Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub.[1]
Fantaziya hamamı | |
---|---|
40°22′28″ şm. e. 49°50′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Dilarə Əliyeva küçəsi 114 |
Memar | Nikolay fon der Nonne |
Tikilmə tarixi | 1896 |
Vəziyyəti | yararsız |
İstinad nöm. | 3731 |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]
Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib[3]. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə[4] istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
1914-cü ilə qədər Bakıda su kəməri olmayıb. Buna görə də hamamı su ilə təmin etmək üçün böyük su ehtiyatına ehtiyac olurdu. Hətta bəzən "Fantaziya" bir neçə günlük ehtiyat su toplamaq üçün bağlanırdı.
Hamamın açıldıqdan sonra 14 may 1897-ci ildə onunla bağlı "Kaspi" qəzetində yazılmış məqalədə müəllif Fantaziya hamamının çox dəbdəbəli tikildiyini əsas göstərərək sahibinin qoyduğu sərmayəni çıxara bilməyəcəyini yazmışdı[5]. O yazırdı:
Bakı kapitalistlərinin əksəriyyəti öz kapitallarının 30 faizini dividend verən neft müəssisələrinə qoymağa üstünlük verirlər. Texniki qurğularının mükəmməlliyini və möhkəmliyini, xüsusi su təchizatı sistemini və s. nəzərə alsaq, hamamın sahibi çətin ki, 4 faiz gəlir əldə etsin[6]. |
Hamamda proseduralardan sonra çay içmək üçün xüsusi bir zal da var idi. Bundan başqa "Fantaziya"nın daxili həyətində də çay masaları mövcud idi. Binanın divarları və döşəməsi də mərmərdən idi. Hamamın daxilində bir bütöv mərmərdən yonulmuş vanna, bütün divarlarında çoxlu yapma naxışlar, mələklər, yunan allahları, tavanında isə Şərq və Roma üslubunda divar naxışları var idi. Hamamda iyirmiyə yaxın lakey və ofisiant və bir o qədər də xadimə işləyib. Servis oxumaq üçün rus, fransız qəzetləri və jurnalları da təklif edirdi[7].
Burada həm də canlı musiqi səsləndirilirdi, 1900-cü ildə isə onu yeni dəbə çıxan fonoqrafla əvəz etdilər[7].
1920-ci ildə Aprel işğalından sonra binadan satıla biləcək avadanlıqları çıxarıb satırlar. Hətta hamamın bəzi yerlərindəki mərmərlər də sökülür[7]. Binanı bir müddət hərbi hospital kimi, sonra isə məktəb kimi istifadə edirlər[7]. 1920-ci illərin sonunda hamam restavrasiya edildikdən sonra yenidən təyinatına uyğun istifadəyə verilir[7].
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Fantaziya hamamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina hamam kimi 2010-cu illərin əvvəllərinə qədər fəaliyyət göstərib. 2012-ci ildə burada "Qorxma, mən səninləyəm!" filminin davamı olan "Qorxma, mən səninləyəm! 1919" filminin bir səhnəsi çəkilib. Filmdə hamamın yapma naxışlı və fəvvarəli əsas zalını görmək mümkündür[8].
Bina dövlət tərəfindən qorunsa da özəl mülkiyyətdədir. Və 2012-ci ildən sonra tamamilə fəaliyyətsiz qalıb. Fəaliyyətsiz qalan hamamın binası qəzalı vəziyyətdədir[9]. Müxtəlif illərdə vətəndaşlar hamamın bərpası üçün eləcə də onun sökülməsinin qarşısını almaq üçün imza toplayıb aidiyyəti qurumların diqqətini cəlb etməyə çalışıblar[10].
2018-ci il noyabrın 1-dən 10-dək Avropa İttifaqı tərəfindən Bakıda "Fantaziya Mədəni İrs Festivalı" keçirilib[11]. Festival Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq üçün keçirilib[12]. Festival öz adını Fantaziya hamamından alıb[13][14]. 2019-cu ildə isə Gəncədə II "Fantaziya" Mədəni İrs Festivalı keçirilib[15].
2018-ci ildə Azərmarka tərəfindən Fantaziya hamamına həsr edilmiş marka nəşr edilib[16].
2022-ci ildə binanın mülkiyyətçisi hamamı söküb yerində yeni tikintiyə başlamaq üçün ətrafını hasarlayıb[17]. İctimaiyyətin və Azərbaycan Memarlar İttifaqının müdaxiləsi sayəsində söküntünün qarşısı alınıb, ətrafına çəkilmiş hasarlar sökülüb və sahibinə qarşı akt tərtib edilib[18].