Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor.
Fəxrəddin Veysəlli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Kürdəmir, Yenikənd |
veyselli.com/index.html |
Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Fəxrəddin (beşinci sinifdən onuncu sinfədək oxuduğu kənd məktəbinin bütün təmizlik işlərini, odun-ocağını, bostan və bağını, gözətçiliyini sol qıçını müharibədə itirmiş atası Yadigar kişinin əvəzinə öz üzərinə götürməli olmuşdu) həmin kənddə orta məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunur.
İnstitutu 1965-ci ildə əla qiymətlərlə bitirdiyindən doğma ali məktəbdə müəllim saxlanılır, ancaq hələ tələbə ikən təhsil aldığı institutda laborant vəzifəsində çalışmağa başlayır. Onun elmə və təhsilə olan marağını yüksək qiymətləndirən müəllimləri dosent T. R. Əhmədova və professor F. Ə. Seyidov yeni dərs ilindən onu müəllim ştatına işə götürürlər. Cəmi dörd ay işlədikdən sonra Fəxrəddin müəllim hərbi xidmətə çağırılır. Batumidə hərbi xidmətini başa vurduqdan sonra o, doğma instituta qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir.
Hələ tələbə ikən o, elmi-tədqiqat işlərinə olan dərin marağı ilə institut müəllimlərinin diqqətini özünə cəlb etmişdi. İnstitutun beşinci kursunda oxuyarkən o zaman ittifaqın müxtəlif bölgələrindən gənc tədqiqatçıların iştirak etdiyi Tbilisi konfransında onun "F. Şiller və Azərbaycan səhnəsi" mövzusunda alman dilində etdiyi məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elə həmin il institut rəhbərliyi təhsilini davam etdirmək üçün onu o zamankı ADR-ə göndərməyi qərara aldı. Moskvada isə onun gec gəldiyini bəhanə edərək ADR-ə getməsinə əngəl törətdilər. Moskvanın bu ədalətsiz qərarı oxumaq arzusu aşıb-daşan gənci mənən sındıra bilmədi.
Fəxrəddin müəllimin elmə olan marağını nəzərə alaraq institutun o zamankı elmi işlər üzrə prorektoru mərhum professor Nəzakət Ağazadə ona Sankt Peterburqda (keçmiş Leninqrad) aspiranturada oxumağı məsləhət gördü. Təklif çox cəlbedici idi, lakin erkən yaşlarından valideynlərini itirən Fəxrəddin müəllim (anasını iki aylığında, atasını isə 8-ci sinifdə oxuyarkən itirmişdi) maddi vəziyyətinin çətin olacağından bu təklifə tərəddüdlə yanaşırdı. Tələbəlik illərində maddi çətinliyin nə olduğunu yaxşı bilən Fəxrəddin müəllim aspiranturada oxumaq üçün Leninqrada getməyi qərara alır. O illəri xatırlayarkən ona düzgün elmi istiqamət seçməkdə öz mənəvi köməkliyini göstərmiş müəllimlərindən – mərhum professorlardan Nəzakət Ağazadəni, Hüseyn Bayramovu, F. Seyidovu, dosentlərdən Tamara Əhmədovanı, Qulam Bağırovu, İsfəndiyar Cabbarzadəni, Soltanpaşa Vəliyevi, Cəfər Cəfərovu, Əminə Əliyevanı, hazırda BDU-da çalışan professor Y. Seyidovu ayrıca qeyd etmək gərəkdir.
Tələbəlik illərində ona dərs demiş və onunla ünsiyyətdə olan görkəmli şairimiz B. Vahabzadəni, dilçilərdən AMEA-nın həqiqi üzvü A. Axundovu, AMEA-nın müxbir üzvü T. İ. Hacıyevi və onun formalaşmasına güclü təsir göstərmiş neçə-neçə başqa ziyalıları Fəxrəddin müəllim böyük minnətdarlıq hissilə daim yad edir.
