Bu səhifədə iş davam etməkdədir. |
Elektron məhkəmə — Azərbaycanda vətəndaşlarının fərdi məlumatlarının kənara sızmasının qarşısının alınması məqsədilə bütün audio və videoyazıların yüksək təhlükəsizlik standartlarına cavab verən ədliyyənin daxili infrastrukturunda saxlanılmasının təmin edildiyi bir elektron sistemdir[1][2].
Ölkəmizin ictimai-siyasi həyatında müsbət rezanons doğuran Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı bu baxımdan həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.
Respublikada həyata keçirilməkdə olan köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla bu strateji sahənin gələcək inkişafı üçün prioritetləri müəyyən edən mühüm əhəmiyyətli sənədin imzalanması bir tərəfdən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, o cümlədən də süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsinə xidmət edirsə, digər tərəfdən də dövlət başçısı tərəfindən cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılması məqsədilə imzalanmış 10 fevral 2017-ci il tarixli Sərəncamda icrası nəzərdə tutulan kompleks institusional, qanunverici və praktiki islahatların keyfiyyətcə yeni mərhələyə keçid etməsinə mühüm təkan verir. Fərman ölkədə biznes mühitinin inkişafını təşviq etməklə Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayır[3].
Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi baxımından Məhkəmə-Hüquq şurası tərəfindən müvafiq sahədə məlumatların qəbul edilməsi üçün qaynar xəttin yaradılması, Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi kimi mühüm məsələlər öz həllini tapmışdır.
Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ədalət mühakiməsindəiştirak edən prokurorlar tərəfindən insanların hüquq və azadlıqlarının, ictimai maraqların qorunması məqsədilə dövlət ittihamının qanunla verilmiş bütün səlahiyyətlərdən istifadə etməklə yüksək peşəkarlıq səviyyəsində müdafiə olunması təmin edilmiş, ittihamın ictimaiyyət qarşısında açıq məhkəmə prosesində müdafiə edilməsi nəzərə alınmaqla, bu sahədə kadrların seçilib-yerləşdirilməsinə, dövlət ittihamçılarının bilik və peşə hazırlığı səviyyəsinin, eləcə də hüquq mədəniyyətinin artırılmasına xüsusi diqqət yetirilmişdir.
Müasir dövrün tələblərinə uyğun peşəkarcasına təşkil edilmiş dövlət ittihamının müdafiəsi işi prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlətin cəza siyasətinin prinsiplərini özündə təcəssüm etdirməklə yanaşı, məhkəmə məsuliyyətinə verilmiş şəxsləri maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlərindən qoruyan mühüm vasitədir[4].
Elektron kabinet vasitəsilə istifadəçilər məhkəmələrə getmədən ərizə, şikayət və digər sənədləri elektron qaydada göndərə, iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət və ya protestlər barədə məlumat əldə edə bilərlər.
Həmçinin "Elektron kabinet" vasitəsilə istifadəçilər məhkəmə sənədlərini hakimin elektron imzası ilə təsdiq edilmiş formada əldə etmək və məhkəmə rüsumlarını onlayn ödəmək imkanı qazanırlar.
Qeyd etmək lazımdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etmədən də elektron kabinetin açılması mümkündür və bunun əsas əhəmiyyəti ondan ibarətdir ki, elektron kabinet olduğu halda istənilən məhkəmədə barənizdə olan məhkəmə işləri haqqında avtomatik məlumatlandırılacaq və elektron kabinetdə dərc edilmiş bütün məhkəmə sənədləri ilə operativ tanış ola biləcəksiniz.
İstifadəçilər "Vahid məhkəmə portalı" vasitəsilə məhkəmə sistemi barədə məlumatları, məhkəmələrin strukturu, növü, yurisdiksiyası, ünvanı və onlarla əlaqə yaratmaq üsulları – poçt və elektron ünvanları, telefon nömrələri, eləcə də hakimlər barədə məlumatları əldə edə bilərlər.
Həmçinin "Vahid məhkəmə portalı" məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları haqqında məlumatları real vaxt rejimində təqdim edir. Sənədlərin hazırlanması və məhkəməyə təqdim olunması prosesinin asanlaşdırılması üçün portalda dövlət rüsumunun məbləği, iddia, şikayət, etiraz və xahiş ərizələrinin nümunələri təqdim olunur[5].
Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, o cümlədən beynəlxalq təcrübə nəzərə alınaraq dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.
Həmin dəyişikliklərə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilib və dövlət rüsumunun dərəcələri diferensial qaydada müəyyən olunub.
Vətəndaş məmnunluğunun təmin edilməsi, habelə təcrübədə rahat və asan istifadə olunması məqsədilə rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator və xüsusi metodiki vəsait hazırlanıb[6].
"Elektron məhkəmə" informasiya sisteminin istifadəçiləri və iştirakçıları məhkəməyə ödənilmiş dövlət rüsumunu yoxlamaq üçün göstərilən keçiddən istifadə edə bilərlər[7].
"Mobil Elektron Məhkəmə" tətbiqi vasitəsilə məhkəmə icraatı üzrə aparılan əməliyyatları rahat, daha əlçatan və operativ formada həyata keçirmək mümkündür.
Belə ki, istifadəçilər "Mobil Elektron Məhkəmə" tətbiqi vasitəsilə məhkəmələrə mobil cihazlardan elektron qaydada iddia ərizələri verə, sənədlər göndərə, məhkəmə prosesləri barədə məlumatlar ala, məhkəmə qərarlarının elektron qaydada əldə edə və məhkəmə statistikası ilə tanış ola bilərlər.
"Mobil Elektron Məhkəmə" tətbiqi "İOS" və "Android" əməliyyat sistemlərini dəstəkləyən mobil cihazlardan istifadə edərək yüklənilməsi mümkündür[8][9].