"Dil Dil Pakistan" (urdu دل دل پاکستان) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi.[1][2]
"Dil Dil Pakistan" | |
---|---|
Vital Signs tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 14 avqust, 1987 |
Janr | Pop/vətənpərvərlik |
Müddət | 4:28 |
Sözlərin müəllifləri | Salman Əhməd, Şahzad Həsən, Rohail Hyatt, Junaid Camşed |
Prodüser | Şoaib Mansor |
"Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir.[2][3]
Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir.
Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır.[4] Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü. Nəhayət, Şoaib Mansor məhəbbət mahnısı ideyasından imtina edib və vətənpərvərlik mahnısı üzərində işləməyə qərar verib və nəticədə "Dil Dil Pakistan" yaranıb.[2][5]
2003-cü ildə "BBC World Service"in məşhur mahnıların beynəlxalq sorğusunun nəticələrinə görə "Dil Dil Pakistan" üçüncü yerdə qərarlaşıb.[3] 1990-cı ildə yaradılmış "Dil Dil Hindustan" mahnısı "Dil Dil Pakistan"dan ilhamlanaraq, köçürülmüşdür.[6] 1 yanvar 2014-cü ildə mahnının dəyişdirilmiş versiyası Şam İdris tərəfindən hazırlanıb və Karter Zaherin iştirakı ilə yayımlanıb.