Estoniya–Yaponiya münasibətləri

Estoniya–Yaponiya münasibətləri (est. Eesti-Jaapani suhted; yap. 日本とエストニアの関係) — Estoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında əlaqələr Yaponiya-Baltik Əməkdaşlıq Dialoqu vasitəsilə inkişaf edir.[1]

Estoniya–Yaponiya münasibətləri
Estoniya və Yaponiya
 Estoniya  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Yaponiya 6 mart 1919-cu ildə Estoniyanın müstəqilliyini de fakto tanımışdır.[2] Yaponiyanın da daxil olduğu Antanta Ali Şurası 26 yanvar 1921-ci ildə Estoniyanın müstəqilliyini de yure tanıdığını açıqlamışdır.[2] Yaponiya tərəfindən 1921-ci ildə Riqaya göndərilmiş müvəqqəti işlər vəkili Estoniya üçün də nəzərdə tutulmuşdu.[2]

1935-ci ildə Voldemar Puhk Yaponiyanın Tallin şəhərindəki ilk fəxri konsulu təyin edilmişdir.[2] 1939-cu ildə Yaponiya hökuməti tərəfindən Tallində yaradılmış diplomatik nümayəndəlik 1940-cı ilə qədər fəaliyyət göstərmişdir.[2]

1991-ci ildən sonra[redaktə | mənbəni redaktə et]

Estoniya nümayəndəliyinin Şinzo Abe ilə görüşü.

Estoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 10 oktyabr 1991-ci ildə bərpa edilmişdir.[1] Yaponiyanın Tallin şəhərində səfirliyi 1993-cü ilin yanvarında, Estoniyanın Tokiodakı səfirliyi isə 1996-cı ilin sentyabrında açılmışdır.[1] 1996-cı ildə Estoniya–Yaponiya Parlament Qrupu və Diet Üzvlərinin Estoniya–Yaponiya Dostluq Qrupu təşkilatları yaradılmışdır.[1] Yaponiyanın Estoniyaya ilk daimi səfiri 2010-cu ilin yanvarında təyin edilmişdir.[1]

Estoniya baş nazirlərindən Andrus Ansip 2010-cu ilin fevralında, Taavi Rıivas 2016-cı ilin aprelində, Yuri Ratas isə 2019 və 2020-ci illərdə Yaponiyaya səfər etmişdir.[1] Estoniya prezidentlərindən Arnold Rüytel 2004-cü ildə, Tomas Hendrik İlves 2014-cü ildə, Kersti Kalülayd isə 2019 və 2021-ci illərdə Yaponiyada səfərdə olmuşdur.[1] Yaponiya imperatoru Akihito 2007-ci ilin mayında Estoniyaya səfər etmişdir.[1]

2021-ci ilin yanvarında iki ölkə aralarındakı dostluq münasibətlərinin 100 illiyini qeyd etmişdir.[1]

Mədəniyyət[redaktə | mənbəni redaktə et]

Estoniyada ən tanınmış yaponşünas Reyn Rauddur.[3] Estoniyada yaponşünaslıq araşdırmalarına görə Yaponiya tərəfindən "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.[3]

2004-cü ilin mayında eston sumoçu Kaydo Hövelson Yaponiya Peşəkar Sumo Federasiyasına qəbul edilən ilk eston olmuşdur.[3] O, 31 mart 2010-cu ildə sumo üzrə ozeki dərəcəsi almışdır.[3] Yaponiyadan xaricdə baş tutmuş ilk Gənclərin Sumo üzrə Dünya Çempionatı 2006-cı ilin avqustunda Estoniyanın Rakvere şəhərində baş tutmuşdur.[3]

31 iyul 2011-ci ildə Tallin şəhərinin Kadriorq parkında yapon bağçasının açılışı baş tutmuşdur.[3] Bu bağçada Hiroşima şəhəri tərəfindən təqdim olunmuş Sülh daşı sərgilənir.[3] Yaponiyanın Naqano prefekturasının Saku şəhəri ilə Estoniyanın Saku bələdiyyəsi 2007-ci ildən qardaş şəhərdir.[3]

2007-ci ildən Estoniyada Yaponiya Animasiya Filmləri Festivalı baş tutur.[3]

Əhali[redaktə | mənbəni redaktə et]

2021-ci ilin fevralına olan məlumata əsasən Estoniyada 197 Yaponiya vətəndaşı yaşayırdı.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Japan-Estonia Relations (Basic Data)". MOFA (ingiliscə). 14 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2022.
  2. 1 2 3 4 5 "Bilateral Relations". Embassy of Estonia in Tokyo (ingiliscə). 14 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2022.
  3. 1 2 3 4 5 6 7 8 9 "Cultural Relations". Embassy of Estonia in Tokyo (ingiliscə). 14 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2022.