Heydər Əliyev Fondu — qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Fond Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmışdır.
Heydər Əliyev Fondu | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 10 may 2004 |
Mərkəzi | Bakı, Niyazi küçəsi, 5 AZ 1000 |
Qurucusu | |
Prezident | Mehriban Əliyeva |
Vitse-prezident | Leyla Əliyeva |
heydar-aliyev-foundation.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Fondun rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası birinci vitse-prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.
Heydər Əliyev Fondunun məqsədlərinə Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, Azərbaycan xalqının maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək daxildir.
Heydər Əliyev Fondunun loqosu səkkizguşəli ulduzun içərisində Heydər Əliyev inisiallarının "H. Ə" əmələ gətirdiyi səkkizguşəli ulduzdan ibarətdir. İnisialları əhatə edən səkkizguşəli ulduz Azərbaycan xalqının Heydər Əliyevin ideyaları ətrafında birləşməsini göstərir.
Loqoda iki rəng qəbul edilmişdir: göy və qızılı. Göy rəng səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi, milliliyi göstərir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı gələcək simvoludur. Hər iki rəng Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir.
Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramını[1], "Yeniləşən Azərbaycana yeni məktəb"[2] və "Təhsilə dəstək"[3] layihələrini həyata keçirir.[4][5][6]
2005–2014-cü illər ərzində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuş, "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.[7][8]
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq Fond 2014-cü ildə "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirməyə başlayıb. Proqramda müəssisələrin təmiri, yeni binaların inşası, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı müəssisələrin aidiyyəti üzrə istifadəyə verilməsinin təmin edilməsi və digər məsələlərin həlli nəzərdə tutulur.[9]
Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda[10][11][12], Rumıniyada, Rusiya Federasiyasında[13] bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.
2013-cü ildə ABŞ-nin Merilend ştatında yerləşən məktəblərə[14] interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz[15] yenidən qurulmuşdur.
Təhsil müəssisələrinin dərs vəsaiti və müxtəlif ədəbiyyatla təchizatına xüsusi önəm verir. Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə ilk dəfə olaraq Azərbaycan dilində müxtəlif fənlər üzrə hazırlanan plakatların hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir.[16]
Heydər Əliyev Fondu hər il "Təhsilə dəstək" layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.
Fond məktəblilərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması məqsədilə olimpiadalar təşkil edir, mütəmadi olaraq xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini həyata keçirir.
Heydər Əliyev Fondu əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak etməyə çalışır. 2004-cü ildən Fond Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini[17][18] həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.
Talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə[19][20] start verilmişdir. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilmişdir.[21]
Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. Fondun dəstəyi ilə indiyədək 35 mindən çox insan yerli klinikalarda müalicə edilmiş, 8 minə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunmuş, onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilmişdir.
Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Belə ki, fond tərəfindən 2006-cı ildə Türkan qəsəbəsində poliklinikanın və təcili tibbi yardım stansiyasının inşası, Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri[22], Ucar rayonunun Qazıqumlaq kəndində Akademik Zərifə Əliyeva adına Xəstəxananın əsaslı bərpası, 2008-ci ildə Zirə Müalicə Diaqnostika Mərkəzinin yenidən qurulması[23], Qala qəsəbəsində ilk xəstəxananın — 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının filialının inşası[24], 2009-cu ildə Bakıda Psixonevroloji Uşaq Mərkəzinin inşası[25], Talassemiya Mərkəzinin inşası , "Təbəssüm" uşaq sanatorisinin əsaslı təmiri və yenidən qurulması, 2011-ci ildə Pirşağı qəsəbəsindəki 34 nömrəli Şəhər Səhiyyə Kompleksinin yenidən qurulması[26], Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşası[27], Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzinin əsaslı təmiri[28], Mərdəkan qəsəbəsində Səhiyyə Nazirliyinin Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının əsaslı təmiri[29], 2013-cü ildə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin yenidən qurulması, Türkan qəsəbəsində yeni poliklinikanın inşası[30] həyata keçirilmişdir
"Fresenius Medical Care", "Karl-Storz", "Servier" kimi nüfuzlu şirkətlər, həmçinin Yunanıstanın Azərbaycan səfirliyi tərəfindən Fonda bağışlanmış müasir tibbi avadanlıq və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrinə təqdim edilmişdir.[31]
