Eyvaz Məhəmmədhəsənov (Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov) — Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin regionlar üzrə müavini, Qazaxıstan Xalqları Assambleyasının üzvü[1].
Eyvaz Məhəmmədhəsənov | |
---|---|
Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov | |
Doğum tarixi | |
Doğum yeri | Tolebi rayonu, Qazaxıstan |
Milliyyəti | azərbaycanlı |
Eyvaz Məhəmmədhəsənov 1958-ci ildə martın 2-də Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana Jol (Yeni-Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb. Atası Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadı olub. Ailəsi 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məhəmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1999-cu ildə Qazaxıstanda dünyasını dəyişib. Tolebi rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib[2].
Eyvaz Məhəmmədhəsənov 1976-cı ildə hərbi xidmətini Ukraynanın Kiyev şəhərində başa vurduqdan sonra Almatı şəhərinə qayıdıb. 1991–1992-ci illərdə Almaatı Sovet Ticarəti Texnikumunda təhsil alıb. Sahibkardır[1].
Ailəlidir, 2 qızı, 2 nəvəsi var.
Eyvaz Məhəmmədhəsənov Almatıda Azərbaycan diasporunun yaradıcılarından biridir. 1996-cı ildən Qazaxıstan Respublikasının Almatı şəhəri "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvüdür. 2005-ci il iyunun 1-də 5 namizəd içərisində səsçoxluğu ilə Almatı şəhər "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri seçilib.
2008-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının idarə heyətinin üzvüdür. 2008–2018-ci illərdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı şəhər şöbəsinin sədri olub. 2018-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin müavinidir. 2009-cu ildən Qazaxıstan Xalqları Assambleyasının üzvüdür.
Qazaxıstanın ən yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülüb.