Divlər (Rasim Babayev)

Divlər — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1970–2000-ci illərdə yaradılmış əsərlər seriyası. Seriyanın əsas xüsusiyyəti Azərbaycan mifologiyasından olan div personajının alleqorik qüvvə kimi müxtəlif mövzulara həsr edilmiş tabloların qəhrəmanı kimi istifadə edilməsidir. Seriyanın ilk əsəri olan "Ekstremistlər marşı"[1] tablosu 1970-ci illərdə ərsəyə gətirilib. Seriyaya "Adəm-Həvva və divlər", "Div və qadın", "Div və kalliqrafiya", "Div yuxusu", "Hirsli div", "Piyalə ilə div", "Oynayan div", "Cəhənnəmdə div", "Qəlyan çəkən div", "Təəccüblənmiş div", "Fikirli div" və sair əsərlər daxildir.[2]

Divlər
Seriyaya daxil olan əsərlərdən biri olan "Yatmış div".
Seriyaya daxil olan əsərlərdən biri olan "Yatmış div".
Rəssam Rasim Babayev
Texnikası yağlı boya ilə kətan, qarışıq texnika
Saxlanıldığı yer Azərbaycan Milli İncəsənət Muzeyi
Bakı Müasir İncəsənət Muzeyi

Tarixi və analizi

[redaktə | mənbəni redaktə et]
"Divlər yaşayan şəhər" əsəri rəssamın "Divlər" seriyasından olan ən son əsərlərdən biri olmaqla yanaşı, həm də ömrünün sonuna yaxın bitirdiyi son əsərlərdən biridir. Hazırda əsər Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.

Rəssamın dünyagörüşünün formalaşmasında və yaradıcılıq dünyasının püxtələşməsində təbii ki, Azərbaycan folklorunun — nağıl və dastanların, onların dərin fəlsəfi mahiyyətinin, milli-mənəvi dəyərlərin və milli etnoqrafik xüsusiyyətlərimizin böyük təsiri olub. Onun yaradıcılığında iki qüvvənin — xeyirlə şərin, işıqla zülmətin mübarizəsi təsvir olunub.[2]

70-ci illərdən etibarən xeyir və şər anlamları rəssamın əsas mənəvi meyarına çevrilərək öz bədii təcəssümünü onun yaradıcılığında tapır. Erkən mərhələdə bu obrazlar əksər halda Sovet sisteminin, sovet ideologiyasının kabusları mənasında rəssamın əsərlərinə yol açırlar.[3] Bu dövrü xatırlayan rəssamın deyir: "Mənim divlərim həmin dövrdə Sovet totalitar sisteminin qorxunc və dəhşətli obrazlarını simvolizə edirdi."[3]

Seriyanın ilk əsəri olan[1] "Ekstremistlər marşı" tablosunda "Xeyir və şər" kontekstindən bəhrələnən və əsərin əsas personajlarını təşkil edən ekstermist obrazları stilizə edilərək, insan qiyafəsindən çıxmış və zombi halına düşərək sıra ilə addımlayan qara və şər qüvvələri təmsil edirlər. Burada ilk dəfə olaraq, rəssam öz etik şkalasından çıxış edərək, şər qüvvəsinin təmsilçilərini insanlıqdan kənar olan nəhəng mutantlar obrazında canlandırır. Qəhvəyi, qara, çirkli rənglərlə təsvir olunmuş qorxunc məxluqlar tamaşaçıda ikrah və inkar hissi oyadırlar.[1]

Rasim Babayevin "Pablo Nerudanın xatirəsinə" (1975) əsərində artiq biz ilk dəfə real və konkret məzmuna nisbətdə — tamamilə şərti formaya malik bədii obrazlarla qarşılaşırıq.[4] İlk dəfə olaraq rəssam real həyat hadisəsini "Xeyir və Şər" mübarəzəsi müstəvisinə keçirərək, div obrazlarında istifadə etməyə başlayır. Real tarixi hadisə fantasmaqorik obrazlar vasitəsil ə ifadə olunmağa başlayır.[1]