Fond səhiyyə sahəsindəki fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycandan kənarda da layihələr həyata keçirir. 2008-ci ilin aprelində Heydər Əliyev Fondu Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərmişdir. 2010-cu ilin dekabrında Heydər Əliyev Fondu tərəfindən Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım maşını hədiyyə edilmişdir. 2012-ci ilin aprelində Pakistanın Heybər-Paxtunxva əyalətinin Qazni Laki Marvat şəhərində yerləşən qadınlar və uşaqlar xəstəxanasında 4 nəfər imkansız xəstənin ürəyində cərrahiyyə əməliyyatı aparılmış, "Edhi Home" xeyriyyə fondunun İslamabadda yerləşən kimsəsizlər evindəki uşaqlara tibbi baxış keçirilmiş və hepatit B virusuna qarşı peyvəndlər edilmişdir. Ümumilikdə, 2012-ci ilin aprel- iyun aylarında Pakistanın müxtəlif bölgələrində 30 mindən çox imkansız insan Hepatit B virusuna qarşı üçmərhələli peyvənd edilmişdir. 2012-ci il iyunun 14-də, Beynəlxalq donorlar günündə, Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondu tərəfindən xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi təqdim olunmuşdur. 2012-ci ilin iyununda Peşəvər şəhərində imkansız xəstələrin müalicəsini həyata keçirən göz xəstəxanasının yeni korpusunun tikintisi və göz xəstəliklərindən əziyyət çəkən 120 nəfər imkansız xəstənin əməliyyat olunması üçün maliyyə yardımı edilmişdir.[32]
Azərbaycanda fondun dəstəyi ilə 2005-ci ildə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması[33], Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpası[34], Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, 2007-ci ildə Mərdəkan Mədəniyyət Sarayının yenidən qurulması[35], 2008-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması[36], Gəncə qapılarının ilkin şəkildə qurulması[37], Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulması[38], Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşası[39], Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası[40], 2009-cu ildə Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşası[41], Bakı Müasir İncəsənət Muzeyinin yaradılması[42], 2010-cu ildə Xəzər rayonunun Türkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzlərinin inşası, 2011-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin yaradılması[43], 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin inşası[44], Məhsəti Gəncəvi Mərkəzinin inşası[45], Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası həyata keçirilmişdir.
Fondun xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətinə 2006-cı ildə Gürcüstanın Tiflis şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin — Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası[46], 2008-ci ildə Luvr Muzeyinin bərpası[47], 2011-ci ildə İkinci Dünya Müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası[48], 2012-ci ildə Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası[49][50], Moskvada M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması[51], Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması[52], 2013-cü ildə Romada Kapitolini Muzeyinin "Filosoflar zalı"nın təmirini[53] misal göstərmək olar.
Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafı və təbliği, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur.
2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə muğam müsabiqəsi keçirilmişdir. Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2007, 2009, 2011 və 2013-cü illərdə də muğam müsabiqələri təşkil olunmuşdur. Müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılmışlar.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə 2007–2012-ci illərdə Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalları[54], 2009, 2011 və 2013-cü illərdə "Muğam aləmi" Beynəlxalq Muğam Festivalları[55], 2009–2013-cü illərdə Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalları[56] keçirilmişdir.
2010-cu ilin oktyabr ayında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi olmuşdur. Fond "2012 Avroviziya Mahnı Müsabiqəsi"nin Təşkilati Tərəfdaşı olmuşdur.[57]
1945-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş "Arşın mal alan" filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan Hollivudda bərpa edilərək rəngli formatda hazırlanmışdır. Filmin premyerası 10 dekabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2022-ci il mayın 12–14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilib. V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu tərəfindən təşkil olunub. Festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak ediblər.
Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Vətən süitası" ilə başlayıb. Konsertdə Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev, Səbinə Ərəbli, Xalq artisti Polad Bülbüloğlu, Türkiyənin Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı, Malinin Şeyx Tidiane Sek etnocaz qrupu, Melitassi Gürcü Folklor Rəqs Ansamblı, Tunisin "Yuma" dueti və Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı çıxış ediblər.
Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.[58]
Heydər Əliyev Fondu bir sıra incəsənət festivalları və sərgilərinin təşəbbüskarı və təşkilatçısıdır. Bu tədbirlər həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda təşkil olunur.
"Mən Azərbaycanı sevirəm" adlı rəsm sərgisi — 2004-cü ilin sentyabrında uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən təşkil olunmuş sərginin məqsədi hamının diqqətini qayğıya daha çox ehtiyacı olan uşaqlara yönəltmək idi.[59]
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə 2010–2014-cü illərdə "Qız qalası" Beynəlxalq İncəsənət Festivalları keçirilmişdir. Festival iştirakçıları Qız qalası maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adətənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilmişdir. Eyni zamanda, festivalda nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə IDEA ekoloji kampaniyası çərçivəsində ceyran maketləri hazırlanmışdır.[60]
Qala Festivalı — Azərbaycan xalqının zəngin tarixi keçmişini, qədim məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədilə 2010 və 2014-cü illərdə Qala Dövlət Tarix Etnoqrafya Qoruğunun ərazisində Qala Festivalı keçirilmişdir.[61]
"Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi — 2011-ci ilin iyulunda Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində keçirilmiş sərgidə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların və iş adamlarının çəkdiyi 90-dan çox rəngli və ağ-qara fotoşəkillər nümayiş etdirilmişdir. Sərginin maraqlı cəhəti ondan ibarət idi ki, burada yalnız xarici vətəndaşların öz fərdi kolleksiyalarında olan həvəskar fotoşəkillər nümayişə çıxarılmışdır.[62]
Bakıda "Fransa inciləri" sərgisi — 2012-ci ilin martında Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Fransa inciləri" mövzusunda sərgi açılmışdır. Sərgidə Fransa mədəniyyətini əks etdirən 400-dək nadir əsər nümayiş etdirilmişdir.[62]
"Afrovision — Afrikadan müasir incəsənət" sərgisi — 2012-ci ilin mayında Bakıda, Müasir İncəsənət Muzeyində "Afrovision — Afrikadan müasir incəsənət" sərgisinin açılışı olmuşdur. Ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunmuşdur.[63]
"Tullantıdan sənətə" adlı beynəlxalq sərgi — 2012–2014-cü illərdə Heydər Əliyev Fondunun, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə Qala Dövlət Tarix Etnoqrafya Qoruğunda "Tullantıdan sənətə" adlı beynəlxalq sərgi keçirilmişdir. Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişindən çəkindirməkdir. Sərgidə məişət tullantılarından hazırlanmış müxtəlif sənət nümunələri nümayiş etdirilmişdir.[64]
Bakıda "Christie’s" hərrac evinin ilk sərgisi — 2012-ci ilin sentyabrında dünyanın məşhur "Christie’s" hərrac evi Heydər Əliyev Fondu və "YARAT!" Müasir İncəsənət Məkanı ilə birlikdə Azərbaycanda ilk sərgisini təşkil etmişdir. "Christie’s"in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatların təqdim edildiyi sərgidə həmçinin "Christie’s"in kolleksiyasına daxil olan XVIII əsrə aid Qarabağ xalçası da nümayiş olunmuşdur.[65]
"Üz-üzə" adlı portret sərgisi — 2012-ci ilin oktyabrında Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondu, Müasir İncəsənət Muzeyi və "Statoil" şirkətinin birgə layihəsi çərçivəsində "Statoil"un Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyi münasibətilə onun incəsənət kolleksiyasından olan müasir əsərlərdən ibarət "Üz-üzə" ("Face to Face") adlı portret sərgisi keçirilmişdir. Sərgidə 10 müxtəlif ölkəni təmsil edən 16 fotoqraf, heykəltaraş və rəssamın 63 əsəri nümayiş etdirilmişdir.
"Bacarıqlı əllərin böyük işləri" adlı sərgi — 2013-cü ilin yanvarında Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Bakının Nizami rayonunda yerləşən 1 nömrəli uşaq evi sakinlərinin əl işlərindən ibarət "Bacarıqlı əllərin böyük işləri" adlı sərgi təşkil olunmuşdur.
Endi Uorholun əsərlərindən ibarət "həyat, ölüm və gözəllik" mövzusunda sərgi — 2013-cü ilin iyununda Heydər Əliyev Fondunun və Endi Uorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Uorholun əsərlərindən ibarət "Həyat, ölüm və gözəllik" mövzusunda sərgi keçirilmişdir. Sərgidə rəssamın 100-dək əsəri və qısa filmləri nümayiş etdirilmişdir.
"Ev, doğma ev" sərgisi — 2013-cü ilin aprelində "YARAT!" Müasir İncəsənət Məkanı Heydər Əliyev Fondu ilə birlikdə Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş "Ev, doğma ev" ("Home, sweet home") mövzusunda sərgi təşkil etmişdir. Sentyabr-oktyabr aylarında isə sərgi Bakıda Müasir İncəsənət Muzeyində keçirilmişdir. Sərgidə "ev" mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltaraşlıq işləri nümayiş etdirilmişdir.[66]
Əməkdar Rəssam Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilmiş "Rənglər aləmində" sərgisi — 2013-cü ilin dekabrında Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Əməkdar Rəssam Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilmiş "Rənglər aləmində" adlı sərgi açılmışdır. Sərgidə rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunmuşdur.
