Duzluluq — təbii suların tərkibində olan güclü turşularla (Cl, SO4 və b.) əsasların (K, Na, Ca, Mg və b.) birləşməsi nəticəsində yaranan xassədir
Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluq ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir.
Duzluluq indikatorları çöküntütoplanma hövzələrinin duzluluq dərəcəsini (şirin su, şorumtul, normal duzlu, çoxduzlu-rapa) tam qətiyyətlə təyin etməyə imkan verən çökmə süxur komponentləridir. Şirin su hövzələri əsas etibarilə fauna (Unio, Paludina, Valvata və b.) qalıqlarına görə müəyyən edilir; bu hövzələrin çöküntülərində çox vaxt vivianitə rast gəlinir; autigen qlaukonit olmur. Şorumtul su çöküntüləri üçün normal dəniz formalarının dəyişilməyə uğramış spesifik - növ tərkibi kasıb, lakin fərdlərin sayına görə zəngin olan ikitayqabıqlı və qastropod faunası səciyyəvidir. Bu çöküntülərdə stenoqalin formalar (mərcan, krinoideya, dəniz kirpisi, ammonit, braxiopoda və b.) rast gəlmir. Krım-Qafqaz vilayətinin pliosen və pleystosen çöküntüləri üçün dreysenziya, didakna, monodaknalar, potamidlər, hidrobilər və s. səciyyəvidir. Daha qədim şorumtul su çöküntülərində cins və növ toplusu başqa olsa da, fərdlərin zənginliyilə yanaşı, növ tərkibinin kasıblığı, xüsuslə müxtəlif formalar törədən qeyri-adi növ dəyişkənliyi qabarıq surətdə özünü göstərir. Şorumtul hövzələr üçün spesifik autigen minerallar, adətən, olmur, lakin bəzi hallarda vivianitlə birlikdə rast gəlinən autigen (az kaliumlu) qlaukonit əmələ gələ bilər (Məs., Kerç dəmir filizi hövzəsi). Normal duzlu dəniz çöküntüləri içərisində stenoqalin formalara (tək və kolonial mərcanlar, dəniz kirpiləri, radiolarialar, ammonoideyalar, belemnitlər və b.) görə müəyyən edilir. Səciyyəvi autigen minerallardan qlaukonit, kalsiumlu fosfatlar, fillipsit qrupu seolitləri, geylandit və başqalarını göstərmək olar. Bu hövzələrdə, delta zonaları müstəsna olmaqla, ikitayqabığlı və qarınayağlı molluskaların şirin su və şorumtul su formaları olmur. Hövzənin duzluluğu artdıqca, fauna növ tərkibi azalır; stenoqalin formalar yox olur və əsasən evriqalin formalar qalır; fauna kompleksi tərkibcə şorumtül su çöküntülərinin orqanizm qalıqlarının kompleksinə yaxın olur. Lakin şorlaşmış su hövzələrinin süxurlarında autigen minerallarının tərkibi tamamilə fərqlənir; qlaukonit, vivianit və az kükürdlü sulfidlər tamamilə yox olur; dolomit və autigen gil minerallardan palıqorsit, sepiolit, bəzən hidromikalar meydana gəlir; duzluluq 5% və daha çox olduqda fauna qalıqları tamamilə yoxa çıxır və duzluluğun yeganə indikatoru autigen minerallar olur. Duzluluq dərəcəsi 5-15% intervalında dolomit; 15-dən 26-27% arasında halit; 27-dən yüksək olduqda kalium duzları çökür. Dolomit mərhələsinin sonunda və sulfat mərhələsinin başlanğıcında əsas autigen (süxur əmələgətirən) minerallara flüorit və selestin, gips mərhələsinin sonunda və halit mərhələsinin əvvəlində (və daha sonra) isə maqnezit əmələ gəlir. Son zamanlar, hövzələrin duzluluğunun indikatoru kimi bəzən gil süxurlarında udulmuş əsaslar, bor, qallium və başqa komponentlərdən də istifadə edilir. Lakin sübut edilmişdir ki, gil çöküntülərinin ilkin lil sularının tərkibi uzunmüddətli postsedimentasion proseslər nəticəsində ciddi dəyişmələrə məruz qaldığından, udulmuş əsaslar kompleksi etibarlı geokimyəvi meyarlar hesab edilə bilməz.