Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar RespublikasınınNaxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır.
1998–2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır.
2001–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
2000–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir.
2000–2005-ci illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
2000–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır.
2012-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasının dosenti vəzifəsində elmi-pedoqoji fəaliyyətini davam etdirir.
2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar elmlər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2014–2018-ci illərdə "Naxçıvan" Universiteti İdarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
2014–2018-ci illərdə "Naxçıvan" Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışmışdır.
2014–2018-ci illərdə "İstedad-XXI əsr" MMC-nin təsisçisi və direktoru olmuşdur.
2018–2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır.
2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.
1997-ci ildə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə Heydər Əliyev adına təqaüdə layiq görülmüşdür.
2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyi və YAP Gənclər Birliyi tərəfindən "İlin ən yaxşı gənci" adına layiq görülmüşdür.
2007-ci ildə Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə və Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
İctimai fəaliyyəti ilə paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının doktorantı olmuş, Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi — tədqiqat sahəsi üzrə 2002–2006-cı illərdə "Böyük İpək yolu və Naxçıvan" adlı dissertasiyanı müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Bununla yanaşı, "Böyük İpək yolu və Naxçıvan" (2012), "V-XV əsrlər beynəlxalq ticarət və Azərbaycan" (2012) kitablarının, 2 meteodik vəsaitin, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin, 60-dan artıq elmi və publisistik məqalənin müəllifidir.
ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk və koreya dillərində elmi əsərləri çap olunmuşdur.
E. İsayev tədqiqat işlərində tarixi proseslərin ümumi mənzərəsini yaratmaqla, beynəlxalq ticari-diplomatik əlaqələrin daha çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı məqamlarını nəzərdən keçirir. Müəllif kitablarında tarxşünaslıqda aktual mövzulardan olan, müasir dövrdə mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayan tarixi əlaqələri nəzər nöqtəsinə çəkmişdir. Beynəlxalq sosial-iqtisadi xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafı şərtlərini dəqiqləşdirmiş, müasir mədəni-tarixi əlaqələrdə qazanılan uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq ola bilmişdir. Müəllifin elmi üslubunda tədqiqat obyektinə sistemli yanaşma, hadisələri sosial zaman kontekstində nəzərdən keçirmə, dövlətlərarası diplomatik əlaqələri daha geniş rakursda araşdırma kimi məziyyətlər səciyyəvidir. O, ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti ilə mühüm tədqiqatların müəllifi kimi tanınır.
Üzvü və rəhbəri olduğu elmi qurum, nəşr və təşkilatlar
2014 — ABŞ (İlinoys), Çikaqo- IX Beynəlxalq İpək yolu konfransı
2015 — Azərbaycan / Naxçıvan şəhəri, Beynəlxalq İpək yolu Konfransı
2016 — Azərbaycan / Bakı şəhəri, Dünya Azərbaycanlılarının IV qurultayı
2018 — Azərbaycan / Bakı şəhəri, Azərbaycan müəllimlərinin XV qurultayı
2018 — Azərbaycan / Naxçıvan şəhəri, "Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması" mövzusunda elmi-praktik konfrans
2019 — Azərbaycan / Naxçıvan şəhəri, "Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans
2019 — Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş "Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil" mövzusunda elmi-praktik konfrans
2019 — Azərbaycan / Naxçıvan şəhəri, "Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə" mövzusunda elmi-praktik konfrans
2019 — Azərbaycan / Naxçıvan şəhəri, "Təhsil-tədqiqat-innovasiya": doktorant və magistrantların I Regional elmi konfransı
Monoqrafiyada Böyük İpək yolunun xalqların, ölkələrin tarixi, mədəni-iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs olunur. Monoqrafiyada əsas tədqiqat obyekti olaraq qədim Azərbaycan ərazisi olan Naxçıvan götürülmüşdür. Əsərdə Naxçıvan Böyük İpək yolu üzərində əhəmiyyətli məntəqə kimi öyrənilmiş, bölgədə bu yola xidmət edən bir sıra tarixi abidələr ilk dəfə tədqiq olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Əsər geniş oxucu kütləsi və elmi tədqiqat aparan şəxslər üçün nəzərdə tutulur.
2. V–XV əsrlər beynəlxalq ticarət və Azərbaycan
(Magistr hazırlığı üçün dərs vəsaiti)
Dərs vəsaitində Azərbaycan diplomatiya tarixinin mühüm tərkib hissəsi olan beynəlxalq ticarət əlaqələrindən bəhs olunur. Xronoloji çərçivə olaraq V–XV əsrləri əhatə edən dərs vəsaitində mövzunun vəzifələri, Azərbaycanın beynəlxalq ticarət mövqeyinin mahiyyəti, eyni zamanda ticarət əlaqələri nəticəsində formalaşmış mədəni münasibətlərin tarixi kimi məsələlər öz əksini tapmışdır. Vəsait magistrantlar, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.