"Yeddi gözəl" sərgisi — 2022-ci il yanvarın 26-da Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Yeddi gözəl" sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş sərginin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir. Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.[67]
Azərbaycanın dünyada tanıdılması, beynəlxalq nüfuzunun artırılması, Azərbaycanın tarixihaqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun qarşıya qoyduğu prioritet məsələlərdəndir. 2009-cu ilin noyabr ayında Avropa Parlamentinin mənzil-qərargahında ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günləri təşkil olunmuşdur.[68] 2010-cu ilin noyabr ayında Londonda "Azərbaycan xalçaları ilə nağıllar aləminə" adlı sərgi keçirilmişdir.[69]
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Fransada (Paris, 17 fevral 2011)[70], Rusiya Federasiyasında (Moskva, 17 may 2011-ci il)[71], Almaniyada (Berlin, 29 sentyabr 2011-ci il)[72], Vatikanda (29 noyabr 2011-ci il)[73] və İtaliyada (Roma, 2 dekabr 2011-ci il)[74] tədbirlər keçirilmişdir.
2011-ci il aprelin 18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" adlı sərginin açılışı olmuşdur.[75] 2011-ci il iyulun 16-da Fransanın San-Trope şəhərində Heydər Əliyev Fondunun dəstək və təşkilatçılığı ilə II Ramatüel Klassik Musiqi Festivalı çərçivəsində "Azərbaycanın mədəni zənginlikləri" adlı sərgi keçirilmişdir. 2011-ci il iyulun 17-də Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan musiqiçiləri Fransanın Ramatüel şəhərində keçirilən II Ramatüel Klassik Musiqi Festivalında iştirak etmişlər.
2012-ci ilin yanvarında Londonda "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərginin açılışı olmuşdur. Layihə çərçivəsində Azərbaycan da daxil olmaqla 7 ölkədə 21 azərbaycanlı müəllifin rəngkarlıq, heykəltaraşlıq, qrafika, foto, video, instalyasiya və performans janrlarında 100-dən çox əsəri nümayiş etdirilib.[76]
2012–2014-cü illərdə Fransanın müxtəlif regionlarında "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində sərgi və konsertlər keçirilmişdir. Sərgilərdə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar — xalça və xalça məmulatları, misgərlik nümunələri, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunmuş ədəbiyyat toplusu nümayiş etdirilmişdir.[77][78][79]
Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ildə Heydər Əliyev Fondu silsilə tədbirlər keçirmişdir.
2013-cü ildə keçirilən 55-ci Ümumdünya təsviri incəsənət sərgisi — Venesiya Biennalesində Azərbaycan pavilyonu Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur. "Ornamentlər" devizi altında təqdim olunmuş pavilyonda Azərbaycanı altı rəssam — Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil etmişdilər.[80]
2013–2014-cü illərdə Fransanın Kann şəhərində təşkil edilmiş Azərbaycan mədəniyyəti günləri çərçivəsində sərgilər və konsertlər təşkil olunub.[81][82][83]
Heydər Əliyev Fondunun dəstəyi ilə 2013–2014-cü illərdə Fransanın paytaxtı və bir sıra şəhərlərində Nizami Gəncəvinin 870[84], Məhsəti Gəncəvinin 900[85][86][87] illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.
2013-cü ildə Almaniyanın Münhen, Ştutqart, Köln və Hamburq şəhərlərində "Azərbaycanı tanıdım" layihəsi çərçivəsində Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.[88]
Azərbaycanda tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı — Azərbaycan" layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.[89]
2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Bakının Binə qəsəbəsindəki Möhsün Səlim məscidində, 2006-cı ildə Bakının Binə qəsəbəsindəki Möhsün Səlim məscidində, əsaslı təmir və bərpa işləri aparmışdır. 2006-cı ildə Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur.
2007-ci ildə Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində təmir-bərpa işləri aparılmış, kilsənin asma tavanı bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadı dəyişdirilmişdir.[90]
2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir.[91][92]
"Tolerantlığın ünvanı — Azərbaycan" layihəsinin digər tərkib hissəsi Bakıda yaşayan yəhudi uşaqları üçün Xabad-Or-Avner Təhsil Mərkəzinin inşasıdır.[93]
2007–2009-cu illərdə Buzovna qəsəbəsindəki Cümə məscidində, 2012–2013-cü illərdə Binə qəsəbəsindəki İmam Rza və Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
2010–2013-cü illər ərzində Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış[94], Qəbələdə isə yeni məscid inşa olunmuşdur.[95]
2009-cu ildə Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi bərpa edilmişdir. 1320–1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub.[96] 2011–2012-ci illərdə Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə yardımı ayırmışdır. 2013-cü ildə Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılmışdır.[97]
2013-cü ildə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Parisdə UNESCO-nun mənzil-qərargahında[98][99] və Azərbaycan Mədəniyyət Mərkəzində[100], 2014-cü ilin aprelində isə Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində[101] "Azərbaycan — tolerantlıq məkanı" adlı fotosərgi keçirilmişdir. Sərgidə "Tolerantlığın ünvanı — Azərbaycan" layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.
Heydər Əliyev Fondu yerli əhəmiyyətli problemlərin həllində, infrastruktur layihələrin həyata keçirilməsində, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək edilməsində yaxından iştirak edir.
