Bu məqaləni vikiləşdirmək lazımdır. |
Gürcüstandakı etnik Azərbaycanlılar "Elat mədəniyyət günləri" adlı bayram keçirirlər. Həmin gün dünyanın dörd bir yanından olan türk köklü xalqlar bir yerə toplanır. Elat mədəniyyət bayramı ənənəvi olaraq Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında təşkil edilir.
Elat nə deməkdir? Bayramın adının Elat olması da təsadüfi seçilməyib. Elat "köçərilik, tərəkəməlik" mənasını verir. Yəni yerini dəyişən, yaylaqdan qışlağa köç edən, zəhmətkeş, əli qabarlı xalqı tərənnüm edir. Bu bayram günü həm də təsərrüfatçıların arandan yaylağa qayıtdığı zamana təsadüf edir. Məhz bu bayramın həvəsinə dağlara çəkilmiş fermerlər malqarasını geri qaytarmağa tələsir. Yaylaqda mal- qara otaran Zaur Məmmədovun sözlərinə görə "Elat bayramı" günü bütün maldarlar Armudluqda olacaq. O da illərdir həmin gün meydanda at çapıb yarışlar edirmiş. "Mənim 300 baş mal-qaram var. Dolanışığım bundan çıxır. İlin 3 ayını dağlara çəkilirik. Mal-qara sərində yaxşı qidalanır. Həm südlük mal qaramız var, həm də damazlıq, yəni ətlik. May ayının ortalarından çıxırıq dağlara. Ancaq iyulun sonunadək qayıdırıq ki, Elat bayramında mütləq yaylaqda olaq. Həmin gün çox maraqlı olur. Mən at çapıram, qardaşım, qohumlarım güləşirlər…. Biz özümüzü, mədəniyyətimizi tapırıq bu gün. Yadımızdan çıxan adətlərimizi xatırlayırıq, uşaqlarımıza öyrədirik".[1] Dmanisidə dağlara çəkilən təkcə iribuynuzlu heyvan saxlayanlar deyil. Arıçılıqla məşğul olanlar da yay fəslini sərin yerlərdə, hündür təpələrdə bitmiş faydalı çiçəklərdən bal toplamaqla keçirirlər. Dmanisi müxtəlif növ faydalı çiçəklərlə bol olduğundan bu yerlərin balı da Gürcüstanda xeyli məşhurdur. Gürcüstanda yaşayan aborigen Azərbaycanlılar danışırlar ki, Elat bayramı digər bayramlardan ona görə fərqlənir ki, bu gün sırf azər-tükr ənənələri, etnik azərbaycanlıların sosial birliyi nümayiş etdirilir. Bu bayram günü çadırlar qurulur, milli xörəklər hazırlanır, cavanlar at çapır, gənc qızlar milli geyimdə milli müsiqilər çalıb, oynayır, xanımlar təndir yapır, ahıllar adətlərindən gənc nəsillərə danışırlar.
Bu gün bir çox tarixi bayramların unudulmaq üzrə olmasına baxmayaraq, Dmainisi rayonunun Armudlu yaylasında elat bayramı 2009-cu ildən etibarən hər il keçirilir. 2016-cı ildən bayram tədbiri "Dmanisoba" adlandırılıb və Dmanisi rayonunda yaşayan müxtəlif etnik azlıqların birlik və bərabərlik bayramı kimi təqdim edilib.[2] [3]