Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934, Bakı – 11 yanvar 1997)— Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, professor, pedaqoq və pianoçu.
Elmira Səfərova | |
---|---|
Elmira Yusif qızı Səfərova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi |
(62 yaşında) |
Atası | Yusif Səfərov (neftçi) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu |
16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi.
Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur.
Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Elmirada musiqiyə olan sevgi uşaqlıq dövründən yaranmışdır. Artıq iki yaşından o, musiqinin ahəngini həssaslıqla duyur, oxumağı və rəqs etməyi çox sevirdi. Uşaqlıq dövründən Elmiranın daxilində artistizm və yüksək sənətkarlıq da özünə yer eləmişdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira xanım Səfərova «Ardı yaşanılır» adlı kitabında bacısı Elmirayla əlaqədar maraqlı bir epizodu yada salır. Uşaq vaxtı onlar Mərdəkandakı bağlarında istirahət edirdilər. Bağ evinin qarşısında gözəl tut ağacları bitirdi. Uşaqlardan hər birinin (qonşu uşaqlar da bu «konsertlərdə» iştirak edirdilər) öz sevimli budaqları var idi. Elmira həmişə onun üçün səhnə rolunu oynayan ən yuxarıdakı budağı seçərdi. Bütün digər uşaqlar isə dinləyicilər qismində aşağı budaqlarda özlərinə yer eləyərdilər. Elmira böyük ilham və ustalıqla müxtəlif mahnıları və «Sirk» kinofilmindən «Meri, Meri çudesa» mahnısını ifa edirdi.
Təbii ki, Elmira böyüdükdən sonra özünə musiqi yolunu seçir. «Molodyoj Azerbaydjana» qəzetinə 30 Yanvar 1992-ci il müsahibəsində Elmira xanım özü bu haqda belə demişdir: «… gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdır. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim.»
1942-ci ildə Elmira Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən 10-illik məktəbə, gözəl pedaqoq, Peterburq konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yesipovanın şagirdi T.S.Qruşkonun sinfinə daxil olur. Onun musiqi istedadının təşəkkül tapmasında və inkişafında mühüm rolu Azərbaycanın görkəmli pedaqoqları K.K.Səfərəliyeva, L.N.Yeqorova və R.I.Siroviç da oynamışlar.
Məktəbi bitirdikdən sonra 1952-ci ildə Elmira xanım Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına – Azərbaycan fortepiano məktəbinin banilərindən biri olan Azərbaycanın xalq artisti, bir neçə pianoçu nəsli yetişdirmiş professor M.R.Brennerin məktəbinə daxil olur. Qeyd etmək lazımdır ki, M.R.Brennerin məktəbi yüksək peşəkarlıq, gözəl səslənmə və müəllif mətninə son dərəcə diqqətli münasibətilə fərqlənirdi. Bütün bu keyfiyyətləri Elmira xanım müəllimindən mənimsəmiş və sonralar öz pedaqoji təc-rübəsində tətbiq etmişdir.
Konservatoriyada oxuduğu illər ərzində Elmira xanım özünü peşəkar musiqiçi, istedadlı pianoçu və yaradıcı şəxsiyyət kimi göstərmişdir. O uğurla simfonik və solo konsertlərlə çıxış edirdi. Onun konsertlərinin proqramı çox çeşidli olurdu - L.V.Bethoven, F.List, F.Şopen, P.I.Çaykovski, R.Şuman və s. kimi bir çox görkəmli bəstəkarların əsərlərindən ibarət idi. Azərbaycan bəstəkarları Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin əsərləri isə Elmira xanımın ifasında yalnız Bakının deyil, həm də Moskvanın konsert səhnələrində səslənirdi.
Təhsil aldığı müddətdə Elmira xanım Üzeyir Hacıbəyov adına təqaüdə layiq görülmüşdü. «Bu mənim üzərimə bir çox öhdəliklər qoyurdu. Mən bizim hamımız üçün, bütövlükdə Azərbaycan üçün böyük işlər görmüş gözəl musiqiçi və bəstəkar Üzeyir Hacıbəyov fəaliyyətinin böyüklüyünü həmişə dərk etmiş və qarşısında baş əymişəm.», deyə Elmira xanım qeyd edirdi («Molodecğ Azerbaycana» qəzeti, 30 Yanvar, 1992-ci il).
Elmira Səfərova 11 yanvar 1997-ci ildə 62 yaşında dünyasını dəyişmişdir.[1]