Eksperimental pedaqogika

Eksperimental pedaqogika XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi AvropadaABŞ-də yayılmış pedaqoji cərəyanlardan biri.

Haqqında[redaktə | mənbəni redaktə et]

Eksperimental pedaqogika qarşısında uşağı eksperimentlər əsasında öyrənmək məqsədini qoymuşdur. Eksperimental tədqiqatlarda uşaq psixologiyasını dərindən öyrənmək və buna əsasən də riyazi dəqiqliklə onun alacağı tərbiyənin məzmununu müəyyənləşdirmək zərurəti əsaslandırılırdı. Tədqiqatçılar uşağı və onun davranışını öyrənməyə səy göstərirdilər.

Eksperimental tədqiqatlarda test üsulundan da istifadə edilir: bu, sual və məsələ şəklində düzəldilmiş tapşırıqlar idi. Tədqiqat zamanı uşaq psixologiyası və fiziologiyasının, eyni zamanda sosiologiyanın elmi nailiyyətlərindən və faktlarından geniş istifadə olunurdu. Alman pedaqoqu İ.Kerçmarın “Fəlsəfi pedaqogikanın sonu” kitabında fakt kultu ön plana çəkilirdi.[1] Fransız pedaqoqu Pol Lapi də pedaqoji tədqiqatlarda psixologiyanın nailiyyətlərindən istifadəni zəruri sayırdı. O yazırdı ki, əgər əvvəllər pedaqogika ya metafizik fərziyyələr, ya da ədəbi roman olmuşdursa, psixologiya elminin nailiyyətlərindən istifadə etməklə öz mövzusunu müəyyənləşdirdi. Psixologiya təfəkkürün və qabiliyyətin müxtəlif növlərini üzə çıxararaq şagird şəxsiyyətinin fərdi keyfiyyətlərini açıqladı ki, bu da pedaqogika elmi üçün dəyərli töhfə oldu. O, qavramanın 3 növünü fərqləndirir, buna uyğun da 3 növ təlim üsulunu təklif edirdi.

Eksperimental pedaqogikanın tanınmış nümayəndələrindən biri də V.A.Lay idi. Biologiyanı əsl elm hesab edən Lay pedaqogikanı da biolojiləşdirməyə çalışırdı. Onun fikrincə, bütün orqanizmlər xaricdən olan qıcıqlanma – cavab hərəkəti, yaxud reaksiya əmələ gətirir. Bu reflektor əməliyyat belə bir sxem üzrə qurulur: qavrayış-işləmə-ifadə. Lay bu sxemi tərbiyə və təlim prosesində də tətbiq edirdi. Layın fikrincə, bu proses şagirdlərə təsirlərdən və bu təsirlərin cavabından ibarətdir. Tərbiyənin əsasını fitri və qazanılmış reaksiyalar təşkil edir. O, təsdiq edirdi ki, uşaq maraqları öz-özünə əmələ gələn reflekslərin əsasında formalaşır. Buna uyğun olaraq o, tərbiyə prosesini uşağın özünün fəaliyyəti ilə əlaqələndirirdi.

Layın nəzəriyyəsi “hərəkət pedaqogikası”, “hərəkət məktəbi” adını almışdır. Lay əməyi tədris planına bir fənn kimi daxil etmir, onu tədrisin prinsipi hesab edirdi. Onun fikrincə, dini məktəbdən çıxarmaq ruhu bədəndən çıxarmaq deməkdir. Alfred Bine hər şeydən əvvəl, uşağın irsi xüsusiyyətlərinə istinad etməyi zəruri sayırdı. O tərbiyə prosesində pedaqoji nümunəyə o qədər də əhəmiyyət vermir, əksinə, ciddi cəza sistemini məqsədəuyğun sayırdı.

Eksperimental pedaqogika

Eksperimental pedaqogika nümayəndələri fitri əqli istedad nəzəriyyəsini irəli sürdü. Bu nəzəriyyə İngiltərədə, Fransada, xüsusilə də ABŞ-də çoxlu tərəfdarlar qazandı. Fitri əqli istedadı müəyyənləşdirməyin əsas üsulu intellektual testləşdirmədir. İntellekt testləri nə qədər geniş yayılsa da, həmin testlərin fitri istedadı üzə çıxara bilməsinə şübhə ilə yanaşanlar da vardı. Fransız pedaqoqu və psixoloqu Anri Vallon söyləmişdi: “Fitri qabiliyyətlərin testlə yoxlanılması uşaqların qeyri-bərabər imkanlara və təhsil almağa məhkum olmaq təhlükəsini yaradır” Alman eksperimental pedaqogikasının görkəmli nümayəndələrindən biri Ernst Meymandır. O, uşağın hərtərəfli öyrənmək məqsədilə pedaqogikadan, anatomiyadan, fiziologiyadan alınan məlumatları birləşdirməyi vacib hesab edirdi. Amerikada eksperimental pedaqogika geniş yayılmışdı. Orada onun ən görkəmli nümayəndəsi Eduard Torndayk olmuşdur. Torndayk eksperimental pedaqoji işi testlərlə eyniləşdirərək iki tip testlər müəyyən etmişdir:

İstedad və müvəffəqiyyət testləri[redaktə | mənbəni redaktə et]

Qabaqcadan müəyyən edilmiş müvafiq istedad göstəriciləri əsasında uşaq bu və ya digər qrupa daxil olur, müvəffəqiyyət testləri isə müəyyən fənn üzrə uşağın istedad dərəcəsini göstərir. Lakin bütün məhdud cəhətlərinə baxmayaraq, eksperimental pedaqogika uşağı öyrənmək sahəsində irəliyə atılmış bir addım idi.

Eksperimental pedaqogika əsasında pedalogiya meydana çıxdı və Qərbi Avropadan Rusiyaya da keçdi. Sonralar isə 1936-ci ildə pedalogiya Sovet məktəbindən aradan qaldırıldı. Pedaloqların fikrincə, uşağın taleyi irsiyyətdən və az hissə də mühitdən asılıdır. İki pedaloqun eyni yaşlı uşaqlar üzərində apardıqları eksperimentlər müxtəlif, bir-birinə zidd nəticələr verirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Zərifə Əliyeva. Pedaqogika (Azərbaycan dili). I. Bakı: Kitab yurdu. 2004.