Füqəra füyuzatı (jurnal, 1920–1921) — ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, Azərbaycan Hərbi inqilab komitəsinin orqanı (Bakı).
Füqəra füyuzatı | |
---|---|
Təsisçi | Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktor |
İlk buraxılışı | 1920 |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycanca |
Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cəmi üç, 1920-ci ildə (I. IX, I. XI) 2, 1921-ci ildə (28. IV) 1 nömrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir?" məqaləsilə açılırdı. Jurnalın məqsəd və məramı məsul müdirin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunmuşdur. A. Yusifzadə jurnalın proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkdir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid Ordubadi yazırdı: "ünvanımızda yazdığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz. "Pərdə eniyor, pərdə qalxıyor" dedikdə, zənginlərin tamaşagah ədəbiyyatımızdakı nüfuzlarının pərdəsi enib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa göstərəcək teatronun pərdəsi qalxıyor demək istiyoruz. Əvət, "Füyuzat" kimi böyük bir ədəbiyyatı havi olan zəngin bir məcmuə zənginlər xahişinə məhkum olduğu üçün, onun mühəniri kəmali-məyusiyyətlə "Pərdə eniyor" deməyə məcbur olacaq idi… İndiki halda mövqeyi-intişara qoyduğumuz "Füqəra füyuzatı"nın adını fəqət bir kəlmə olaraq "Füyuzat" qoymaqla da iktifa edə bilərdik. Lakin "Füqəra füyuzatı" namını verməklə Əli bəy cənablarına, yaxud Əli bəy ədəbiyyatına həvəskar olan zatlara bildirmək istiyoruz ki, bu "Füyuzat" əvvəlki kimi zənginlər nüfuzunda olan "Füyuzat" olmayıb, "Füqəra füyuzatı"dır. Yəni, füqarə öz ədəbiyyatına sərbəstanə bir surətdə malik olmuş və öz vücuda gətirdiyi, fəqət sonraları zənginlər mühitinə girən ədəbiyyatını azad eləmişdir" ("Füqəra füyuzatı" jurnalı, 1920, № l).
"Füqəra füyuzatı" geniş bir proqramla nəşr olunurdu. Jurnalda siyasətə, ədəbiyyata, tarixə, pedaqogikaya, coğra-fiyaya, qadın problemlərinə dair məqalələr dərc edilirdi.
Məmməd Səid Ordubadinin və Dadaş Bünyadzadənin siyasətə ("Bir sənəlik siyasət", "İcmasi-siyasi", "Bütün dünya Şərq hesabına yaşamaq istəmiş"), Salman Mümtazın ədəbiyyat tarixinə ("Azərbaycan şairi — Nəşə", "Sultan-üşşüəra Həbibi"), Sultanməcid Qənizadənin pedaqogikaya ("Körpə uşaqların tərbiyəsi"), Q. R. Mirzəzadənin coğrafiyaya ("Azərbaycan coğrafiyası"), Ş. Əfəndizadənin qadın hüququna ("Bəşəriyyətin nəşvü-nüması", "Şərq qadınları") və sair məqalələr mövzu aktuallığı və mündərəcəsinin dolğunluğu ilə seçilirdi. "Füqəra füyuzatı"nın ədəbiyyat rubrikasında Hüseyn Cavidin "İblis" faciəsi, S. Manafzadənin "Ey inqilab, ey naciyi-miləl", M. S. Ordubadinin "Eşq və şeir", Feyzulla Sacədin "Aclıqdan ölən bir fəqir cocuqun qarşısında", Ümmügülsümün "Hicran" və s. şeirləri dərc olunmuşdur. "Füqəra füyuzatı"nın son nömrəsində Aprel işğalı (1920) xadimlərinin tərcümeyihalları və portretləri dərc olunmuşdur.