Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı — elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir.
ETN-nin Yüksək Texnologiyalar Parkı | |
---|---|
Yaranma tarixi | 8 noyabr 2016 |
Baş direktor | Nihat Məcidov |
ytp.az |
AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı ilə yaradılmışdır. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsini həyata keçirən idarəedici təşkilat AMEA-nın tabeliyində yaradılan dövlətə məxsus hüquqi şəxs "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-dir.
26 noyabr 2024-cü il-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.[1]
YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir.[2]
AMEA Yüksək Texnologiyalar Parkı yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr qurur. Park həm də innovativ biznes ideyası olan gənc startapçılar və universitetlərlə əməkdaşlıq edir. Texnologiyalar Parkı hazırda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.[3]
Bu müəssisə yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir. Həmçinin, Park texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları ilə sıx əlaqədədir.