Fırfır səhləb

Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür.

Purpur səhləb
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir. Çiçəkyanlığının xarici yarpaqları ellipsşəkilli, yumurtavari, iti, üç damarcıqlı, tünd-bənövşəyi rəngdə; daxili yarpaqları isə xətvari, 9 mm-dək uzunluqda; dоdaqcığı 15 mm-dək uzunluqda, ağ və ya ağ-çəhrayı rəngli, tünd nöqtə şəklində ləkəlidir. Mahmızı küt, bükülmüş, bir neçə dəfə yumurtalıqdan qısadır. Kök yumrularının uzunluğu 4 sm-ə qədər olub, uzunsov və ya uzunsov-yumurtaşə-killidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü  may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağına kimi kolluqlarda, meşələrdə, meşə talalarında rast gəlinir, toxumla çoxalır, işıqsevən, quraqlığa az davamlı, dekorativ bitkidir.

Böyük Qafqazın Quba hissəsi (Quba rayonu — Quba şəhəri ətrafında, Qonaqkənd qəsəbəsində, Qusar rayonu — Qusar şəhəri ətrafında), Böyük Qafqazın şərqi (İsmayıllı rayonu — İvanovka kəndi, Şamaxı rayonu — Astraxanka, Xilmilli kəndləri ətrafında), Bozqır yaylası (Şəki şəhəri ətrafında), Kiçik Qafqazın şimalı (Daşkəsən rayonu — Bayan kəndi ətrafında), Abşeronda (Puta qəsəbəsi ətrafında) rast gəlinir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.  

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əhali tərəfindən geniş istifadə edilməsi populyasiyanın azalma tendensiyasını yaradır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

AMEA-nın Botanika bağında becərilir. Hazırda xüsusi qorunma tədbirləri həyata keçirilmir. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

  • Orchis maxima K. Koch