Çöküntütoplanma

Çöküntütoplanma

Çöküntütoplanmanın dövrili­yi kəsilişlərdə eyniadlı və ya yaxın petroqrafik süxur tiplərinin dəfələrlə təkrarıdır. Dövriliyin tipləri və səbəbləri müxtəlifdir. Bunlardan biri sedimentasiyanın mövsümi dəyişkənliyidir, yəni ilin müxtəlif fəsillərində müxtəlif petroqrafik çöküntü tiplərinin çökməsidir. Belə döv­riliyin klassik nümunəsi buzlaqönü göllərin lentvari gilləridir; yay vaxtı buzlağın intensiv əriməsi fonunda daha qaba, payız-qış fəsillərində isə daha incə çöküntülər toplanır. Mövsümi təbəqəlilik humid zonaların şirinsulu göllərində çox tez-tez yaranır və kəsilişdə nazik (mm hissələri və ya bir neçə mm) gah gil və sapropel, yaxud gil və alevrit təbəqələri növbələşir. Mövsümi mikrotəbəqəlilik bəzən dəniz çöküntülərində də müşahidə edilir (müasir Qara dənizin dərinsu və qismən Xəzər dənizinin çöküntüləri). Lakin mövsümi təbəqəlilik, xüsusilə arid tipli, həm dəniz və həm də göl hövzələri (halogenez mərhələsi) üçün səciyyəvidir. Sulfat mərhələsində gilli-karbonatlı təbəqələr karbonatlı-gip­slilərlə növbələşir, belə ki, birincilərin qalınlığı mm hissələri qədər, ikincilərininki isə 1–2 mm olur (Krımda Sak və b. göllər). Halit pilləsində az qalınlıqlı karbonatlı-sulfat təbəqəcikləri (3-5 sm) halit təbəqəcikləri ilə növbələşir (Xəzəryanı çökəkliyin gölləri). Kalium duzlarının sedimentasiya mərhələsində mövsümi ritmlərin quruluşu mürəkkəbləşir. Nazik gilli-karbonatlı sulfat təbəqəsi (mm hissələri) halit təbəqəsi (2-3 sm) ilə örtülür və onun üzərinə isə kalium duzları təbəqəsi çökür. Sonuncu təbəqə bəzən mineral tərkibinə görə 2 hissəyə bölünür (qədim kalium yataqları). Çöküntütoplanmanın dövrili­yi digər tipi flişdir. Fliş ritmi 3 elementdən ibarətdir: fonomer (dənəvər qırıntı süxurlardan ibarət bazal), alevrit-gilli - aralıq və üst – narın gilli (terrigen fliş) və ya karbonat qırıntılı (dənəli), karbonatlı və karbonatlı-gilli, pelitomorf gilli karbonatsız üst element. Çox vaxt ritmin üst elementi sonrakı yuyulma nəticəsində kəsilişdə olmur. Fliş ritminin qalınlığı bir neçə on sm-dən 1,5 m-dək olur və hər bir sonrakı ritm əvvəlkinin yuyulmuş səthi üzərində ya­tır. Fliş qatları onlar və yüzlərlə km məsafədə uzanır, ümumi qalınlığı adətən bir neçə yüz m olur. Fliş ritmliliyi geosinklinal hövzələrdə suspenziya (turbidid) axınları ilə əlaqədardır. Çöküntütoplanmanın dövrili­yinin üçün­cü tipi (paralik) dəniz və qurunun sərhədlərinin dəyişməsi, yəni dənizin çoxsayda təkrarlanan transqressiya və reqressiyaları ilə əlaqədardır. Reqressiya za­manı dibin müəyyən hissəsi (zolağı) sudan çıxır, dibin meyilliyi böyük olduqda zolaq ensiz, kiçik olduqda isə enli olur. Təzə top­lanmış çöküntülər eroziyaya uğrayır, dərələrdə isə allüvial (və delta) çöküntülər çökür. Sonra növbəti məhdud ölçülü transqressiya başlayır və yuyulmuş səth üzərində qeyri-uyğun olaraq kömür və əhəngdaşı ara qatları olan qumlu-alev­ritli və gilli çöküntülər toplanır. Qırışıqəmələgəlmənin tamam­lanma mərhələsində yaranan dağönü çökək­lərin paralik kömürlü hövzələrində (Donbas, Rur, Sileziya, Appalaç, Vorkuta və b.) paralik tip daha aydın təzahür edir. Ritmliliyin paralik tipinə səbəb olan tektonik rejimin xarakteri dəyişkəndir. Bəzi hallarda bu, transqressiya və reqressiya mərhələlərinin eyni cür inkişaf etdiyi adi ehtizazi hərəkətlərdir. Başqa hallarda isə çökəlmə sürətlə baş verir, lakin çöküntütoplanma passiv gedir. Çökəlmə prosesinin əvvəlində və sonunda, intensivli­yindən asılı olaraq, paralik tiplərin quruluşu çox müxtəif olur. Çöküntütoplanmanın dövrili­yi bütün təsvir olunan tipləri regional xarakterlidir.

