Elşən Mustafaoğlu

Elşən Mustafa oğlu Mustafayev (d. 8 noyabr 1974-cü il, Bakı ) - İslam mütəfəkkiri, ilahiyyatçı-alim, fəlsəfə doktoru, elm və ictimaiyyət xadimi, sabiq vicdan məhbusu.

Elşən Mustafaoğlu
Mustafayev Elşən Mustafa oğlu
Doğum tarixi (49 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı şəhəri
Uşaqları 2 qızı, 1 oğlu var.
İxtisası İlahiyyat, fəlsəfə tarixi
Təhsili

İran Beynəlxalq Universitetinin Humanitar Elmlər Fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası;

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Fəlsəfə tarixi” ixtisası üzrə aspirantura;

Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə fəlsəfə doktoru (PHD)
Fəaliyyət illəri 1998-ci ildən etibarən

Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub.[1]

İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.

1991-1993-cü illərdə Futurologiya İnstitunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb.

1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində "ilahiyyat pedaqogikası və İslam maarifi" ixtisası üzrə ali təhsil alıb.

1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.

10 fevral 2007-ci il tarixdə Bakı Dövlət Universitetində "fəlsəfə tarixi" ixtisası üzrə dissertasiya işi müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

1999-cu ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı olub, 2012-ci ilədək həmin İnstitutun "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb və institutun "Şərq fəlsəfəsi problemləri" jurnalının məsul katibi olub.

2001-ci ildən "Mənəvi Saflığa Dəvət" ictimai birliy inin sədri, 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər bölməsinin koordinatoru olub.

2005-ci ildən "Yeni Şərq" Elmi Araşdırmalar Mərkəzinin direktorudur. Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında gənclər siyasəti haqqında" proqramı üzrə ixtisasartırma kursu keçib.

2006-cı ildə USAİD-in dəvətilə "İcma Əlaqələri" layihəsi çərçivəsində ABŞ-nin Dallas şəhərində 3 həftəlik treninq-kurslarda iştirak edib. Həmin ildən Dallas şəhərinin fəxri vətəndaşıdır.

2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub.

2007-ci ildə ANS TV-ə "Allah haqqı" verilişinin aparıcısı olub.

2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin "Azərbaycan-Amerika Media Akademiyası"nın direktoru olub.

2009-2010-cu illərdə ilahiyyat elmləri sahəsində İranda fundamental akademik araşdırmalar aparıb.

2012-2014-cü illərdə Norveç Krallığında elmi layihə çərçivəsində elmi fəaliyyətlə məşğul olub.

2014-cü ilin avqust ayından həmin ilin 16 dekabr tarixinədək Qafqaz Müsəlmanları İdarəsində Sektor müdiri vəzifəsində çalışıb.[2]

Elşən Mustafaoğlu 19 dekabr 2014-cü ildə 4 gün MTN-də saxlandıqdan sonra barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, daha sonra 10 il müddətinə həbs cəzasına məhkum edilib. O, 25 ay MTN-in təcridxanasında qapalı şəraitdə, daha sonra 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb.[3]

İlahiyyatçı-alim 7,5 il həbsdə saxlanıldıqdan sonra, 23 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə həbs müddətinin başa çatmasına 2,5 il qalmış vaxtından əvvəl azadlığa buraxılıb.[4][5][6]

Ailənin tək övladı olmuş Elşən Mustafaoğlu 9 yaşında ikən anasını, daha sonralar da atasını itirib. Ailəlidir, 2 qızı, 1 oğlu var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elşən Mustafaoğlunun elmi araşdırmaları dairəsində Quranşünaslıq, tarix, fəlsəfə, hədis elmi, fiqh, müxtəlif dini-ideoloji cərəyanların nəzəriyyələri, dinlərarası münasibətlər, habelə mənəvi kateqoriyalar, ruhi-psixoloji fenomenologiya, intellektin inkşafı və s. kimi sahələr aiddir. Öz yazıları və mühazirələrilə mənəvi dəyərləri təbliğ etməklə bərabər, dini radikalizm və ekstremizmə qarşı, xurafat və mövhumat əleyhinə çıxış etmişdir.

Qurani-Kərimin məşhur "Təfsir əl-Mizan" adlı təfsirinin iki cildinin və bir neçə digər əsərin Azərbaycan dilinə mütərcimi, 100-dən çox elmi, publisistik və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Rusiya, Almaniya, Norveç, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

Ana dili olan Azərbaycan dililə yanaşı, rus, türk, fars, tacik, ərəb və ingilis dillərini bilir.

  1. "Elşən Mustafaoğlu kimdir?". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  2. "Qafqaz Müsəlmanları İdarəsi". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  3. "Elşən Mustafaoğlu həbs". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-27.
  4. "Elşən Mustafaoğlu azadlıq". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-27.
  5. "Теолог Эльшан Мустафаоглу освобожден досрочно в Азербайджане". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-27.
  6. "Theologian Elshan Mustafaoglu released earlier in Azerbaijan". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]