Elşad Miri

Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur.

Elşad Miri
Doğum tarixi (45 yaş)
Doğum yeri Yevlax şəhəri, Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti İlahiyyatçı
elshadmiri.com

Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb.[1]

1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib.[1]

Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.[1] Daha sonra 6 ay elmi araşdırmalar üçün Böyük Britaniyada səfərdə olub. Həmin illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışıb.

2001-ci ildən mətbuatda dini məzmunlu yazılarla çıxış etməyə başlayıb. Müxbir kimi başladığı "Ekspress" qəzetindən başqa, ölkənin müxtəlif KİV-ində elmi və publisist məqalələr və köşə yazıları qələmə alıb. 2005-2006-cı illərdə "Yeni Hikmət" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 2006-2007-ci illər ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Baş məsləhətçi vəzifəsində işləyib.[1] Həmin vaxt təsis olunan "Dövlət və Din" jurnalının məsul katibi vəzifəsini yerinə yetirib. 2007-ci ildə "İrşad" İslam Araşdırmaları Mərkəzində mütəxəssis kimi fəaliyyət göstərib. 2006-cı ildə fəaliyyətə başlayan www.islam.com.az və www.din.az internet saytının təsisçisi və baş redaktorudur. 2006-cı ildən 2010-cu ilə kimi davam edən İnternyus İB-nin layihəsi əsasında çəkilən "Müasir Cəmiyyət və İslam" adlı verilişin aparıcısı olub.[1]

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən çap olunmuş 4 kitabı və İran İslam Respublikasında çap olunmuş bir tərcümənin müəllifidir. Bundan başqa, tərcümə etdiyi 20-dən artıq kitab Azərbaycanda və Türkiyədə çap olunub. Səsləndirdiyi və tərcümə etdiyi 60-dan artıq sənədli film var. Bu günə kimi 300-ə yaxın elmi və publisist məqalələri çap olunub.[1] Azərbaycanın, İranın və Türkiyənin müxtəlif qəzet, jurnal, radio və televiziya kanallarında yüzə yaxın müsahibələri olub. Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Almaniya, İngiltərə, Şotlandiya, Avstriya, Belçika, Hollandiya, Fransa, İspaniya, Yunanıstan, İsveçrə, Banqladeş, Hindistan, Çeçenistan, İsrail, Fələstin, İordaniya, BƏƏ, Qətər, Suriya, İsveç, Finlandiya, Latviya, Estoniya, Norveç, Danimarka, İtaliya, Vatikan, Ukrayna, Səudiyyə Ərəbistanı, Gürcüstan kimi ölkələrdə olub, layihə və konfranslarda iştirak edib. Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) birgə layihəsi çərçəvində 4 il ölkənin müxtəlif şəhər və rayonlarında konfranslarda əsas məruzəçi olaraq çıxışlar edib.[1]

Aylıq nəşr olunan "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktoru olub.[1] Hazırda Media Təqib Mərkəzinin və a24.az saytının direktorudur.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Evlidir, dörd övladı var.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 "Elşad Miri kimdir?". 2015-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]