Eremurus

Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur.

Çiriş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər.

Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir. Bitkinin yaşından asılı olaraq yoğunlaşmış iyşəkilli kökləri sayı 6-12 ədəd olur. Onlar ətli-şirəli olub, içərisi ehtiyat qida maddəsi ilə zəngindir. Kökləri kök boğazında yaxın yerdən rozet (ulduzaoxşar) formalı olub, əsasda yoğun, kənarlara doğru getdikcə nazikləşir və bir növ yerkökünü xatırladır. Kökyumrusunun boğazında kətanaoxşar köhnə yarpaqların izləri vardır. Yarpaqlarının uzunluğu 20-40 sm-ə çatır. Gövdəsi rozet yarpaqların içərisindən çıxır. Çiçək salxımı ilə birlikdə 125-140 qədər olur.

Abşeron şəraitində bu növün vegetasiya iqlim şəraitindən asılı olaraq fevralın birinci ongünlüyündə, qönçələrin əmələ gəlməsi aprelin əvvəlində, çiçəkləməsi aprelin üçüncü ongünlüyündə başlayır və 25 gün qalır. Çiçəklərindən yaraşıqlı gül dəstəsi düzəltmək mümkündür. Çiçək salxımında çiçəklərin sayı təbii şəraitə nisbətən mədəni əkin şəraitində daha çox olur.

Salxımın uzunluğu 25-35 sm olmaqla, üzərində 180-250-yə qədər açıq narıncı rəngli çiçəkləri olur. Gövdəsi hamar olur, uzunluğu 125 sm-dən çox olur. Yarpaqları 6-12 ədəd olub, tünd yaşıl, bəzən gümüşüyə çalan rəngdə olur. Uzunluğu 28-35 sm, eni 3,8-4 sm-dir.

Azərbaycan çirişi növündə yeraltı iyəbənzər ətli kökləri yaxşı inkişaf edir. Köklərin sayı bitkinin yaşından asılı olaraq 8-12 ədəd olur, uzunluğu 10-16 sm, diametri( ən yoğun yerdən) 5,2 sm, çəkisi 1200 qram olur.

Toxumları iyun ayının ortalarında yetişir. Toxumlar yetişən zaman salxım üzərində 152 toxum qutucuğu əmələ gəlir. Qutucuq şar şəklində olub, üzəri qırışlıdır. Tək-tək hallarda hamar olur. Qutucuğun hündürlüyü 0,1 -1 sm, diametri 0,6-0,8 sm-dir. Bitkinin yerüstü hissəsi tam quruyana kimi qutucuq gövdə üzərində qalır. Bir qutucuqda 8 ədəd toxum olur. Toxumların forması nahamar, kənarları iti, rəngi alabəzgəkdir. Bitkidə 1146 toxum yetişir. Toxumların 1000 ədədinin quru çəkisi 16,5 qramdır. Bitkinin illik vegetasiya müddəti 229 gündür.

Qulluğa bir o qədər tələbkar olmayan çirişin becərilməsi zəhmət tələb etmir. Ancaq yaxşı məhsul əldə etmək üçün torpağa bir az qulluq tələb olunur.

Yaxşı olar ki, torpaq yüngül qumsal olsun. Əkməzdən qabaq hər hektar torpağa əkinqabağı 120-150 kq fosfor, 80-120 kq kalium vermək lazımdır. Kalium və fosforun 50%-nin payızda şum altında, qalan 50%-nin isə vegetasiya müddətində yemləmə şəklində verilməsi məsləhətdir. Azot gübrəsinin 45%-ni torpağın əkinqabağı hazırlanması vaxtı, 25-35%-ni əkindən 20-25 gün sonra birinci yemləmə vaxtı, 35-45%-ni isə kütləvi çiçəkləmə başa çatdıqdan sonra vermək məsləhətdir.

Çiriş əkiləcək sahənin hazırlanmasına avqust ayında başlamaq lazımdır. Sahə bitki qalıqlarından, alaqdan, daşkəsəndən, zibil və tullantılardan təmizlənməli və sahədən kənara çıxarılmalıdır. Torpaq 25-30 sm dərinlikdə bellənib hazırlanmalıdır.

Çiriş generativ (toxumları) və vegetativ orqanları vasitəsilə çoxaldılır. Toxumlarla çoxaldılma zamanı bitki 5-7 ildən sonra çiçəkləyib toxum verir. Bu da təsərrüfat və istehsal üçün bir o qədər faydalı deyil. Yalnız seleksiyada yeni sort almaq məqsədilə toxumla çoxaldılmadan geniş istifadə edilir.

