Zoologiyanın bölmələri |
Zoologiyanın şöbələri |
Akarologiya • Antropologiya |
Görkəmli zooloqlar |
Georq Kyuvye · Çarlz Darvin |
Tarix |
Entomologiya (yunanca έντομον - cücü, λόγος - öyrənmək) - həşəratları öyrənən elm. Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir. Müasir entomologiya elmi biologiyanın inkişaf edən ən mühüm sahələrindən biri olub, praktika ilə sıx bağlıdır və onun ümumi entomologiya, kənd təsərrüfatı, meşə, tibbi və baytarlıq entomologiyası kimi müstəqil sahələri vardır.
Həşərat haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotel (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərində rast gəlsək də onların öyrənilməsinə XVII əsrdən başlanmışdır. XVII-XVIII əsrlərdə italyan alimi M.Malpigi (1628-1694), Hollandiya alimi Y.Svammerdam (1634-1684), məşhur İsveç alimi K.Linney (1707-1778), görkəmli təbiətşünas və səyyah, akademik P.S.Pallas (1741-1811) həşəratın anatomiyası, metamorfozu, təsnifatı, morfologiyası, biologiyası, faunası haqqında bir çox tədqiqatlar aparmış və əsərlər yazmışlar. XIX əsrdə entomologiya bir elm kimi formalaşır və 1832-ci ildə Fransada, 1833-cü ildə İngiltərədə entomologiya cəmiyyəti yaranır.Rusiysda isə 1859-cu ildə rus entomologiya cəmiyyəti yaradılmış və onun ilk prezidenti məşhur alim, akademik K.M.Ber olmuşdur. Azərbaycanda entomologiya elminin inkişafı Sovet hakimiyyəti dövrünə təsadüf edir. Bu məqsədlə Azərbaycan Dövlət Universitetində, 1923-cü ildə təşkil olunmuş Mikrobiologiya institutunda entomologiyaya aid ilk tədqiqat işləri aparılmağa başlanır. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya bölməsinin, 1935-ci ildə Zoologiya İnstitutunun təşkili ilə əlaqədar olaraq entomoloji tədqiqatların aparılması üçün daha əlverişli şərait yaradılmış olur. Bununla yanaşı Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunda, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda və s. elmi idarələrdə entomologiya elminin müxtəlif sahələrinə aid elmi tədqiqat işləri aparılmağa başlanıldı və hal-hazırda davam edir[1].
Zərərli həşəratlar kənd təsərrüfatı bitkilərinə hər il kəskin dərəcədə zərər vurur. Bunu nəzərə alaraq respublikamızda zərərvericilərin bioloji xüsusiyyətlərini öyrənmək və onlara qarşı mübarizə aparmaq üçün bir çox idarə və müəssisələr yaradılmışdır. Belə ki, 1924-cü ildə Muğan təcrübə stansiyası, 1925-ci ildə Xanlar (Göy-göl) rayonunda entomoloji kabinet, 1930-cu ildə Maştağa qəsəbəsində ÜİBMİ-nun stansiyası fəaliyyət göstərməyə başlamışdır.
Həşəratın bədəninin üzəri möhkəm xitinləşmiş kutikula ilə örtülmüşdür, 3 hissədən ibarətdir-baş, döş və qarın. Hər bir hissə müxtəlif buğumlardan təşkil olunmuşdur. Baş hissə (caput) 5 buğumun möhkəm birləşməsindən əmələ gələn kəllə kutusundan ibarət olub, ağız orqanlarına, bığcıqlara, 2-3 ədəd sadə və bir cüt mürəkkəb gözə malikdir. Həşərat sinfində bığcıqsızlar dəstəsi (Protura) müstəsna olmaqla, hamısında bığcıq inkişaf etmişdir. Vəzifə etibarı ilə bığcıqlar hiss orqanları, yəni lamisə və iybilmə orqanlarıdır. Quruluş baxımından müxtəlif həşəratlarda müxtəlif cür olur. Həşəratların qılşəkilli, sapşəkilli, təsbehşəkilli, mişarşəkilli, daraqşəkilli, sancaqşəkilli, çomaqşəkilli, iyşəkilli, lövhəşəkilli, dirsəkli, dirsəkli-sancaqşəkilli, dirsəkli-daraqşəkilli, lələkşəkilli, qılıncşəkilli, qeyri-müntəzəm və qıllı bığcıq tipləri vardır. Qidalanma xüsusiyyətindən asılı olaraq həşəratlarda bir neçə tip ağız orqanları inkişaf etmişdir: gəmirici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. Hər bir ağız orqanının özünə məxsus xüsusiyyətləri və quruluşu vardır. Döş bədənin ikinci hissəsi olub, 3 büğumdan ibarətdir. Hər bir buğumunda bir cüt ayaq vardır. Ayaqlar çanaq, burma, bud, baldır və pəncədən ibarətdir, əsasən hərəkət vəzifəsini görür. Həşəratlarda yüyürücü (tarakan və karabid böcəklərdə), yeriyici (uzunbığ, uzunburun və yarpaqyeyən böcəklərdə), tullandırıcı (çəyirtkəkimilər, şalalar və sisəklərdə), üzücü (üzər böcəyi və subitində), qazıcı (danadişi, peyin və qabıqyeyən böcəklərdə), tutucu (dəvədəlləyi, su əqrəbləri və torqanadlılarda), sorucu (üzər böcəyin erkək fərdlərində), yığıcı (arılarda) ayaq tipləri olur. Qanadlı həşəratlarda orta və dal buğumun hər biri bir cüt qanada malikdir. Quruluş etibarı ilə qanadların torşəkilli, pərdəşəkilli, sərt və yarımsərt tipləri vardır. Qarın bədənin üçüncü hissəsi olub, həşəratların növlərindən asılı olaraq 4-dən 11-ə qədər buğumdan ibarət olur[2].
