Davronoye (süry. ܕܲܘܪܵܢܵܝܹܐ)[1] — aysor xalqı arasında sekulyar, solçu, milli azadlıq hərəkatı. İdeoloji cəhətdən mütərəqqi ideyalarla səciyyələnən və sosialist ünsürləri özündə birləşdirən ideologiyanın qurucu kökləri 1980-ci illərin sonlarında Türkiyənin Midyat şəhərində formalaşmışdır.[2] Hərəkatın müasir təzahürü, xüsusən də Kürdüstan Fəhlə Partiyası (PKK) və Demokratik Birlik Partiyası (PYD) ilə əlaqələri səbəbindən dünya üzrə aysor təşkilatları arasında mübahisəlidir.
Davronoyenin qurucu üzvləri Türkiyədəki aysorlarla kürdlərin mübarizəsi arasında əlaqə tapmışdılar və bu, hərəkat üzvlərini Kürdüstan Fəhlə Partiyasının (PKK) lokal dəstək şəbəkəsinə qoşulmağa sövq etmişdir.[3] Nəhayət, davronoye üzvləri PKK ilə əlaqədə olduqları üçün həbs olunmuş və daha sonra sərbəst buraxılmışdılar. Bu, hərəkatın bəzi üzvlərinin Avropaya miqrasiyasına səbəb olmuş və nəticədə İsveç, Hollandiya, Belçika, Avstriya və Almaniya kimi Avropa ölkələrində diaspor şəbəkəsi qurulmuşdur.[4]