Elmi jurnalistika — elm və texnologiyada baş verən yenilikləri, sosial həyatla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır və geniş oxucuya təqdim edir.[1] Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də, jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır.[1]
ABŞ və Avropada elmi jurnalistikaya "elmi əlaqələndirmə" də deyirlər. Elmi jurnalistlər isə "elmi yazarlar” adlandırılır. Məşhur "National Geographic”, "NewScientist”, "Discovery”, "Nauka i Jizn” və bu tip digər jurnallar, televiziya kanallarının yayımladığı məqalələr, sənədli filmlər məhz elmi jurnalistika materiallarıdır.[1]