Epik teatr

Bertolt Brecht 1954-cü ildə

Epik teatr teatrın siyasi ideyalar üçün nəzərdə tutulmuş formasıdır. Bu, Bertolt Brechtin birbaşa Marksizimin-Leninizmin təsiri ilə yaratdığı və müraciət etdiyi auditoriyasının da fəhlə sinfi kimi müəyyən etdiyi bir nəzəriyyədir.[1] Epik sözünün burada işlənən mənası ilə xalq arasında işlədilən dastan mənalı epik sözün arasında heç bir əlaqə mövcud deyildir.

Əsas məqsədi teatrın; təkcə lüks həyat forması kimi cəmiyyətin elit təbəqələrini özünə cəlb etməməsi, həm də sadə insanların problemləri ilə məşğul ola biləcək bir anlayışa çevrilə biləcəyini göstərməkdir.[2]

Marksizmin fəlsəfi, siyasi və iqtisadi təhlillərini teatr səhnəsində nəzəri və praktik olaraq əks etdirməyə çalışır. Brext tərəfindən elmi dövrün teatrı kimi qiymətləndirilən epik teatr kapitalizmi və sinfi cəmiyyəti tənqid edir; Tamaşalar çox vaxt inqilabın zəruriliyinə birbaşa işarə etməsələr də, mövcud sistemin nöqsanlarını göstərmək yolu ilə bu sistemdən imtina edərək öz tamaşaçılarını başqa alternativlər üzərində düşünməyə dəvət edirlər.[3]

Müəllifin öz tamaşaçısını cəlb etmək istədiyi bu fəal tənqidi mövqe, münasibət öz əksini ilk dəfə 1927-ci ildə Brextin istifadə etdiyi epik teatr anlayışının təsvirində tapmışdır. Brext canlandıran, təqlid edən və aldadan realist teatr ideyasından fərqli olaraq, özünün epik teatrını teatrın tamaşaçıları aldadan illüziya tərəfi məhv edilmiş ifadəli, tamaşaçıya reallığı olduğu kimi təqdim edən teatra çevirməyi qarşısına məqsəd qoyur. Brextə görə, görünənin arxasındakı həqiqəti göstərmək burjua realizmi və tam teatr qavrayışı ilə mümkün deyildir. Əksinə, bu qavrayışı məhv edəcək, tamaşaçını determinist səbəb-nəticə əlaqəsinin məngənəsindən xilas edəcək, bununla da illüziyanı yox edəcək yeni bir teatra ehtiyac vardır.[4][5]

Müəllifin siyasi teatrını Piskatorunkundan fərqləndirən də onun tamaşaçını öz üzərinə götürməyə dəvət etdiyi bu fəal münasibətdir.[6] Epik teatr tamaşaçını müşahidəçi statusuna təyin edir, tamaşaçıdan mühakimə etməyi tələb edir. Müəllif buna nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Səhnəyə qoyulmuş pyeslər epizodik olaraq bölünür və bu epizodlar arasındakı səbəb-nəticə əlaqəsi mümkün qədər boş saxlanılır. Brext epizodların əvvəlinə hətta izahlı mahnılar və qeydlər yerləşdirir; bu yolla maraq ünsürü mümkün qədər aradan qaldırılır. Tamaşaçıların tamaşadan uzaq dura bilməsi üçün müəllifin istifadə etmiş olduğu başqa bir metodu da tarixiləşdirmədən istifadə etməsidir. Tarixiləşdirmədən istifadə edərək, o pyeslərində baş verən hadisələrin keçmiş zamanlarda və yaxud da başqa cəmiyyətlərdə baş verdiyini göstərir. Bunu belə etməsinin əsas səbəbi Brextin narahatlığıdır. Belə ki, Brext ondan narahatdır ki, indiki dövrdə və indiki cəmiyyətdə baş verən hadisələr əsasında hazırlanmış bir tamaşa tamaşaçının aktiv tənqidi münasibətini müəyyən etməyə və ya tamamilə itirməsinə səbəb olacaqdır.

