Elçin Atakişiyev

Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 196811 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı.

Elçin Atakişiyev
Elçin Arif oğlu Atakişiyev
Təxəllüsləri Şair, Meyxananın Kralı
Doğum tarixi
Doğum yeri Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (25 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti meyxanaçı, şair

Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin. Qardaşı Şahin zərb alətləri ifaçısı idi. Qardaşı Elçinlə birlikdə el şənliklərinə gedib onu müşayiət edərdi.

Elçin kitab oxuyub savad artırmağı çox sevərdi. Gecələri qaranlıq otaqda şam işığında oturub kitab oxuyardı. Şeir-Qəzəl yazardı. Elçin el şənliklərinə dəvət olunduğu üçün insan adlarının mənasını kitablardan öyrənərdi. Qardaşı Şahin ondan soruşanda ki, "Bunlara niyə vaxt ayırırsan?", Elçin cavab olaraq – "Çünki mən meyxanaçıyam, məndən hər bir insan dediyim sözün və çəkdiyim adların mənasını soruşa bilər" – deyərək cavab vermişdir. Elçin həm də ədəbiyyata çox nəzər salardı, meyxana sənətinin sirlərini kəşf edərdi. Bir çox şeir-qəzəl və mahnıların müəllifidir. Bu gün də Elçinin mahnılarını müğənnilər, qəzəllərini isə xanəndələr sevə-sevə ifa edirlər.

Onun könül oxşayan avazlı səsi var idi. Meyxana meydanındakı bir-birindən mənalı meyxanaları Elçinin qısa zaman ərzində şöhrət qazanmasına səbəb oldu. Azərbaycanın müxtəlif bölgələrinə dəvətlər alaraq xalqın ürəyinə yol tapdı.

1992-ci ildə Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilinin rəhbərliyi ilə keçirilən Respublika Meyxana Müsabiqəsində Elçin öz istedadı və mənalı meyxanaları ilə birinci yerin qalibi olur. Buna görə də Elçinə rəsmi olaraq pul mükafatı təqdim olunur.

Elçinin ən çox tanınıb-şöhrət əldə etdiyi illər 1990–1994-cü illər olmuşdur. O dövrdə Elçinin 22-25 yaşlarında olmasına baxmayaraq Elçin dövrünün ən çox sevilən meyxana ustadlarından biri idi. Elçin Ağasəlim Çıldağ, Molla Məmməd, Nizami Rəmzi, Bayram Kürdəxanılı, Kərim, Ağamirzə, Məşədibaba, Namiq Məna, Vüqar Əbdülov və digər meyxana ustadları ilə birlikdə el şənliklərində, televiziya-radio efirlərində və konsertlərdə meyxanalar demişdir.

Yaşadığı Maştağa kəndində onu Şair deyərək çağırardılar. Elçin meyxana sənətinin sütunlarından biri sayılır.

11 fevral 1994-cü ildə yaxın dostu Məşədibaba ilə arasında baş vermiş mübahisə zamanı, Məşədibaba tərəfindən bıçaqla yüngül yaralanmışdır. Xəstəxanaya gec çatdırıldığı üçün normadan artıq qan itirərək dünyasını dəyişmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Şair haqqında məlumat [1]