Fəxrəddin müəllim Sankt Peterburqda aspiranturada oxuyarkən görkəmli alimlərdən akad. V. V. Vinaqradovun, V. M. Jirmunskinin, professorlardan Y. S. Maslovun, V. Q. Admoninin, M. İ. Matuseviçin və digərlərinin seminar və mühazirəiərində fəal iştirak edir, onlardan linqvistikanın incəliklərini öyrənir. O, dünya şöhrətli alim L. R. Zinderin rəhbərliyi altında "Alman dilində bitkinlik intonasiyası" mövzusunda namizədlik dissertasiyasını təcrübi-fonetik aspektdə tamamlayaraq müdafiəyə təqdim edir, ancaq institutun o zamankı rəhbərliyi müxtəlif bəhanələrlə ona maneçilik törədərək müdafiəyə getməsinə razılıq vermirdi.
1971-ci ildə institutun yeni rektoru görkəmli dilçi alim, mərhum professor M. T. Tağıyevin işə qarışmasından sonra o, Leninqrada gedir və orada namizədlik dissertasiyasını uğurla müdafiə edərək germanistika üzrə elmlər namizədi elmi dərəcəsini (f.ü.f.d.) alır. Sankt Peterburqda qalıb işləmək təkliflərinin cəlbedici olduğunu başa düşsə də, gənc alim doğma instituta qayıtmağı üstün tutdu. İnstitutda müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində çalışmaqla respublikamızda xarici dillərin öyrədilməsini yeni elmi-nəzəri və metodiki zəmin üzərində qurmaq üçün geniş elmi-pedaqoji fəaliyyətə başlayır. Eləcə də o, doktorluq dissertasiyası üzərində işləyir. Nəzəri və tətbiqi dilçiliyin yeni istiqamətlərini dərindən mənimsəyən Fəxrəddin müəllim institutda linqvistikadan lektoriya təşkil edir və tezliklə respublikanın gənc müəllimləri bu lektoriyanın dinləyiciləri olurlar. Onlardan bu günə qədər 40 nəfəri Fəxrəddin müəllimin rəhbərliyi altında namizədlik dissertasiyaları müdafiə ediblər. Bu lektoriya sonralar yaranan və çox səmərəli fəaliyyət göstərən eksperimental fonetika laboratoriyasının özəyini təşkil etdi.
1980-ci illərin ortaları və sonu Fəxrəddin müəllim üçün elmi yaradıcılıq baxımından çox uğurlu olub. O, əvvəlcə 6 ay müddətində Moskvada təkmilləşmədə olarkən məşhur germanistlər M. D. Stepanova, G. V. Kolşanski, Y. İ. Şendels, E. A. Quliqa və başqa alimlərlə səmərəli görüşlər keçirir, doktorluq dissertasiyası mövzusunun aktuallığını əsaslandırmağa çalışırdı, sonra isə bir il müddətinə Berlində Humboldt Universitetində təkmilləşmədə olarkən universitetin professoru Q. Lindnerin institutunda çağdaş tədqiqat üsullarını tətbiq etməklə "Alman dilində sait fonemlərin variativliyi (nəzəri problemlər və təcrübi nəticələr)" adlı doktorluq dissertasityasını tamamlayaraq onu Berlin Universitetində müdafiə etmək istəyir, lakin o zamankı partnomenklatura ona xasiyyətnamə verməkdən boyun qaçırır. Bu səbəbdən o, Almaniyada müdafiə edə bilmir, amma dilçi alim ruhdan düşmür. Almaniyada və keçmiş ittifaqın mərkəzi nəşriyyat orqanlarında bir-birinin ardınca öz tədqiqatlarının nəticələrini çap etdirir, beynəlxalq (Zeitschrift für Phonetik, allgemeine Sprachwissenschaft und Kommunikationsforschung), "Voprosı yazıkoznaniya" və başqa elmi-nəzəri jurnallarda çap etdirdiyi məqalələr ona şöhrət qazandırır.