Çiriş bitkisi toxumlarla çoxaldıqda gec çiçək verməsinə baxmayaraq, ondan çoxsaylı əkin materialı əldə etmək mümkündür. Bu əkin materialından müxtəlif məqsədlər üçün istifadə etmək olar.

Toxumları payızda, oktyabr ayının 20-dən başlayaraq səpmək məsləhətdir. Toxumlar əvvəlcədən düzəldilmiş və şırımlar açılmış ləklərə səpilir. Bunun üçün şırımlara alt hissədə 1-2 sm dərinliyində bir az qidalı torpaq (1:1:1 nisbətində peyin, yarpaq çürüntüsü, yuyulmuş, dəniz qumu) tökür, sonra toxumları həmin şırımların içərisində səpilir. Yaxşı aqrotexniki qulluq edildikdə cücərmə faizi 90-100 % olur.

Vegetativ yolla çoxaldıldıqda ana bitkini üzərində 2 kök tumurcuğu olmaqla bölüb çoxaldırlar. Bu qayda ilə bir ana bitkidən 2-4 əkin materialları almaq mümkündür. Həmin əkin materiallarını əkdikdə 2-3 ildən sonra çiçəkləyib toxum əmələ gətirir.

Çiriş vegetasiyaya başlayanda, yəni yarpaqları torpağın üzərində 6-15 sm uzunluğunda olanda toplanır. Toplanarkən torpağın 3-4 sm dərinliyindən, kökboğazına yaxın yerdən çəpinə kəsilir. Təzə çıxan yarpaqlar seliklə zəngindir. Ona görə onu çəpinə və torpağın altında kəsmək lazımdır ki, kəsilmiş yerə torpaq avtomatik olaraq tökülsün. Əks təqdirdə çirişin köklərindən olan selikli şirə, ehtiyat qida maddəsi kəsik yerdən axıb bitkini zəiflədər və nəticədə bitki gücdən düşər, qidalanması zəifləyər və çürüyüb tələf olar. Bu qaydalara əməl etsəniz sahələrində heç vaxt çirişin kökü kəsilməz və siz ondan daim istifadə edərsiniz.

Abşeron şəraitində aparılmış təcrübələr nəticəsində müəyyən edilmişdir ki, çiriş bitkisi öz-özünə toxumla çoxala bilir və 3-5 ildə 1-2 km məsafəyə yayılır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda bitən çiriş növləri: Azərbaycan çirişi (Eremurus azerbajdzhanikus Charkev.) və Görkəmli çiriş (Eremurus spektabilis Bieb.).

Azərbaycan çirişi növünün ukraynalı alim S.S.Xarkeviç Qafqaza ekspedisiya zamanı, Azərbaycan florasında bitən bitkiləri də tədqiq edərkən müəyyənləşdirmişdi. O, 1959-cu ilin may ayında Xaldan rayonu ətraflarından topladığı çirişin yeni növünü müəyyən etmiş və bu növü Azərbaycan çirişi adlandırmışdır. Sonralar 1975-ci illərdə tədqiqatlar zamanı bu növün Füzuli rayonunun Dövlətkarlı kəndinin 3 km-də yerləşən Dilağarda çalında da (dağında) bitdiyi müəyyən edilmişdir. Hər 2 növ texniki dərman və qida bitkisi kimi geniş istifadə olunur.

Azərbaycanda çiriş ən çox Naxçıvan MR-nin Ordubad, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur, Kəngərli rayonlarında, Ağstafa, Qazax, Xaldan, Göyçay, Füzuli, Xonaşen, Cəbrayıl, Lerik, Yardımlı və s. rayonların aşağı, orta dağ qurşaqlarında, gilli-daşlı torpaqlarda, ən çox qaratikan kolları ətrafında bitir.

Azərbaycan MEA Mərkəzi Nəbatat Bağında 1967-ci ildən geofit bitkilərin təcrübə sahəsində çiriş bitkisinin kolleksiyası yaradılmış və bitkinin bir sıra xüsusiyyətləri, becərilməsi, çoxaldılma qaydası, istifadə olunması və qorunması tədbirləri öyrənilmişdir.

Çiriş bitkisindən hələ lap qədimdən müxtəlif məqsədlər üçün istifadə etmişdir. Azərbaycanın bir çox rayonlarında yerli əhali çirişdən tərəvəz bitkisi kimi istifadə edir. Bitki fevral-mart aylarında kütləvi vegetasiyaya başladığı vaxt, yeni yarpaqlar torpağın üzərində 6-15 sm hündürlüyündə olarkən toplanır. Bu vaxt çalışmaq lazımdır ki, bitki torpağın 3-4 sm dərinliyindən, kök boğazına yaxın yerdən, kök boğazını zədələməmək şərti ilə kəsilib toplansın. Yeni açan 6-10 ədəd yarpaq zər pərdə ilə örtülü olur. Bu vaxtlar yarpaqlar selik və C vitamini ilə zəngin olur. Rozetşəkilli yarpaqlar zər içərisindən xeyli artıq çaxanda onun qidalılıq keyfiyyəti aşağı düşür. Toplanmış yarpaqlara bıçaq ilə toxunan kimi aralanır. Yarpaqlar duzlu suda pörtüləcək acı suyu atılır, sonra soğanla yağda qızardılır. Bundan başqa çirişdən dadlı kətə və qutab hazırlanır.