Fond tərəfindən Şamaxı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yaşayış binası inşa edilmiş, Salyan şəhərində Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələr üçün yeni yaşayış massivi salınmışdır.[102] 2009-cu ildə Bakıda uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün, 2013-cü ildə isə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binaları istifadəyə verilmişdir.[103]
2004–2014-cü illər ərzində Heydər Əliyev Fondu Bakının Xəzər rayonu ərazisində bir sıra infrastruktur layihələri — Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrə yolların çəkilməsini, Binə qəsəbəsində yardımçı stansiyanın yenidən qurulmasını, qəsəbələrin su təchizatının yaxşılaşdırılmasını, parkların salınmasını həyata keçirmişdir.
Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Heydər Əliyev Fondu mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Aksiyalar çərçivəsində Fond körpələr və uşaq evlərinə, internat məktəblərinə müxtəlif yardım və hədiyyələr göndərir, uşaqlar üçün konsert proqramları və əyləncəli tədbirlər təşkil edir. Fond hər il orta məktəblərdə təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir. Bundan əlavə, Qurban və Ramazan bayramlarında uşaq evləri və internat məktəblərinə bayram hədiyyələri göndərilir.
Məktəblilərin dünyagörüşünü genişləndirmək, onların təhsil və elmə marağını artırmaq məqsədilə Fond mütəmadi olaraq təhsildə xüsusilə fərqlənən, müxtəlif müsabiqələrdə qələbə qazanan məktəblilərin dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir, həmçinin digər ölkələrdən olan uşaqların Azərbaycana gəlməsinə və ölkəmizin tarixi, zəngin mədəniyyəti ilə tanış olmasına geniş imkan yaradır. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı məktəblilərin Almaniya, Belçika, Fransa, Gürcüstan, Niderland və Rumıniyaya, ABŞ, Gürcüstan, Rumıniya və Rusiya Federasiyasından olan məktəblilərin isə Azərbaycana səfərləri təşkil olunmuşdur.
2007-ci ilin oktyabrında Fondun təqdimatı ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycandan 15 nəfər əlil ixtiraçıya mükafatların verilməsini həyata keçirmişdir. Fond Böyük Vətən müharibəsi veteranlarını da daim diqqətdə saxlayır, veteranlara mütəmadi olaraq ünvanlı sosial yardım göstərilir, müxtəlif bayramlarda tədbirlər keçirilir, müharibə iştirakçılarının şərəfinə parklar salınır, onlara abidə ucaldılır.
2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1959-cu ildən fəaliyyət göstərən Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi üçün yeni bina inşa edilmişdir.
Xarici ölkələrdə də sosial layihələr həyata keçirən Fond Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım etmişdir. 2011-ci ilin sentyabrında Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə Parisdə terrorizm qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə maliyyə yardımı edilmişdir. 2012-ci ilin fevralında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən qurulmuş "Dostluq parkı"[104], 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü[105], 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı Dostluq Parkı"[106] istifadəyə verilmişdir. Fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. 2013-cü ilin fevralında Parisdə fransız rəssamı Reno Baltzinjerin Xocalı faciəsinə həsr etdiyi rəsm əsərlərindən ibarət "Xocalı gecəsi" sərgisinin vernisajı keçirilib.[107]
2012-ci ilin fevralında Fondun təşəbbüsü ilə Sarayevoda Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə açılmışdır.[108] 2012-ci ilin martında "Xocalıya ədalət" Beynəlxalq kampaniyası çərçivəsində Bakıda Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş "Sonu olmayan dəhliz" filminin təqdimatı keçirilmişdir.[109] Fond Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda memorial kompleksin yaradılması layihəsini həyata keçirir.
2012-ci ilin fevralında Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm sərgisi keçirilmişdir.
Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 2009-cu il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılması haqqında Sərəncam imzalamışdır.[110] 2013-cü ilin sentyabrında istifadəyə verilmiş kompleks Heydər Əliyev Fondu tərəfindən inşa edilmişdir.
Abidə-muzeyin ekspozisiyasında 1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında — Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzeyin ekspozisiyası unikal arxiv sənədləri ilə zəngindir.
2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədilə "Hərəmiz bir ağac əkək!" aksiyasını həyata keçirməyə başladı.[111] Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox ağac əkilmişdir. 2014-cü ildə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi "Ağacların kəsilməsinə yox!" proqramı çərçivəsində "Təbiətə təcili yardım" qaynar xətti və mobil qrupu yaradılıb.[112]
Ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi sahəsində gənclərin biliklərinin artırılması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri, iməciliklər, müsabiqə və turnirlər, sərgi və konfranslar keçirilir, yay məktəbləri təşkil olunur.[113][114][115]
2012-ci ildə Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Həştərxan Vilayət Administrasiyasının birgə təşkilatçılığı ilə Həştərxan şəhər məktəbliləri arasında "Təbiətin mühafizəsi" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Fondun təşəbbüsü ilə 2010-cu ildən Bakının Qala qəsəbəsi ərazisində tullantıların düzgün idarə edilməsi sisteminin qurulması üçün "Təmiz Qala" layihəsi həyata keçirilir. Layihənin məqsədi tullantıların yığımını və daşınmasını, o cümlədən sonrakı utilizasiyasını müasir standartlara uyğun təşkil etməkdir.
İnsanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişindən çəkindirmək məqsədilə 2012–2014-cü illərdə Heydər Əliyev Fondunun, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda "Tullantıdan sənətə" adlı beynəlxalq sərgi keçirilmişdir.[116][117]
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə ekologiyanın və təbii mühitin tarazlığının qorunması, ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət daşıyan "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsini həyata keçirir.[118]
İctimaiyyətin diqqətini nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə cəlb etmək məqsədilə Heydər Əliyev Fondu IDEA ekoloji kampaniyası çərçivəsində hazırladığı ceyran maketlərini "Qız qalası" Beynəlxalq Festivalında nümayiş etdirir.
Heydər Əliyev Fondu informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi sayəsində informasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasına, əhalinin bütün kateqoriyaları, o cümlədən əlil və sağlamlıq imkanları məhdud olan insanlar üçün İKT-dən istifadənin genişləndirilməsinə, təhsil müəssisələrində kompüterləşdirilmiş otaqların yaradılmasına xüsusi önəm verir.
Azərbaycanın dünyaya tanıdılması məqsədilə 2005-ci ildə "Azərbaycan" internet portalı yaradılmışdır. 2005-ci ildən başlayaraq Azərbaycan, ingilis və rus dillərində Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş saytlar, həmçinin Heydər Əliyev Fondunun saytı istifadəyə verilmişdir.
2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi"nə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanmışdır. Layihənin məqsədi fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına kömək göstərməkdir. Layihə çərçivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbində müvafiq mərkəz istifadəyə verilmişdir.[119][120] Layihənin davamı olaraq 2010–2012-ci illərdə Naxçıvan[121][122], Gəncə[123][124] və Yevlaxda[125] məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılmışdır. 2012-ci ildə Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə "Mini informasiya laboratoriyası" hədiyyə etmişdir.
2008-ci ildə Gürcüstanın Dmanisi şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş kompüter-tədris mərkəzi istifadəyə verilmişdir.[126] 2010-cu ildə Bakıda Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, UNESCO, "Microsoft" korporasiyası və "Intel" şirkətinin təşkilatçılığı ilə "Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.[127]
Gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana marağın artırılması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə inşa olunan orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılır, idmana dair bir sıra əyani vəsaitlər və nəşrlər paylanılır.[128]
2007–2008-ci illərdə Fondun dəstəyi ilə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident kuboku" Beynəlxalq Şahmat Festivalı"keçirilmişdir.[129] Dünyanın müxtəlif ölkələrindən şahmatçıların qatıldığı festivallarda beynəlxalq dərəcəli qrossmeysterlər və məşhur idman ustaları da iştirak etmişlər.[130]
Müstəqillik illərində Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülmüşlər.
2011-ci ilin oktyabrında Ucar şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa edilmiş şahmat məktəbi açılmışdır. 2012-ci ilin mayında Bakının Zirə qəsəbəsində müasir idman kompleksi[131], həmin ilin sentyabrında isə Binə qəsəbəsində yeni stadion[132] istifadəyə verilmişdir.
2012-ci ildə Heydər Əliyev Fondu Hindistanın Qoa ştatında Pilar futbol meydançasının əsaslı təmiri üçün maliyyə yardımı ayırmışdır. 2013-cü ilin dekabrında stadionun açılışı olmuşdur.[133]
2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Göyçay şəhərində təmir olunmuş şahmat məktəbi istifadəyə verilmişdir.[134]
2022-ci il mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı marafonu keçirilib. "Bakı Marafonu 2022"də 15 minədək iştirakçı yarışıb. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olub.[135]
"Küləyə qalib gəl" şüarı altında keçirilən və 21 kilometrlik məsafəni əhatə edən marafon 2022-ci ildə fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olub.
Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edib. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start verilib. 3-cü start isə ümumi iştirakçılar üçün olub.[135]
"Bakı Marafonu 2022"nin qalibləri 2 kateqoriya üzrə seçilib. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Birinci yer sahibi 3000 AZN, ikinci yer — 2000 AZN, üçüncü yer — 1000 AZN məbləğində mükafatlandırılıb, həmçinin medal və sertifikatlarla təltif edilib. Kişilər arasında qalibləri: 1-ci yer Rinas Axmadeyev (Rusiya), 2-ci yer Ömər Alkan (Türkiyə), 3-cü yer Vladimir Marçik (Çexiya) olublar.
Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu 2022"nin xüsusi medalları ilə təltif olunub. "Bakı Marafonu 2022"də yeni nominasiyalar da olub: qadın və kişilər arasında 5 yaş kateqoriyası üzrə qaliblər seçilib (18–29, 30–39, 40–49, 50–59, 60+).
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilib. Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.[135]
Azərbaycan tarixi haqqında məlumatların, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının, münaqişə nəticəsində Azərbaycana vurulan ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərərin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə buklet və kitablar nəşr edilir.
2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən "Qarabağ həqiqətləri" bukletlər toplusu nəşr edilmişdir.[136] "Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" ("War Against Azerbaijan: Targeting Cultural Heritage") kitabı ingilis dilində nəşr edilmişdir.[137] 2006-cı ildə nəşr olunmuş "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.[138] 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks etdirən 16 adda üç dildə buklet, 4 adda üç dildə kitab nəşr edilmişdir.[139]
Heydər Əliyev Fondu dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin isə xarici dillərə tərcümə edilərək nəşr olunmasına, ölkəmizin tarixi həqiqətlərini, milli mədəniyyət və incəsənətimizi əks etdirən çoxsaylı çap məhsullarının hazırlanmasına xüsusi önəm verir.
2004-cü ildən başlayaraq Fondun dəstəyi ilə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar nəşr edilir.[140][141]
Azərbaycanın tarixi ilə bağlı faktların dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq müxtəlif nəşrlər hazırlanır. Bunlara misal olaraq "Qarabağ həqiqətləri" bukletlər toplusunu (rus, ingilis, fransız, alman, macar, yapon dillərində), "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabını, "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını (ingilis dilində), Y. Pompeyevin "Qarabağ gündəliyi" kitabını (rus dilində), "Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə" (Azərbaycan, rus, ingilis dillərində) və "Bakı. mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə" (Azərbaycan, rus, ingilis dillərində) kitablarını, "Azərbaycan qırğınları şəkil və sənədlərdə" fotoalbomunu (Azərbaycan, rus, ingilis, türk dillərində) göstərmək olar.
2010-cu ilin martında Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan" kitabı çap olunmuşdur. Ölkəmiz haqqında müfəssəl məlumat vermək məqsədilə hazırlanmış nəşrdə xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirən 1000-dən çox fotoşəkil toplanmışdır. İlkin olaraq Azərbaycan dilində nəşr olunmuş kitab rus, ingilis, fransız (2010), alman, italyan (2011), ərəb (2013) dillərinə tərcümə edilmişdir.[142]
2004–2014-cü illər ərzində Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti, incəsənəti və kulinariyasından bəhs edən çoxsaylı açıqcalar, bukletlər toplusu və kitablar müxtəlif dillərdə nəşr edilmişdir. Fond mədəniyyət sahəsindəki fəaliyyətində Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə "Azərbaycan muğamları" layihəsi çərçivəsində bir sıra nəşrlər: "Qarabağ xanəndələri", "Muğam ensiklopediyası", "Azərbaycan muğamı", "Muğam aləmi" layihələri işıq üzü görmüşdür. 24 virtuoz muğam ifaçısının səsləndirdiyi muğam parçalarından ibarət "Qarabağ xanəndələri" albomunun təqdimat mərasimi 2005-ci ilin martında Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilmişdir. Fond Azərbaycan musiqisi, onun görkəmli nümayəndələri ilə bağlı nəşrlər hazırlayır.
Heydər Əliyev Fondu Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkələrin oxucularına çatdırılmasını və eyni zamanda, müxtəlif xalqlara məxsus dəyərli əsərlərin dilimizə tərcümə olunub nəşr edilməsini həyata keçirir. 2013–2014-cü illərdə, Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin 900 illik yubileyləri münasibətilə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış çoxsaylı nəşrlər işıq üzü görmüşdür.[143][144]
Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına[145] və birgə layihələrin reallaşdırılmasına xüsusi önəm verir. Fəaliyyətini Azərbaycandan kənarda genişləndirən Fondun ABŞ, Rumıniya, Rusiya Federasiyası və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir.[146]
2005-ci ilin avqustunda Heydər Əliyev Fondu UNESCO ilə birgə "UNESCO-Azərbaycan: gələcəyə körpü" mövzusunda konfrans keçirmişdir. Konfransda Azərbaycanın təhsil sistemində aparılan islahatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər məsələlər müzakirə olunmuş, UNESCO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır.[147]
Azərbaycanın tarixi və mədəni ənənələrini, tarixi İpək Yolu regionundakı rolunu nəzərə alan Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını Heydər Əliyev Fondu ilə birgə 2006-cı ilin aprelində Bakıda keçirmişdir. 30-dan çox latın mənşəli xarici ölkədən görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin iştirak etdiyi konfransda Azərbaycanda din-dövlət münasibətləri, mövcud qanunvericilik bazası, adət-ənənələr, dinlərin qarşılıqlı münasibətləri, dini sekta və qurumlarla iş təcrübəsi, tolerantlıq mövzularında məruzələr dinlənilmişdir.[148]
2007-ci ilin noyabrında Bakıda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumu ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş "Gənclər sivilizasiyaların alyansı naminə" konfransı keçirilmişdir. Beynəlxalq konfrans günlərində elm, mədəniyyət və sosial sahələrdə müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr edilmişdir. Tədbirin sonunda beynəlxalq konfransın yekun sənədi — "Nəsillərarası Alyans" adlı Bakı Bəyannaməsi qəbul edilmişdir.