1980-ci ildə "Alman dilinin fonetikası" kitabını Azərbaycan dilində çap etdirir. Artıq onun elmin yeni pilləsinə ucalması üçün heç bir maneə qalmırdı. Sankt-Peterburq Dövlət Universitetinin Umumi fonetika və metodika kafedrasında onun dissertasiyasına görkəmli dilçi alimlər L. R. Zinder, L. V. Bondarko, L. A. Verbitskaya, M. V. Qordina və başqaları yüksək qiymət verirlər və kafedra dissertasiya işinin müdafiəyə buraxılmasını qərara alır. SDU-nun filoloji fakültəsinin elmi şurasında doktorluq işinin müdafiəsinə dəvət olunan Fəxrəddin müəllimi o zamankı institut rəhbərliyi müxtəlif bəhanələr gətirərək buraxmaq istəmirdi. Uzun əzab-əziyyətdən sonra o, 1981-ci ildə yuxarıda adı çəkilən mövzuda doktorluq dissertasiyasını Sankt Peterburqda uğurla müdafiə edir və respublikamızda germanistika üzrə ilk filologiya elmləri doktoru elmi dərəcəsini alır.
Onun müdafiəsində filologiya elmləri doktorları, professorlar İ. P. İvanova (Sankt Peterburq), L. İ. Prokopova (Kiyev) və Q. Y. Pankrats (Minsk), habelə L. V. Zlatoustova (Moskva) opponent kimi çıxış etmişlər. Onlar Fəxrəddin müəllimin əsərini çox yüksək dəyərləndirmişdilər.
Yeri gəlmişkən, bu müdafiə ilə bağlı qəribə bir hadisə baş verir. Fəxrəddin müəllim müdafiədən sonra instituta – iş yerinə teleqram vuraraq xahiş edir ki, sənədlərin tərtibi üçün ona 10 günlük icazə versinlər. İnstitut rəhbərliyi isə onu öz hesabına məzuniyyətə çıxarır. Beləliklə, çətin iqtisadi durumda olan gənc alimin vəziyyəti bir az da ağırlaşır, çünki institut rəhbərliyi ona nəinki ezamiyyə xərcləri vermədi, üstəlik, onun 14 günlük maaşını da kəsdi. Bu, onun həyatda üzləşdiyi dördüncü ədalətsizlik idi. Həm namizədlik, həm də doktorluq üçün ona mükafat vermək (namizədlik dissertasiyasını vaxtından qabaq tamamlamışdı, qaydaya görə ona bir aylıq təqaüd miqdarında mükafat verilməliydi, ikinci halda institut tarixində ilk dəfə elmlər doktoru dissertasiyasını müdafiə etdiyi üçün mükafat almalı idi) əvəzinə onu cəzalandırmışdılar.
1983-cü ildən professor elmi adını alan Fəxrəddin müəllim fəal elmi yaradıcılığını davam etdirməklə yanaşı, ciddi şəkildə kadr hazırlığı ilə də məşğul olur. Onun yetirmələri indi respublikamızın müxtəlif ali məktəblərində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.
Elmdə öz sözü və yolu olan görkəmli dilçi alim Fəxrəddin Veysəlli respublikamızda germanistikanın əsasını qoymuşdur desək, yanılmarıq. Dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində onun xidmətləri danılmazdır.
Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və ya rəy vermişdir. Qazax A. Cunusbəyov, özbək A. Avazbayevin, türkmən mərhum S. Kurenovun doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçmişdir. O, Leninqradda, Moskvada, Tbilisidə və Bakıda onlarla namizədlik dissertasıyalarına opponentlik etmişdir.
F. Veysəllinin 1989-cu ildə alman dilində çap etdirdiyi "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirildi. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünya şöhrətli alim R. O. Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirdi. Fəxrəddin müəllim məşhur fonoloq N. S. Trubeskoyun dünya dilçilik elminin incisi sayılan "Fonologiyanın əsasları" kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan vermişdir.
F. Veysəlli öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıçısı T. Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcüməsi buna misal ola bilər. Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir.
Fəxrəddin müəllim latın qrafikasına keçmək üçün Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı komissiyanın məsul katibi olmuş, əlifbamızın bərpası üçün mütəxəssis kimi əlindən gələni etmişdir. İlk variantda qəbul edilən layihədə ("ə" saitinin "a" üstündə iki nöqtə ilə verilməsi) ilkin variantda onun təklifi bəyənilmişdi. Təəssüf ki, sonralar bu variantı təftiş edib, latın qrafikasında olmayan bir işarəni qəbul etdirdilər.
XX əsrin 90-cı illərində Azərbaycanda milli-azadlıq hərəkatı dalğaları yeni mərhələyə qədəm qoyanda, ölkənin müstəqilliyi uğrunda mübarizə başlayanda Fəxrəddin müəllim öz istedadı və bacarığı ilə bu işdə fəallıq göstərir, respublika radiosunun birinci proqramında "Ana dili" verilişinin müəllifi və aparıcısı kimi dilimizlə bağlı problemlərin həllinə öz töhfəsini vermişdir. Üç ildə 50 dəfə efirə çıxan bu veriliş, eləcə də televiziya, radio və mətbuatda dilimizlə bağlı çoxsaylı çıxışları, yazıları dinləyici, tamaşaçı və oxucuların çox böyük marağına səbəb olmuşdur.
F. Veysəlli 1989-cu ildə Moskvada müəllimlər qurultayında iştirakçı olarkən ermənilərin respublikamıza ərazi iddialarını rədd edir və diskusiyalarda haqq işimizi çəkinmədən müdafiə edir, SSRİ xalq artisti L. İmanovla MDU-da təhsil alan azərbaycanlı tələbələrin dəvətilə görüşə gedir və orada məclisin aparıcısı kimi respublikamızda yaranmış vəziyyətə dair geniş məruzə ilə çıxış edir. Üzdə olan aydınların çoxu o görüşə getməkdən boyun qaçırmışdı, onlar çağırılmayan yerə getmək istəmədiklərini deyirdilər. O zaman institut kollektivi adından Moskvaya "Moskovski novosti" qəzetinin iftira dolu yazısına cavab hazırlayan Fəxrəddin müəllim uzun müddət partiya funksionerlərinin qəzəbinə düçar oldu, onu sorğu-suala çəkdilər. Bütün hədə və qorxulara baxmayaraq, o erməni ideoloqlarına və xalqımızın düşmənlərinə layiqincə cavab verdi.
Görkəmli dilçinin geniş elmi-pedaqoji yaradıcılığını, fonetika və fonologiya sahəsindəki elmi axtarışlarını yüksək qiymətləndirən Beynəlxalq Fonetika Elmləri Cəmiyyəti onu öz sıralarına üzv qəbul etmişdir. Bu cəmiyyət xəttilə o, iki dəfə Beynəlxalq Fonetika Elmləri Konqresində (Tallin, Stokholm) çıxış etmişdir. Amerikanın "Dünyanın seçilən liderləri" nəşriyyatı onu 1998-ci ilin ən məşhur adamı kimi müəyyənləşdirmişdir.
1989–1990-cı illərdə respublikada baş qaldıran irtica azad düşünən adamların təqibinə girişmişdi. Elə bu təqibin nəticəsi olaraq Fəxrəddin müəllim doğma institutu tərk etmək məcburiyyəti qarşısında qalıb iş yerini dəyişməli olur. Az sonra, ölkəmiz müstəqillik qazandığı günlərdən Fəxrəddin müəllimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirən doğma institut kollektivi onun rektor kimi vəzifəyə gəlməsini təmin edir. Amma Türkiyədə ezamiyyətdə olarkən qanunsuz olaraq o, işdən çıxarılır. Belə haqsızlıqları çox görmüş Fəxrəddin müəllim hüquqlarını bərpa etmək üçün heç yerə şikayət etmədi, çünki o, əqidəsinə görə millətə xidməti vəzifədə deyil, konkret işləri həyata keçirməkdə görür.
