Elçin Əliyev (Əliyev Elçin Həmzə oğlu; 1 fevral 1963, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru.
Elçin Əliyev | |
---|---|
Əliyev Elçin Həmzə oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | professor |
Əliyev Elçin Həmzə oğlu 1963-cü il fevralın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1986-cı ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "siyasi iqtisad" ixtisası üzrə bitirib, iqtisadçı, iqtisadi fənlər müəllimi ixtisasına yiyələnib. 1986–1989-cu illərdə E. Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat tarixi kafedrasının müəllimi işləyib. 1989–1991-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasında oxuyub və təhsilini başa vurduqdan sonra "XX əsrin ilk 30 ilində Avropa sosial-demokratlarının və sovet iqtisadçılarının əsərlərində imperializmin əsas xarakteristikası" mövzusunda dissertasiya müdafiə edib. Sonra Azərbaycan İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) siyasi iqtisad kafedrasında işləyib.[1]
1994–1998-ci illərdə E. Əliyev Azərbaycan Sahibkarlıq və Hüquq İnstitutunun iqtisadiyyat kafedrasının baş müəllimi olub. 1998-ci ildə onu Sankt-Peterburq Dövlət Universitetinə iqtisadiyyat tarixi və iqtisadi təfəkkür kafedrasında dosent vəzifəsinə dəvət ediblər.
1999-cu ildə E. Əliyev "Ümumrusiya bazarı strukturunda "Milli ucqar bazarların" yaranma əsasları (Azərbaycanın nümunəsində: 1810–1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Bu iş Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edildiyi vaxtdan 1917-ci ilin oktyabr ayınadək bazar iqtisadiyyatının formalaşma tarixini əks etdirən ilk cəhdlərdən biridir.
E. Əliyev 2005-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun hüquq fakültəsini qiyabi bitirib. 2004-cü ildə ona professor elmi adı verilib. Universitetin Elmi və İxtisaslaşdırılmış Doktorluq Şurasının üzvüdür. Onun rəhbərliyi altında 3 elmlər doktoru və 8 elmlər namizədi hazırlanıb.