Kətə və qutab bişirmək üçün çirişə soğan, dağkeşnişi və quzuqulağı əlavə edilib doğranır. Doğranmış qarışığa azacıq duz qatıb adi qaydada kətə, yaxud qutab bişirirlər. Zövqə uyğun heç bir göyərti qatmadan təkcə çiriş ilə bişirilmiş kətə çox dadlı olmaqla, mədə və bağırsaq xəstəlikləri, xüsusən bağırsaq iltihabı xəstəliyi (kolit) zamanı çox xeyirlidir.

Çiriş bitkisindən keyfiyyətli çiriş yapışqanı hazırlanır. Hətta yaxşı hazırlanmış çiriş yapışqanından keçmişdə dərzilikdə, papaqçılıqda və çəkməçilikdə çox geniş istifadə edilib. Çiriş yapışqanından istifadə edən sənətkarların dediklərinə görə papağın dimdiyinə, pencəyin yaxalığına, çəkmələrin dabancıq və burun hissəsinə, kisə parçalara sürtülən çiriş əgər su dəyməsə 200-250 il öz möhkəmliyini saxlama qabiliyyətinə malik olur.

Ədəbiyyat məlumatlarına görə vaxtilə Göyçay rayonunun Qaraməryəm kəndində çiriş yapışqanı hazırlamaq üçün fabrik və çiriş üyütmək üçün dəyirman fəaliyyət göstərmişdir. Bunun üçün çirişin kökyumruları toplanıb təmizlənir və qurudulur. Qurudulmuş kökyumrusu üyüdülür. Bu qayda ilə hazırlanmış çiriş tozu su ilə qarışdırılır yapışqan hazırlanır. Həmin yapışqandan müxtəlif məqsədlər üçün geniş istifadə etmək mümkündür. Bu yapışqan orqanizmə heç bir zərər vermir.

Çiriş tozunun qarağacın qabığının dəmlənməsindən hazırlanmış dəm ilə qarışığı ən təhlükəli sınıqların, çıxıqların müalicəsində əvəzolunmaz əhəmiyyətə malikdir. Sınıq, çıxıq xəstəliklərinin müalicəsi zamanı çox vaxt həkimlər xaş yeməyi məsləhət görürlər ki, sınmış orqanlarda, əzalarda bitişmə, müalicə tez başa çatsın. Topladığımız məlumatlar və apardığımız təcrübələr göstərmişdir ki, çıxıq və sınıqlı xəstələrin müalicəsi zamanı çiriş bitkisinin yarpaqlarından hazırlanmış buğlama, kətə, qutab və s. yeməklərdən istifadə etmək xəstəliyin hədsiz dərəcədə tez müalicə olmasına səbəb olur.

Çiriş bitkisindən "eremuran" adlı maddə alınmışdır ki, həmin maddə ilə hopdurulmuş polietilen örtük tərəvəzi 6 ay tez saxlamaq qabiliyyətinə malikdir.

Çiriş təbabətdə

[redaktə | mənbəni redaktə et]

Çirişlə müalicə qaydaları

[redaktə | mənbəni redaktə et]

Çirişin kökyumrusundan, kökündən, yarpağından və çiçəyindən lap qədimdən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunmuşdur. Onun kökyumrusundan alınmış çiriş tozundan və yaxud unundan hazırlanmış məlhəmdən (təpitmədən) sınıq və çıxıqların çiban və dolama tipli yaraların müalicəsində istifadə olunur.

A.X Rollovun 1908-ci ildə "Qafqazın yabanı bitkiləri, onların yayılması və istifadəsi qaydaları" adlı kitabında hələ o vaxt Zaqafkaziyada 5000 pud çiriş tədarük edildiyi göstərilir.

Qafqazın İpəkçilik Stansiyasında tədqiq edilmiş çiriş unu belə təsvir edilir: çiriş tozunun su ilə qarışığından qatı, bulanıq, qeyri-şəffaf olan yapışqan alınır. Bu yapışqanın tərkibində 16,37 % su, 29,14 % kül, 15% kitrə (qummi, yapışqan), 20 % petin maddəsi vardır. Ondan alınmış külün tərkibində isə 5,77 % xlor, 4,49 % maqnezium, 21,83 % əhəng, 2,54 % kükürd anhidridi vardır.