Rasim Babayevlə yaxın ünsiyyətdə olmuş və rəssamın yaradıcılığına bir sıra məqalələr və kitab həsr etmiş sənətşünas Gülrəna Mirzə Qacar fikirləşir ki, qorxunc divlər rəssamın özünün qorxuların arxetipidir.[5] Tədqiqatçı qeyd edir ki, "Mifoloji obrazlar rəssamları, şairləri, musiqiçiləri qədim dövrlərdən ekzestensional suallara cavab axtaran hər kəsi narahat edir. Labirintin arxetipik motivləri, Ariadna sapı, qəhrəman Tesey və Minotavr obrazları böyük şəxsiyyətləri, o cümlədən Rasim Babayevi ruhlandırırdı. Pikassonu çox narahat edən və onun "Minotavromaxiya" silsiləsində ifadə olunan Minotavr obrazı Rasim Babayev tablolarında İran, Türk, Hind mifologiyasından alınmış daha qədim Div obrazına, bərq vuran Lüsifer timsalına, şər niyyətin, Əhriman arxetipinə transformasiya olunur."[5]

Rasim Babayev yaradıcılığında ardıcıl olaraq və ömrünün sonunadək yeni-yeni yaranan div obrazlarını Azərbaycan folkloru ilə bağlayan T. İbrahimov qeyd edir ki, çoxsaylı div obrazlarının real insanlar kimi ağlaması, gülməsi, küsməsi, qorxması, sevməsi, şəhər mühitində olması, axirət aləmdə olması və s. kimi etik imperativlərin səbəbi real həyat təəsuratların rəssamın daxili aləmində etik qiymətləndirməyə məruz qalmaları nəticəsində yaranmışlar.[1]

Rəssamın çoxsaylı divləri rəssamın emosional halını, əhval-ruhiyyəsini, bu anda həyatın konkret hadisəsinə olan münasibətini əks etdirirlər. Təsadüfi deyil ki, onun divləri Cənnətə, Cəhənnəmə düşürlər, ağlayırlar, gülürlər, heyfslənir və hirslənirlər. Divlər müxtəlif mənəvi və psixi halları əks etdirməklə, ətraf alə mdə olanalara münasibətlə bərabər, rəssamın özünün də daxildə gedən dialoqunu əks etdirirlər. Bəzi hallarda bu obrazlar divi deyil, əjdahanı xatırladan məxluqlardı. Onlar çoxbaşlı, çox-əlli, çoxayaqlı ola bilirlər. Bütün bu kənardan fantastik görünən obrazlar rəssam üçün kifayət qədər real və cismanidirlər. Onlar real müasir həyatın gözə-görünməz, lakin əməllərdə özlərini büruzə verən mənfi istəkləri, hərisliyi, nəfsi, paxıllığı, acgözlüyü və d. mənfi mənəvi və etik keyfiyyətləri ifadə edirlər.[1]

H. Süleymanovanın fikrincə, Rasim Babayevin əsərlərində "…div obrazç inkişaf edərək çoxəlli, çoxbaşlı, çoxayaqlı personaja çevrilir. Azərbaycan nağıllarında "şeytanlar" kimi tanınan "Divlər" rəssam üçün sadəcə xəyali obrazlar deyil. Sosialist realizmi əks etdirməyən hər hansı bir bədii ifadənin qadağan olunmasına baxmayaraq rəssam onları Primitivizm adı altında kətanlarında təsvir edərək siyasi təqibdən canını qurtara bilirdi. "Adəm-Həvva və divlər", "Div və qadın", "Div və kalliqrafiya", "Div yuxusu", "Hirsli div", "Piyalə ilə div", "Oynayan div", "Cəhənnəmdə div", "Qəlyan çəkən div", "Təəccüblənmiş div", "Fikirli div" əsərlərindəki obrazlar, bu qarışıq, bir o qədər qrotesk fiqurlar Rasim Babayevin real həyatda yaşadığı və qarşılaşdığı insanları simvolizə edirdi.[2]

Divlər seriyasından olan məşhur əsərlər

[redaktə | mənbəni redaktə et]

Ekstremistlər marşı

[redaktə | mənbəni redaktə et]

1970-ci illərdə ərsəyə gətirilmiş "Ekstremistlər marşı" tablosunda sonradan rəssamın dəsti-xəttinin və obrazlarının göstəricisi olan[1] div motivinə ilk dəfə rast gəlinir. T. İbrahimov qeyd edir ki, rəssamın xeyir və şər kontekstindən bəhrələnərək yaratdığı və əsərin əsas personajlarını təşkil edən divlər, burada stilizə edilmiş ekstermist obrazları insan qiyafəsindən çıxmış və zombi halına düşərək sıra ilə addımlayan qara və şər qüvvələri təmsil edirlər. Bu əsərdə ilk dəfə olaraq, rəssam öz etik şkalasından çıxış edərək, şər qüvvəsinin təmsilçilərini insanlıqdan kənar olan nəhəng divlər kimi canlandırır. Qəhvəyi, qara, çirkli rənglərlə təsvir olunmuş qorxunc məxluqlar tamaşaçıda ikrah və inkar hissi oyadırlar.[1]

Pablo Nerudanın xatirəsinə

[redaktə | mənbəni redaktə et]
Pablo Nerudanın xatirəsinə

1975-ci ildə tamamlanmış bu əsərdə izləyici ilk dəfə, real və konkret məzmuna nisbətdə — tamamilə şərti formaya malik bədii obrazlarla qarşılaşır. İlk dəfə olaraq rəssam, real həyat hadisəsini xeyir və şər mübarəzəsi müstəvisinə keçirərək, div obrazlarında istifadə etməyə başlayır. Əsərdə real tarixi hadisə fantasmaqorik obrazlar vasitəsil ə ifadə olunur.[1]

1970-ci illərdə Çilidə baş vermiş hərbi çevriliş nəticəsində hakimiyyətə hərbi faşist rejimi gəlir. Ölkədə demokratiya, azadlıq, mədəni və insani dəyərlər qadağa olunur, minlərlə insan edam edilir. Belə edam olunmuşlar sırasında bir çox proqressiv şair, yazıçı, rəssam, musiqiçi də edam olunur. Edam edilənlərdən biri də məşhur şair Pablo Neruda olmuşdur.[1]

Rəssam Pablo Nerudanı Qədim Yunan əsatirlərində ilham pərisi obrazını ifadə edən qanadlı at — Peqas şəkilində təsvir edir. Qara, nəhəng, qorxunc və iyrənc divlərin əhatəsində olan və artıq ölümə məhkum olunmuş Peqas azadlığı, insanpərvərliyi, mədəni ruhu yaradıcı ilhamı ifadə edir. Peqası tutub məhv edən qorxunc divlər faşizmi, zorakılığı, ölümü, vəhşiliyi və insanlığa nifrət hissinin təmsil edirlər.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 İbrahimov, Telman. "Rasim Babayev yaradıcılığı "Xeyir və Şər" etik kateqoriyaların bədii təcəssümü kimi". 2024-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.
  2. 1 2 3 "Qrotesk gerçəklik Rasim Babayevin yaradıcılığında". azgallery.az (az.). AZƏRBAYCAN DÖVLƏT RƏSM QALEREYASI. 2024-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.
  3. 1 2 Babayev, Rasim. The World of Divs and Angels (Summer. 1999). Azerbaijan International.
  4. Patterson, Jean. "Challenging the Monsters". www.azer.com. 2024-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.
  5. 1 2 Qacar, G. Rasim Babayev. Bakı: "Şərq-Qərb" Nəşriyyat Evi. 2013. səh. 35.