2008-ci ilin mayında Bakıda Dünyada Savadlılığın Dəstəklənməsi üzrə UNESCO-nun Regional Konfransları silsiləsindən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda konfrans keçirilmişdir. Konfransda savadsızlıq probleminə daha geniş yanaşmağın vacibliyi vurğulanmış, savadın ölçülməsi məsələsinin işlənib hazırlanması və istifadəsi haqqında təcrübələrdən danışılmış, Avropa regionunda savadın qiymətləndirilməsi üzrə məlumatların yaradılması və istifadəsi üzrə gələcək beynəlxalq və yerli planlar müzakirə edilmişdir.[149]
2008-ci ilin iyununda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ISESCO-nun dəstəyi ilə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Forum keçirilmişdir. Forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin (Polşa, Latviya, Cənubi Afrika Respublikası, Anqola və s.) birinci xanımları, ISESCO-nun Baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Beynəlxalq forumun sonunda dünya dövlətlərini münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağıran Bakı Bəyannaməsi qəbul olunmuşdur.[150]
2008-ci ilin sentyabrında Bakıda Dünya gənclərinin 4-cü məşğulluq sammiti (YES) keçirilmişdir. Sammitin məqsədi gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işin aparılmasına nail olmaq idi. Yüzdən çox ölkədən 600 nümayəndənin qatıldığı Bakı sammitində yeni iş yerlərinin yaradılması, xüsusi dövlət proqramlarının qəbul edilməsi və icrası, ətraf mühit problemlərinin həllində gənc liderlərin iştirakı, sahibkarlığın cəmiyyətin inkişafında rolu və digər məsələlər müzakirə olunmuşdur.[151]
2009-cu ilin oktyabrında Bakıda Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu və "Azercell" şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə Milli Konfrans keçirilmişdir. Uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafı, onlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində yaşamaq hüququnun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən konfransda uşaq hüquqlarının qorunması ilə bağlı müxtəlif mövzularda məruzələr oxunmuş, bu sahədə yaradılmış müstəqil monitorinq mexanizmi, həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilmişdir.[152]
2010-cu ilin noyabr ayında Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, UNESCO, "Microsoft" korporasiyası və "Intel" şirkətinin birgə təşkilatçılığı ilə "Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayəndələr iştirak etmişlər.[153]
2011-ci ilin sentyabrında Heydər Əliyev Fondu, Azərbaycan Hökuməti və UNICEF-in birgə layihəsi çərçivəsində "Təcriddən inteqrasiyaya doğru" mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. 20-dən çox ölkədən nümayəndələrin iştirak etdiyi konfransda əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını həyata keçirmək, bu sahədə aparılan islahatlara dəstək vermək və digər məsələlər müzakirə olunmuşdur.[154]
İşğaldan azad edilən Qarabağda və ətraf rayonlarda minlərlə maddi-mədəni, dini irs nümunəmiz var ki, onların da çox böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalıb, düşmən tərəfindən təhqir olunub, dağıdılıb.[155]
Məlum olduğu kimi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Mehriban xanımın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular. Hazırda bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər.[155]
Fonddan verilən məlumata görə, layihənin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir.
Heydər Əliyev Fondu Qarabağda bərpa layihələri ilə yanaşı bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.
Həmin layihə əsasında fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. 2022-ci ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və istifadəyə verilib. Kompleksdə işlərə Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlanıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Ötən müddətdə, həmçinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli fondun dəstəyi ilə Şuşa şəhərində yenidən ucaldılıb.[155]
Ümumiyyətlə, Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidən qurulması xüsusi həssaslıqla aparılır.
Birinci vitse-prezidentin tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini-mədəni abidələrin bərpası ilə yanaşı, həm də bu bölgədəki mədəni ənənələrimizi də bərpa edir.[155]