuş, 1915-ci il Portsmut sülhünə görə Yaponiyanın nəzarətinə keçmiş və İkinci dünya müharibəsi qurtaranadək Dayren adı ilə yaponların onun hakimiyyəti altında qalmışdır. 1945-ci ilin avqustunadək Dalyanda yeni port qurğuları (o cümlədən quru doklar), dəmir yolu, gəmiqayırma, sement, kimya, toxuculuq və s. sənaye müəssisələri inşa edilmişdir. 1930-cu illərdə Dalyan portu buraxılış qabiliyyətinə görə Şanxaydan sonra Çində 2-ci yeri tuturdu[1].
14 avqust 1945-ci ildə bağlanmış Sovet-Çin müqaviləsinə görə, Çin hökuməti Dalyanı azad port kimi tanıdı. Port qurğuları (körpülər, anbarlar və s.) 30 il müddətinə SSRİ-yə icarəyə verildi. ÇXR yarandıqdansonra 1950-ci ildə əvəzsiz olaraq Çinə qaytarıldı[1].
Çində ən iri meydanlardan biri olan Honkonqda Çinin suverenliyinin bərpası ilə əlaqədar yaradılmış Sinxay meydanı şəhərin görməli yerlərindəndir[1].
Şəhərdə çoxsayda parklar var ki, bu da şəhər ərazisinin 40%-indən çoxunu təşkil edir. Əsas parkları Əmək parkı və Sinxay parkıdır[1].
Şəhərdə təbiətşünaslıq muzeyi (1998), Rəssamlıq qalereyası, zoo park, Quş parkı (1991; 1000-dən artıq quş növü), Xutan peyzaj parkı, akvapark var[1].
Dalyan iri elm və təhsil mərkəzidir. Şəhərdə 300-dən çox elmi-tədqiqat institutu, 17 universitet və institut, o cümlədən 1949-cu ildə yaradılmış Dalyan Texnologiya Universiteti, Dalyan Yüngül Sənaye Universiteti, Dalyan Xarici Dillər Universiteti (1964), Lyaonin Normal Universiteti (1951), Dalyan Tibb Universiteti, Dalyan Dəniz Universiteti (1909) və sair universitetlər var[1].
Şəhərdə hər il Beynəlxalq ticarət-investisiya yarmarkası "Dalyan – İmpeks"[1], Münxen "Oktoberfest"indən sonra dünyada ən böyük Pivə festivalı 1999 ildən, Beynəlxalq moda festivalı, Dalyan beynəlxalq marafonu, sofora bayramı keçirilir[2].
XX əsrin sonlarından şəhərin iqtisadiyyatında xidmət sferası sürətlə inkişaf edir[2].
1984-cü ildən Dalyan Çinin açıq dənizyanı şəhərləri sırasına daxildir. Texniki-iqtisadi inkişaf zonası da daxil olmaqla, şəhərin xüsusi iqtisadi rayonlarında 1600-dən çox müəssisə yaradılmışdır. Bunun üçün 2003-cü ilin məlumatlarına görə 30-dan çox ölkədən təqribən 2 milyard dollar investisiya cəlb edilmişdir. İqtisadiyyatda elektronika və informatika, biotexnologiyalar, ən yeni materialların işlənib hazırlanması, elektrik enerjisinə qənaət, resurslardan kompleks istifadə və s. üstün sahələrdir[2].
Bu şəhərdə 10-dan çox xarici bankın, o cümlədən, Tokio Bankı, Yaponiya Sənaye Bankı, Honkonq Bankı, Koreya Mübadilə Bankı və digərlərinin nümayəndəlikləri fəaliyyət göstərir[2].
Dalyan Çinin ən iri sənaye və xarici ticarət mərkəzlərindən biridir. 3 mindən çox sənaye müəssisəsi fəaliyyət göstərir; şəhərin ixrac məhsullarının dəyəri təqribən 7 milyard dollardır ki, bu da Lyaonin əyaləti ixracının təqribən 50%-ini təşkil edir[2].
İri yükdaşıyan gəmilər (o cümlədən su basımı 300 min ton olan neft tankerləri – Çində ən böyük olan "Sinçuan" şirkəti tərəfindən istehsal edilir. Vaqonqayırma zavodu, qara metallurgiya, neft-kimya, kimya, elektron, əczaçılıq, yeyinti (o cümlədən balıq məhsulları və meyvə emalı), toxuculuq, kağız, ağac emalı sənayesi müəssisələri fəaliyyət göstərir; tikinti materialları istehsal edilir. Balıqçılıq; dəniz kələmi və qonur yosun süni yetişdirilir. Dalyan yaxınlığında 500-dən çox müxtəlif faydalı qazıntı, o cümlədən almaz (ölkənin ümumi ehtiyatının təqribən 54%-i), əhəngdaşı, asbest, maqnezit, talk və s. yataqları yerləşir[2].
1994–2005-ci illərdə 8 dəfə Çin çempionu; 1998-ci ildə Asiya çempionlar liqasının finalçısı olan "Dalyan Şide" futbol klubu təqribən 60 min yerlik "Xalq stadionu"nda çıxış edir[2].
Ümumçin əhəmiyyətli turizmin inkişaf zonalarından biri Dalyanda yaradılmışdır[2].