Epigenez (tibbi nəzəriyyə)

Epigenez – orqanizmlәrin ardıcıl olaraq yeni orqanların әmәlә gәlmәsi yolu ilә rüşeymdәn inkişaf etmәsi haqqında nәzәriyyә.

Epigenetik anlayışlar әsasәn 17–18 әsrlәrdә preformizmlә mübarizәdә әmәlә gәlmişdir (U. Harvey, İ. Büffon vә xüsusilә K.F. Volf). Sitologiya vә genetikanın uğurları sayәsindә müәyyәn olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrәlәrin mikrostrukturu ilә müәyyәn edilir. K.Volfun әsәrlәri sayәsindә (18 әsrin sonu) Epigenez konsepsiyası qalib gәldi vә embriologiyanın inkişafına tәkan verdi. 19 әsrin 70–80-ci illәrindә sitologiyanın müvәffәqiyyәtlәri Epigenezi tәkzib edәn irsiyyәtә dair çoxlu konsepsiyanın meydana çıxmasına sәbәb oldu. 19 әsrin sonunda inkişaf mexanikasının tәşәkkülü vitalist xarakterli epigenetik nәzәriyyәlәrin bәrpası ilә nәticәlәndi. 20 әsrdә genetikanın meydana gәlmәsi ilә yalnız xarici, yaxud qeyri-maddi amillәrdәn asılı olan tam yeni törәnәn prosesin inkişafı haqqında primitiv anlayışlar әvәzinә, orqanizmlәrin ontogenez qanunauyğunluqlarını müәyyәnlәşdirәn genetik informasiyalar tәlimi yarandı.

İstinadlar[redaktə | mənbəni redaktə et]