O, 1999-cu ildə Ümumdünya Alman Dili Müəllimləri Cəmiyyətinin Frankfürt (Oder) şəhərində keçirilən X qurultayında Respublika alman dili müəllimlərinin bu cəmiyyətə daxil olmasına nail olur, həmin Cəmiyyətin Lusern (İsveçrə-2002) və Yena (Almaniya-2009) şəhərləində keçirilən XI və XII qurultaylarında məruzə ilə çıxış etmişdir. Fəxrəddin müəllimin elmi tədqiqatlarına yüksək dəyər verən Alman Mübadilə Xidməti ona dəfələrlə qrant ayırmış və bu qrantların hesabına AFR-in Frayburq, Boxum və Münxen universitetlərində araşdırmalar aparmış, öz həmkarları qarşısında maraqlı çıxışlar etmişdir. Vyanada Şərqşünaslıq İnstitutundakı məruzəsi, Avstriyanın Qras, Portuqaliyanın Kuimbra və Moskva şəhərlərində Avropada dil siyasətilə bağlı keçirilən seminar və müşavirələrdə fəal iştirak etmiş, maraqlı məruzələr oxumuşdur.
Fəxrəddin müəlllim yeddi ildən artıq (1994–2001) Azərbaycan Ali Atestassiya Komissiyasının Rəyasət Heyətinin üzvü olmuşdur. Hazırda o, Azərbaycan Dillər Universitetinin prfessorudur və AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi vəzifəsində çalışır. O, uzun illər Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdindəki Avropa dilləri və ədəbiyyatı bölməsinin sədri kimi səmərəli fəaliyyət göstərmişdir.
Onun "German dilçiliyinə giriş" və "Struktur dilçiliyin əsasları" (V cilddə), "Dil" (2008), "Semiotika" və s. əsərlərini müəllifin elmi yaradıcılığının yeni mərhələsi saymaq olar.
F. Veysəlli görkəmli germanist-dilçi kimi nəinki respublikamızda, eləcə də onun hüdudlarından uzaqlarda da tanınır. O, öz axtarışlarını davam etdirir, ölkədə yüksək səviyyəli kadrların yetişməsində bilik-bacarığını əsirgəmir, yeni-yeni layihələr həyata keçirir. O, son 5 ildə Moskvada (2006), Tbilisidə (2007), Qazaxıstanda (2007) və Bakıda (ADU-da 2005, 2006, 2007, 2008 və BSU-da 2004, 2005, 2007, 2008, 2009, 2010, 2011, 2012) keçirilən beynəlxalq konfranslarda bölmələrə rəhbərlik edib, yaradıcılığı ilə elmi ictimaiyyətin diqqətini çəkmişdir.
Son 10 ildə onun rəhbərliyi altında 4 doktorluq dissertasiyası (D. Yunusov, F. Zeynalov, F. Aslanov və S. Zeynalova) müdafiə edilmişdir. Son beş ildə F. Veysəllinin ümumi elmi-pedaqoji-ictimai fəaliyyətini aşağıdakı istiqamətlərə ayırmaq olar: 1. Respublikamız üçün son dərəcə önəm daşıyan nəzəri dilçiliyin aktual problemlərinin həlli. Bu sahədə onun "Dilçilik ensiklopediyası"nı (I-2006, II-2008), beşcildli "Struktur dilçiliyin əsasları" (Studia Philologica, I, Bakı, 2005, II, Bakı 2008, III, Bakı, IV, 2009, Bakı, 2011, rus dilində) monoqrafiyasını, "Dil" adlı sanballı kitabını (Bakı, 2007) ayrıca qeyd etmək lazımdır. Onun dilçiliyin müxtəlif problemlərinə həsr etdiyi çoxsaylı məqalələri də ciddi maraq doğurur. ADU-da beynəlxalq konfransdakı məruzəsində Fəxrəddin müəllim Azərbaycan dilində söz vurğusunun olmaması və sözlərin fərqlənməsinin fonemdən deyil, ikizirvəlilikdən və prosodemdən asılılığının vacibliyini vurğulayır.
