Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala.
Didivan | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qazax |
Yerləşir | Xanlıqlar |
Aidiyyatı | VI-VII əsrlər |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Ölkə əhəmiyyəti |
İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.
Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar qalmışdır. Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları Coqaz çayın sahilində və Cəfərli kəndinin yaxınlığında da var.