Dodaqdan qəlbə (türk. Dudaktan Kalbe) — Rəşad Nuri Güntəkinin ilk dəfə 1925-ci ildə nəşr olunmuş romanı.
Dodaqdan qəlbə | |
---|---|
türk. Dudaktan Kalbe | |
| |
Müəllif | Rəşad Nuri Güntəkin |
Janr | Roman |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 1925 |
Tərcüməçi | Məryəm Axundova |
Nəşriyyat |
Şərq-Qərb (2006) Bakı Kitab Klubu |
Səhifə |
280 (2006) 320 |
Tiraj | 25 000 (2006) |
ISBN | ISBN 978-9952-34-007-5 (2006) |
Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur.
Lamiyə isə həyatın bütün zərbələrinə baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə qovuşur.
"Dodaqdan qəlbə" romanı lirik-realist üslubda yazılsa da, müəllif bu əsərdə dövrünün ictimai problemlərinə də biganə qalmamışdır. Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlərlə verilmişdir.
Roman Məryəm Axundova tərəfindən Azərbaycan dilinə tərcümə, Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1989-cu ildə Azərbaycan Ensiklopediyasının Baş redaksiyasında Damğa romanı ilə birlikdə 375 səhifədə, Latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2006-cı ildə Şərq-Qərb nəşriyyatında 280 səhifədə, 25 000 tirajla, daha sonra isə Bakı Kitab Klubunda 320 səhifədə nəşr edilib.[1]