2. Dünya elmi-nəzəri dilçilik ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi. XX əsrin ən böyük dilçilərindən sayılan E. Koseriunun "Ümumi dilçiliyə giriş" əsərini almancadan tərcümə edib, ona "Giriş" məqaləsi yazıb və qeydlərlə çap etdirib (Bakı, 2005). F. Niçe kimi filosofun "Zərdüşt belə söylədi" (Bakı, 2007) əsərini almancadan Azərbaycan dilinə tərcümə edib (Bakı, 2008) və N. Xomskinin "Dil və təfəkkür" əsərini Azərbaycan türkcəsində redaktə edərək qeydlərlə çapa hazırlaması onun gərgin əməyinin nəticəsidir. O həmçinin alman xalqının məşhur eposu "Nibelunqlar nəğməsi"ni dilimizə çevirmiş, onu "Kitabi Dədə Qorqud" dastanı ilə müqayisə edərək Bakıda (2008) və Maynsda (AFR-2010) maraqlı məruzələr söyləmişdir. 3. Fəxrəddin müəllimin elmi-pedaqoji yaradıcılığında 3-cü istiqaməti onun ali və ümumtəhsil məktəbləri üçün yazdığı dərslik və dərs vəsaitləri təşkil edir. O, 6-cı (2006) və 7-ci (2007) , 8-ci (2009) və 9-cu (2011) siniflər üçün "Alman dili" dərsliyini yazıb çap etdirmişdir (prof. Z. Quliyevlə birlikdə) və ali məktəblərin alman dili ixtisas fakültələri üçün "Deutsch I, II" (əlyazması) dərsliyini yazıb çapa hazırlamışdır.
Görkəmli dilçi F. Veysəlli çoxlu dərslik, dərs vəsaitnin redaktoru, dilçiliyin ümdə problemlərinə həsr olunmuş məqalələrin müəllifidir. 4. Dördüncü istiqamət onun ictimai, pedaqoji fəaliyyətilə bağlıdır. Bu baxımdan, onun "Dilimiz, qeyrətimiz, qayğılarımız" (Bakı, 1993) və "Dil, cəmiyyət və siyasət" (Bakı, 2004), "Ana dili: Azərbaycan dili efirdə" kitabları xüsusi maraq doğurur. Tanınmış dilçinin elmi yaradıcılığına dünyada ciddi maraq göstərirlər. Belə ki, onun K. D. Uşinskinin "Ana dili" əsərini Azərbaycan dilinə çevirməsindən sonra həmin əsər 1999-cu ildə İsveçdə "Tribuna" dərgisində fars qrafikası ilə çap olunub.
Onun 1993-cü ildə Bakıda çap etdirdiyi "Fonetika və fonologiya məsələləri" adlı kitabı Ankarada prof. M. Musaoğlunun tərcüməsində "Azərbaycan türkcəsinin fonetiği" adı altında nəfis şəkildə çap olunmuşdur.
2007-ci ildən Fəxrəddin müəllim yeni bir layihənin gerçəkləşməsi üzərində səylə çalışır. Bu da onun rəhbərliyi və redaktorluğu ilə ərsəyə gələn, nəinki respublikamızda, hətta MDB ölkələrində Rusiyadan sonra reallaşan birinci nəşr orqanı "Azərbaycanda xarici dillər" jurnalıdır. Onun artıq 2007-ci ildən başlayaraq ildə 4 sayı işıq üzü görmüşdür. Jurnal özünə oxucu kütləsi cəlb edə bilmiş, Azərbaycanda ana dilinin və xarici dillərin araşdırılmasını, öyrədilməsini və yayılmasını həyata keçirən sanballı bir mətbuat orqanına çevrilə bilmişdir.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |