Elmar Heybət oğlu Camalov (16 dekabr 1969, Bakı) — Azərbaycan Respublikası Baş prokurorunun müavini (2020-ci ildən), II dərəcəli dövlət ədliyyə müşaviri (2022).
Elmar Camalov | |
---|---|
Vəzifədədir | |
21 may 2020-ci ildən | |
Baş prokuror | Kamran Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1969 (54 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Rütbəsi |
II dərəcəli dövlət ədliyyə müşaviri |
Elmar Heybət oğlu Camalov 16 dekabr 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə SSRİ Müdafiə Nazirliyi Hərbi İnstitutunun Hüquq fakültəsini bitirdikdən sonra Azərbaycanın prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi vəzifələrində çalışmış, 1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi olmuşdur.[1]
Elmar Camalov 2000–2005-ci illərdə Azərbaycanın vergi orqanlarında çalışmış, 2005-ci ildən keçirilmə qaydasında prokurorluq orqanlarında xidmətini davam etdirərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, 2010-cu ildən Baş Prokurorluğun milli təhlükəsizlik və fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi rəisinin müavini olmuşdur. 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayonunun, 6 noyabr 2019-cu ildən isə Mingəçevir şəhərinin prokuroru vəzifələrində işləmişdir.[1]
Elmar Camalov Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir.[2] Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının və Baş Prokurorluğun Ali Attestasiya Komissiyasının üzvüdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun intizam və etik davranış komissiyalarının sədridir.[1]
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Elmar Camalova 17 dekabr 2020-ci ildə III dərəcəli dövlət ədliyyə müşaviri[3], 30 sentyabr 2022-ci ildə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilmişdir.[4]
Elmar Camalov prokurorluq orqanlarında xidmətlərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmış, həmçinin 24 iyul 2020-ci ildə "MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 25 illiyi" xatirə yubiley medalı ilə təltif edilmişdir.[1]
Ailəlidir, dörd övladı var.