Fəxrəddin Gülmirzə oğlu Cavadov[1][2][3][4] (21 iyun 1951, Bakı – 9 yanvar 2009, Bakı) — Azərbaycan alimi, tibb elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi.
Fəxrəddin Cavadov | |
---|---|
Doğum tarixi | 21 iyun 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 9 yanvar 2009 (57 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Elmi dərəcəsi | |
Mükafatları |
|
Fəxrəddin Cavadov[5][6] 20 aprel 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1974-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975–1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977–1979-cu illərdə 5 saylı Şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978–1986-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent və eyni zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə tibb elmləri doktoru ali dərəcəsi almışdır.[7][8]
1986-cı ildən Azərbaycan Respublikası KP MK-nın elm və təhsil müəssisələri şöbəsinin, 1989-cu ildən isə ictimai-iqtisadiyyat şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə çalışmışdır. 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləmişdir. Fəxrəddin Cavadov bu müddət ərzində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrası üzrə dosent vəzifəsinə də seçilmişdir. 2000-ci ilin fevral ayından isə Azərbaycan Respubliksı Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdur.[9]
Onun rəhbərliyi dövründə Mərkəzi Neftçilər Xəstəxanasında kardinal dəyişikliklər baş vermişdir. Fəxrəddin Cavadovun xidmətləri yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə o, 2004-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmiş, 2006-cı ildə isə "Azərbaycan Respublikasının əməkdar həkimi" adına layiq görülmüşdür. Qafqaz və Orta Asiyada ilk dəfə canlı insandan digərinə qaraciyər transplantasiyası əməliyyatını gerçəkləşdirməyə nail olub.
Fəxrəddin Gülmirzə oğlu Cavadov 2009-cu il yanvar ayının 9-da 57 yaşında vəfat etmişdir.[10][11][12]
Vəfatından sonra Fəxrəddin Cavadovun xatirəsinə "Bir sağlam ürək" və "Yaşamaq gözəldir, yaşatmaq da…" sənədli filmləri çəkilmişdir.[13][14]