Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir."[4][5][6]
Amerikanın Səsi | |
---|---|
Növü | Dövlət tərəfindən maliyyələşdirilən beynəlxalq yayım şirkəti |
Yaranma tarixi | 1 fevral 1942 |
Mərkəzi | Wilbur J. Cohen Federal Binası |
Prezident | Con Lippman (2023-cü ilin oktyabrından fəaliyyət göstərir)[1] |
Büdcəsi | 267,5 milyon ABŞ dolları (2023-cü il) [2] |
Üzvləri | 961[3] |
voanews.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir.
Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır.
Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır. Amerikanın Səsinin "İran Azərbaycanı" bölməsində güneydə milli-mədəni hüquqlar uğrunda mübarizənin ön sıralarında gedən adamlarla müsahibələri dinləmək mümkündür.
Amerikanın Səsinin Azərbaycan xidmətinin icraçı redaktoru Əsgər Möhsümoğludur.