Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007).[1]
Elmira Ramazanova | |
---|---|
Ramazanova Elmira Məmmədəmin qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | Texnika elmlər doktoru |
Elmi adı | Professor |
Alma-mater | Azərbaycan Sənaye İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Mükafatları |
|
Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur.
1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur.[2]
O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir.
2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub. O, Ümumdünya Bankının dəstəyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə qrant layihəsinin rəhbəri və qalibi olub. Eyni zamanda, bir sıra beynəlxalq səviyyəli ekoloji layihələrin rəhbəridir.
O, Afina Milli Kapodistrian Universitetinin “Avrasiya” jurnalının redaksiya heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı” jurnalının və “Vışka” qəzetinin redaksiya heyətinin üzvü, AMEA Yer Elmləri Bölməsinin büro üzvü, Azərbaycan Respublikasının Milli Neft Komitəsinin vitse-prezidentidir.[2]
Alim 400-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 11 tədris-metodiki vəsait, 34 patent və ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 25 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanıb.