Ekstremal ütüləmə və ya qısaca EÜ – insanların ekstremal yerlərdə paltar ütüləməyə çalışdıqları ekstremal idman növü. Ekstremal Ütüləmə Bürosuna görə bu idman növü dünyada ən təhlükəli idman növlərindən biridir.[1]
Medianın ekstremal ütüləməyə olan marağının səbəblərindən biri də ekstremal ütüləmənin həqiqətən idman növü olub-olmadığı məsələsidir.[2]
Ekstremal ütüləmə dağlıq ərazilərdə, meşədə, heykəllərin üstündə, küçənin ortasında, magistral yolda, suyun dibində, donmuş gölün buz təbəqəsinin altında kimi yerlərdə yerinə yetirilə bilər. Hətta paraşütlə tullanaraq və xizək sürərək ekstremal ütüləmə edən şəxslər də var.[3][4][5]
Ekstremal ütüləmə Tom Hayam tərəfindən 1980-ci ildə İngiltərədə yerləşən Yorkşir Deyls Milli Parkında ixtira edilmişdir. O, bacanağı Con Sleyterin düşərgə çadırında ütüləməyə davam etməsindən ilhamlanmışdır. 1990-cı ilə kimi Toni ütü və ütü stolunu özü ilə daşıyaraq qəribə yerlərdə ütüləmə ilə məşğul olmuşdur. İdman növü ilə məşğul olanların çoxu isə hesab edir ki, ekstremal ütüləmə ilk dəfə 1997-ci ildə İngiltərənin Lester şəhərində Fil Şou tərəfindən başladılmışdır. Şou həmin dövrdə Lesterdə bir fabrikdə işləyirdi və ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirdi.[6] Bir gün alpinizmlə məşğul olmağa gedən Şounun ağlına bu iki fəaliyyəti birləşdirmək gəlmiş və yeni idman növü yaratmışdır. 1999-cu ildə o, beynəlxalq səfər çıxaraq yeni idman növünü tanıtmışdır. Bu səfər zamanı ABŞ, Fici, Yeni Zelandiya, Avstraliya və CAR-ı ziyarət etmişdir. Yeni Zelandiyada alman turistlərlə qarşılaşması Beynəlxalq Ekstremal Ütüləmə və Alman Ekstremal Ütüləmə Şöbəsi təşkilatlarının yaranmasına səbəb olmuşdur. 2003-cü ildə Britaniyanın Channel 4 kanalı tərəfindən "Ekstremal ütüləmə: Zəfər üçün basmaq" adlı sənədli film yayımlanmışdır.
2003-cü ildə britaniyalılar Con Roberts, Ben Qibbons və Kristofer Cousey Everest baza düşərgəsindən yüksəkdə Britaniya bayrağını ütüləyərək idman növü üçün yüksəklik rekordu müəyyənləşdirmişdilər.[7]
28 mart 2011-ci ildə Hollandiyanın Oss şəhərində 173 dalğıc eyni anda sualtında ütüləyərək yeni rekord qırmışdırlar.[8]
2018-ci ildə dalğıc Roland Pikkoli İtaliyada dünyanın ən dərin hovuzunun 42 metr dibində köynək ütüləmişdir.[9]
The idea, which combines the thrills of an extreme sport with the satisfaction of a well-pressed shirt, is thoroughly explained in this tongue-in-cheek manual...