Eldar Ağadadaş oğlu Şəfiyev (28 sentyabr 1953, Bakı – 15 iyun 2023, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Eldar Şəfiyev | |
---|---|
Doğum tarixi | 28 sentyabr 1953 |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 15 iyun 2023 (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ ABŞ→ Azərbaycan |
Fəaliyyəti | Rəssamlıq |
Təhsili |
Bakı Rəssamlıq Məktəbi Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Şəfiyev Eldar Ağadadaş oğlu 1953-cü il sentyabr ayının 28-də Bakının Əmircan kəndində anadan olmuşdur. 84 və 226 №-li məktəblərdə səkkizillik təhsilini başa vurduqdan sonra 1969-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdur. 1972-1974-cü illərdə odu sıralarında xidmət etdikdən sonra 1975-ci ildə bu məktəbi bitirmişdir. Hələ məktəb illərindən Səttar Bəhlulzadə ilə, tələbəlik illərindən isə Mircavadla dostluq münasibətləri olmuşdur. 1978-ci ilə qədər Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yaşamış və yaradıcılıqla məşğul olmuşdur. 1980-1990-cı illərdə Rəssamlar İttifaqının Bədii Fondunda rəssam işləmişdir. Rəssamlar İttifaqının üzvü olmuşdur.[1]
Eldar Şəfiyev 1990-cı ildə ABŞ-yə köçmüş, 15 il Nyu-Yorkda yaşayıb yaratmışdır. Həmçinin Türkiyədə və Dubayda böyük həcmli işlərin müəllifi olmuşdur. Eldar Şəfiyev sonralar yenidən doğulduğu Əmircan kəndində yaşamış, yaradıcılıqla məşğul olmuşdur. Türkiyədə də emalatxanası olduğundan tez-tez ora səfərlər etmişdir.[1]
ABŞ-də olduğu zaman əsasən muzeylər və kolleksiyaçıların sifarişi ilə əsərlər yaratmışdır. Bu illər ərzində ABŞ-nın müxtəlif şəhərlərində keçirilən layihələrdə iştirak etmişdir. 8-10 dekabr 2017-ci il tarixində Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş Əmircan rəssamlarının sərgisində iştirak etmiş və Diplomla mükafatlandırılmışdır. Bu illər ərzində Eldar Şəfiyev bir neçə fərdi sərgisini təşkil etmişdir. Əsərləri bir sıra xarici ölkələrdə, əsasən Türkiyədə və ABŞ-də muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.[1]