Sınıq və çıxıqların müalicəsi

[redaktə | mənbəni redaktə et]

Çiriş bitkisi illik vegetasiyanı başa vurduqda, yeni yerüstü hissəsi quruduqda (bu iyun ayında baş verir) onu qazıyıb çıxarır, köklərini yarpaqdan, torpaqdan təmizləyib qurudurlar. Sonra həvəngdəstədə, xırda dəyirmanda və ya kofe üyüdəndə üyüdürlər. Çiriş unundan (tozundan) 3 xörək qaşığı götürüb (sınığın ölçüsündə asılı olaraq az və ya çox da götürmək olar), qarağac qabığını suda tünd dəmindən (qabığı xırda-xırda doğrayıb adi çay kimi dəmləyir, 2 stəkan suya 4 xörək qaşığı qabıq əlavə edilir) təpitmə hazırlayırlar. Təpitmə yuxadan bir az qalın, yeni fətir qalınlığında olmalıdır. Sınıq yer təmiz spirtlə silinib təmizlənir. Hazırlanmış təpitməni (məlhəmi) ağ çit parçaya yaxır, üzərinə bir balaca yumurta ağı çəkirlər. Səriştəli, təcrübəli sınıqçı sınmış yerləri qaydaya salır. Hazırlanmış məlhəmi sınığın üzərinə qoyur. Sonra sınıqdan asılı olaraq, həmin hissəni taxta parçası, iri qarğını iki yerə bölüb ondan hazırlanmış xüsusi alətlərlə sarıyırlar. Bütün əməliyyat təcrübəli türkəçarəçi loğmanın əli ilə aparılsa, həmin hazırlanmış davacatın əvəzi olmaz. Dəvədən, atdan, ulaqdan yıxılanlar, müxtəlif qəzalar zamanı sınıq alanlar bu üsuldan faydalana bilərlər.

Davacat düzgün hazırlanmalı, sarğı çox səliqəli aparılmalıdır. Sarğı 3 gündən bir dəyişdirilməlidir. Yaxşı olar ki, müalicə ərəfəsində çiriş yarpaqlarından kətə bişirilsin və gündə kətə yeyilsin. Bu sınaqların birləşməsini daha da sürətləndirir.

İrin, dolama, çiban tipli yaraların müalicəsi

[redaktə | mənbəni redaktə et]

Bir ədəd çirişin kökünü götürüb yaxşı-yaxşı təmizləyir, qurudur, sonra onu üyüdürlər. Çiriş tozundan 100 qram götürüb 100 qram təmiz balla qarışdırıb vam odun üzərində qaynadırlar. Azacıq soyuduqdan sonra davacatın üzərinə 30 qram əzvay şirəsi qatırlar. Bu qayda ilə hazırlanmış davacatı məlhəm və ya təpitmə şəklində dolamanın, irinləmək istəyən hovlanmış kor çiban tipli yaraların müalicəsində istifadə etmək olar.

Mədə-bağırsaq xəstəlikləri

[redaktə | mənbəni redaktə et]

Mədə-bağırsaq, qarayara, bağırsaq keçməzliyi zamanı çirişin xüsusi müalicəvi əhəmiyyəti vardır. Çirişin tək yarpaqlarından hazırlanmış buğlama, sıyıq, kətə, qutab və s. xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmləndirilməsi üçün daha çox faydalıdır.

Toplanmış çiriş yarpaqları duzlu suda pörtülür, acı suyu çıxarılır. Qazana aşağı hissədən bir qat çiriş düzülür, sonra üzərinə düyü, alça və ya gavalı turşusu əlavə edilir. Daha sonra xırda doğranmış soğan düzülür. Onların üzərinə bir stəkan ilıq su tökülür. Vam odun üzərində qoyulur. Yemək qaynara düşəndən 15 dəqiqə sonra üzərinə 2 xörək qaşığı yağ əlavə etmək lazımdır. Sonra bir qaşıq götürüb dadına baxırsınız. Tam bişibsə götürmək məsləhətdir. Bu qayda ilə hazırlanmış buğlama və sıyıq yazqabağı vitamin qıtlığından əziyyət çəkən orqanizmi vitaminlərlə qidalandırır, həmçinin qida borusu, mədə və bağırsağın divarlarını yumşaldır.

  1. CHASE M. W., REVEAL J. L., FAY M. F., Reveal J. L., Fay M. F. A subfamilial classification for the expanded asparagalean families Amaryllidaceae, Asparagaceae and Xanthorrhoeaceae (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 132–136. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.00999.X