Yer səthinin bu və ya digər sahəsində çöküntülərin toplanmadığı müxtəlif zaman intervalları; süxur qatlarının bütün kəsilişlərində müşahidə edilir. Çöküntütoplanmada fasilələr qısamüddətli və iri regional qalxma mərhələlərinə uyğun gələn böyük zaman intervallarına (bir neçə dövr, hətta eralar) qədər davam edə bilər. Fasilələr aşınma qabığının olması ilə özünü göstərə bilər və ya əvvəl əmələ gəlmiş çöküntülərin, hətta böyük qalınlıqlı çöküntü qatlarının yuyulması ilə müşayiət edilə bilər. Belə hallarda isə çöküntü qatı daxilində aydın seçilən uyğunsuzluqlar müşahidə edilir. Bəzən fasilə (adətən, qısamüddətli) yuyulma ilə müşayiət olunmur və ancaq çöküntütoplanmanın dayandığını göstərir və çöküntü süxur təbəqəliliyində əks olunur. Qısamüddətli çoxsaylı fasilələr (yuyulmanın olub-olmamasından asılı deyil) üçün Barell (Barrell, 1917) diastem terminini təklif etmişdir. Belə fasilələrin varlığı kəsilişlərin hətta uyğunsuzluq və aydın yuyulma izləri olmayan hissələrində uzun sürən çöküntütoplanma müddətilə çöküntülərin qalınlığı arasında kəskin fərqin olması ilə izah edilir.

Oksidləşmə — reduksiya rejimi

[redaktə | mənbəni redaktə et]

Bir sıra amillərdən asılıdır: a) üzvi maddənin miqdarı; b) qaz rejimi (hidrogen-sulfidlə zəhərlənmənin olub-olmaması); c) müxtəlif dərəcəli aerasiyanı şərtləndirən hidrodinamik rejim; ç) hövzənin dərinliyi; d) çöküntütoplanmanın sürəti (yüksək sürətlərdə üzvi maddə oksidləşməyə macal tapmır). Müasir dənizlərdə 3 tipdə olur. Birinci tip oksigenlə zəngin normal aerasiya olunan hövzələrə uyğun gəlir. Bu halda çöküntüdə həmişə Eh=+50÷+300 mν olan oksidləşmiş paslı-qonur üst plyonka əmələ gəlir; çox vaxt bu zonada Fe-Mn konkresiyaları, qlaukonit olur; plyonkanın qalınlığı bir neçə mm-dən 10–20-30 sm-dək dəyişir. Oksidləşmiş plyonkanın qalınlığı çöküntü daşınıb gətirilən üzvi maddənin miqdarından asılıdır. Üst plonkanın altında Fe sulfidləri, leptoxloridlər və Eh — 100–300 mν olan reduksiya zonası yerləşir. İkinci tip hövzəyə üzvi maddə az daxil olduğundan və bu maddə çox pozulduğundan lillər bütün qalınlığı boyu (15 m-dək) qırmızı-qonur rəngdə (okean dərin su qırmızı gilləri) olur, reduksiya zonası isə olmur. Anomal qaz rejimli dənizlərdə (üçüncü tip), xüsusilə dibyanı sularda H2S varsa, lillərdə oksidləşmə pərdəsi olmur və onlar ən üst hissədən Eh −50–300 mv olan reduksiya zonasını təşkil edir. Birinci və ikinci tip oksidləşmə-reduksiya rejimində, oksidləşmə pərdəsi çox nazik (0,5–2,0 sm) olsa da (Qara dənizdə 150 m az dərinliyədək) çöküntülərdə dib faunası həmişə rast gəlir. Üçüncü tipdə dib faunası olmur. Dib suyunun qısamüddətli (mövsümi) H2S zəhərlənməsi zamanı dib faunası hələ yaşayır, lakin o, zəngin olmayan spesifik formalardan ibarət olur (Azov dənizi). Oksidləşmə — reduksiya rejimlərinin analoji tipləri, çox güman ki, keçmiş geoloji hövzələrdə də mövcud olmuşdur.

Çöküntü materiallarının gətirilməsi və hövzə dibinin çökəlməsi və ya qurunun (qitənin) müəyyən hissəsinin enmə sürəti, çöküntülərin yuyulması və digər proseslərin intensivlik nisbətindən asılıdır. Ən böyük çöküntütoplanmanın sürəti dağətəyi sahələrin müasir çöküntülərində müşahidə edilir (ildə bir neçə m-dək). İri çayların deltalarında çöküntütoplanmanın sürəti yüksək olur. Çöküntütoplanmanın sürəti müasir deltaönü sahədə ildə 1 mm, turbidit axınları inkişaf edən rayonlarda ildə 0,5 mm, okeanların mərkəzi hissələrində isə 1000 ildə 1–10 mm təşkil edir. Belə hesab edirlər ki, çöküntülərin qalınlığının epoxanın davamiyyətinə bölünməsindən alınan çöküntütoplanmanın sürəti qiyməti yalnız təqribi olacaqdır, çünki bu zaman süxurların sıxlaşması və izotop yaşın təyinində olan xətalar nəzərə alınmır. Belə bir fikir də mövcuddur ki, çöküntütoplanmanın sürəti tektonik çökəlməni səciyyələndirən əsas kriterilərdən biridir. Lakin, bu göstərici yalnız kompensasion çökəkliklərə tətbiq edilə bilər. Çöküntütoplanmanın sürəti çöküntü süxurların tekstur və autigen mineralogiyasında əks olunur. Çəplaylı teksturlar adətən çöküntütoplanmanın sürəti böyük olduqda, horizontallaylılar isə kiçik olduğu hallarda formalaşır. Qədim relikt dəniz dibi çöküntütoplanmanın sürəti sıfra bərabər olduğunu göstərir. Yuyulma axınlarının təsiri altında çöküntütoplanmanın çox ləng getməsini göstərən mühüm əlamət qlaukonitfosforitlərin olmasıdır. Lilyeyənlərin izlərinin olması çöküntütoplanmanın yavaş getməsini göstərən əlamətlərdəndir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.