Draqo doktrinası — beynəlxalq borcların alınması üçün bir dövlətin digər dövlətə silahlı müdaxiləsinin yolverilməzliyi prinsipini müəyyən edir.[1] 1902-ci ildə Argentinanın xarici işlər naziri Luis Maria Draqo tərəfindən ABŞ-yə diplomatik xəbərdarlıq kimi bəyan edilib.
Monro doktrinası və Avropanın imperialist qüvvələrinin təsiri arasındakı qarşıdurmanı aydınlaşdırmaqla, eləcə də, ABŞ-nin uzun müddət dəstəklədiyi suveren bərabərlik prinsipinə diqqəti cəlb etməklə, sözügedən doktrina ABŞ da daxil olmaqla heç bir xarici qüvvənin borc toplamaq üçün Latın Amerikasındakı hər hansı dövlətə qarşı güc tətbiq edə bilməməsi siyasətini ortaya qoymuşdur.[2]
1904-cü ildə ABŞ tərəfindən Draqo doktrinasına cavab olaraq, Ruzvelt doktrinası (ing. Roosevelt Corollary) hazırlandı. Müvafiq doktrina Amerika biznesi və Latın Amerikasının Avropa qüvvələrindən müstəqilliyi ilə əlaqədar maraqlar naminə ABŞ-n Latın Amerikasına müdaxiləsinə haqq qazandırırdı.
Draqo doktrinası öz hüquqi təsbitini 1907-ci ildə 2-ci Haaqa Konfransında qəbul edilən Draqo-Porter Konvensiyasında tapmışdır.[1] Belə ki, bu doktrinanın dəyişilmiş versiyası 1907-ci ildə Haaqada qəbul edilmişdir və Horas Porterin şərəfinə Porter Konvensiyası da adlanır. Buna əsasən, işin həmişə ilk növbədə arbitraj və məhkəmə vasitələri ilə həllinə üstünlük verilməlidir.[3][4][5]
Doktrina Karlos Kalvonun Derecho internacional teórico y práctico de Europa y América əsərində ifadə olunmuş ideyalara əsaslanır. Belə ki, hələ Meksikaya 1861–1862-ci illərdə ingilis-fransız-ispan hərbi müdaxiləsindən sonra 1868-ci ildə Kalvo nəinki silahlı, həm də diplomatik müdaxilənin yolverilməzliyi prinsipini elan etmişdi.[1] Həmin ideyalar özü Kalvo doktrinasının əsasını təşkil edir. Beləliklə də, Kalvo doktrinası yerli vasitələr tükənmədikcə diplomatik müdaxilənin qadağan olunmasını təklif edir.
Draqo doktrinası özü Böyük Britaniya, Almaniya və İtaliyanın 1902-ci ildəki hərəkətlərinə qarşı bir cavab idi. Belə ki, 1902–1903-cü illərdə Sipriano Kastronun prezidentliyi dövründə qeyd edilən Avropa dövlətləri Venesueladan borcun alınması məqsədilə bu ölkəyə silahlı müdaxilə etmək qərarına gəlmiş və Venesuelanın böyük həcmdə borclarına cavab olaraq limanlarını blokadaya almışdır. Bu müdaxilə ilə əlaqədar olaraq Argentinanın xarici işlər naziri Draqo öz ölkəsinin Vaşinqtondakı səfirinə 29 dekabr 1902-ci il tarixli məktubunda yazırdı: "Dövlət borcu hərbi müdaxilə etmək üçün səbəb ola bilməz".[1]
Ruzveltin özünün sonralar Draqo doktrinasını tərifləməsinə baxmayaraq, daha əvvəllər — vitse-prezident olduğu dövrdə alman diplomat Herman Spek von Sternburqa bildirmişdir ki, "Əgər hər hansı Cənubi Amerika dövləti istənilən Avropa dövlətinə qarşı pis davranarsa, qoyun həmin Avropa dövləti ona şillə vursun."[2]
NML Capital Limited şirkətinə olan borcu da daxil olmaqla Argentinanın borc böhranının qarşısını almaq üçün Amerika Dövlətləri Təşkilatında keçirilən səsvermə zamanı Argentinanı dəstəkləyərkən Venesuela Draqo doktrinasına istinad etmişdir.