Brechtin istifadə etdiyi ən məşhur vasitə yadlaşdırma effektidir və ən ümumi mənada tamaşaçılara səhnədə olanın tamaşa olduğunu xatırlatmaq məqsədi daşıyır.[7][8][9] Beləliklə, tamaşaçıların tamaşaya qapılmasının, zehnə, məntiqə əsaslanan tənqidi münasibətini itirməsinin, emosiyalarına qapılmasının qarşısı alınır. Epizodik izahat və tarixiləşdirmə kimi vasitələrin istiqamətləndirildiyi məqsədə xidmət edən yadlaşdırma tamaşanın bütün strukturundan müstəqil formada nəzərdən keçirilə bilinməz. Althusserin fikrincə, Brextin yadlaşdırması birbaşa dialektik materializm fəlsəfəsi ilə əlaqədardır. İnsanları, hadisələri və cəmiyyəti bitmiş və ya tamamlanmış kimi qəbul etmir. Konkret vəziyyətləri təhlil etməyə kömək edir. Brecht yazır: "İkinci heç bir fikir olmadan asanlıqla başa düşülə bilinəcəyi düşünülən bir şey [yadlaşdırma ilə] xüsusilə başa düşülməz vəziyyətə gətirilə bilər. Ancaq bir şərtlə: Sonda bunu həqiqətən də başa düşmək üçün." Althusserə görə, məhz bu baxış üslubu, dialektik baxışdır: bildiyini zənn edən auditoriyaya yadlaşdırma yolu ilə həqiqi biliyə çatmaq imkanı vermək.[10]

Walter Benjamin öz yazılarında Brextin jest konsepsiyasını qeyd edir. Bu konsepsiya tamaşa mətnləri ilə əlaqədar olmaqdan daha çox nümayiş etdirici məna daşıyır. Daha dəqiq bir formada Brext Aktyorluqu adı altında tədqiq bilən bu konsepsiyanın əsas məntiqi aktyorun səhnədə canlandırdığı personajın mənsub olduğu sinfi mövqeyini meydana çıxaracaq üz və ya bədən hərəkətlərindən istifadə etməsidir.[11] Məsələn, aktyorun canlandırdığı personajın döşəməni necə süpürməsi jest ola bilər. Daimi olaraq döşəmə süpürməyə adət etmiş qulluqçu qızın döşəmə süpürmə hərəkətləri ilə, döşəmə süpürmək məcburiyyətində qalan şahzadənin döşəmə süpürmə hərəkətləri arasında olan fərq onların sinfi fərqlərini meydana çıxarmaq üçün vasitə olacaqdır.

"Kiçik Organon" əsərində Brext teatrın əyləncə tərəfinin nə qədər vacib olduğunu bildirmişdir. Lakin o bunu burjua teatrının əyləncə konsepsiyasını tənqid etməklə həyata keçirmişdir. Deyir ki, Epik Teatrın çatmağa, əldə etməyə çalışdığı tamaşaçı aldadılmaqdan deyil, öyrənməkdən, bilməkdən, təhlil etməkdən həzz alan tamaşaçılardırlar.[12]

  1. "Brecht, interruptions and epic theatre". British Library. 7 September 2017. 9 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  2. Wiles (1980).
  3. Barnett, David. Brecht. Bloomsbury Publishing Plc. 2015.
  4. Brown, Hilda Meldrum. Leitmotiv and Drama. Oxford: Clarendon Press. 1991.
  5. "Richard Wagner's Concept of the 'Gesamtkunstwerk'". 11 March 2013. 15 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  6. Willett (1964) 281.
  7. Schall, Ekkehard. The Craft of Theatre: Seminars and Discussions in Brechtian Theatre. Bloomsbury Publishing. 2015. səh. 205. ISBN 9781474243308.
  8. Brown, Hilda Meldrum. Leitmotiv and Drama. Oxford: Clarendon Press. 1991.
  9. "Richard Wagner's Concept of the 'Gesamtkunstwerk'". 11 March 2013. 15 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  10. Genet (1966, 25).
  11. Quoted by Willett (1964) 282.
  12. Brecht (1949, 276).