Həşəratın dəri örtüyü kutikula, hipoderma və bazal pərdəsindən ibarətdir. Əzələ sistemi mürəkkəb quruluşlu olub, somatik və ya skelet əzələlərindən, daxili və ya visseral əzələlərindən ibarətdir. Həşəratlarda əsasən eninəzolaqlı əzələ tipi mövcuddur. Həşəratın bədən boşluğunda onun daxili orqanları yerləşir. Onun həyatında piy cisimciyinin böyük rolu vardır. Piy cisimciyi bir tərəfdən qidalı maddələrin toplanmasında iştirak edir, digər tərəfdən isə maddələr mübadiləsinin məhsullarını udmaqla, fizioloji funksiyanı yerinə yetirir. Xüsusilə, həşəratın sürfə mərhələsində piy cisimciyi yağ, zülal və karbohidratlar kimi qidalı maddələrin ehtiyatını toplayır. Həzm sistemi başda yerləşən ağız dəliyi ilə başlayır və qarın hissənin axırıncı buğumunda anal dəliyi ilə nəhayətlənir. Həşəratın qan-damar sistemi açıqdır, qan bədən boşluğu ilə əlaqəli olur və daxili orqanları yuyur. Tənəffüs sistemi bədənin yanlarından keçən və daxildə şaxələnən boruşəkilli traxeyalardan ibarətdir. Əsas ifrazat funksiyasını malpigi boruları yerinə yetirir. Həşəratın bədən orqanlarının fəaliyyəti və onlar arasındakı qarçılıqlı münasibət sinir sistemi vasitəsilə idarə olunur. Hiss, lamisə, iybilmə, dadbilmə və görmə orqanları bəzilərində yaxşı, bəzilərində isə zəif inkişaf etmişdir. Eşitmə orqanları heç də həşəratların hamısında inkişaf etməmişdir, əsasən səs çıxaran növlərdə daha yaxşı inkişaf etmişdir. Həşəratların demək olar ki, əksəriyyəti müxtəlif cinslidir (erkək və dişi). Az bir qismi hermafroditdir[3].
Həşəratda çoxalma – Həşəratlarda çoxalma əsasən yumurta qoyma ilə gedir. Buna baxmayaraq, bəzi həşərat növləri vardır ki, onlar yumurta qoymadan diri sürfə doğur. Həşəratlar aşağıdakı üsulla çoxalırlar:
Həşəratın inkişafı – Həşəratın inkişafı iki mərhələdə gedir: 1. Rüşeymin inkişafı – bu inkişaf yumurta daxilində gedir (embrional inkişaf). 2. Rüşeymdən sonrakı inkişaf (postembrional) – həşərat yumurtadan çıxandan sonra başlayıb və məhv olan zaman qurtarır.
Sürfələrin (tırtılların) əsas funksiyası qidalanma və böyümədən ibarətdir. Ona görə də bu inkişaf dövrü kənd təsərrüfatı bitkilərinə daha çox zərər verirlər. Sürfələr müxtəlif formalarda olurlar.
Pupun inkişafı – Sürfə (tırtıl) öz böyüməsini bitirdikdən sonra artıq qidalanmır, sonuncu dəfə qabıq dəyişir, həzm kanalını təmizləyir və pup halına keçir. Pup inkişaf fazasında yetkin həşəratda olan orqanlar, o cümlədən qanadları, bığcıqları, gözləri və s. görmək olur. Pup dövründə həşərat hərəkt etmir və qidalanmır.
Müxtəlif dəstələrin nümayəndəsi olan zərərvericilərdən başqa, təbiətdə xeyirli həşəratlar da mövcuddur. Məsələn, bal arısı xeyirli həşəratdır. Belə ki, meyvə ağaclarının tozlanmasında böyük rolu vardır. Bal arsının istehsal etdiyi bal məhsulu insanlar üçün qiymətli qida məhsuludur.
Tut ipəkqurdu xeyirli həşəratdır. Onun istehsal etdiyi baramadan ipək sap əldə edilir ki, bundan da sənayedə istifadə edilir.
Lak yastıcasının istehsal etdiyi lakdan sənayedə, xüsusilə təyyarə qayırmada istifadə edilir.
Yuxarıda göstərilən xeyirli həşəratlardan başqa təbiətdə xeyirli yırtıcı və tüfeyli həşəratlar da vardır.
Yırtıcılardan 7 və 2 nöqtəli parabüzən, karabus böcəkləri və yırtıcı bağacıqları göstərmək olar.
Tüfeyli həşəratlardan isə yumurta yeyən trixoqamma, telenomus, apanteles, anilasta, habrobrakon minicisi və s. qeyd etmək olar.
Göstərilən yırtıcı və tüfeyli həşəratlar heç bir kənd təsərrüfatı bitkilərinə zərər vermir, əksinə zərərvericilərin məhv edilməsində çox aktiv iştirak edirlər.