Faret Taçikava (ファーレ立川, Fare Taçikava?) – Yaponiyanın Tokio şəhərinin qərbindəki Taçikava şəhərində yerləşən yenidənqurma layihəsi. İncəsənətə əsaslanan şəhər planlaşdırma layihələrindən biridir.[1]
1945–1977-ci illərdə Tokionun Taçikava şəhəri ABŞ Hərbi Hava Qüvvələrinin bazasına ev sahibliyi etmişdir. Aviabaza bağlandıqdan sonra bir hissəsi Yaponiya Özünümüdafiə Qüvvələrinin nəzarəti altına keçsə də, böyük hissəsi incəsənət layihəsi formasında yenidən qurulmuşdur.[2]
13 oktyabr 1994-cü ildə yaradılmış Faret Taçikava Taçikava stansiyasının şimalında yerləşən bir neçə yenidənqurma layihəsindən biridir. Yaradılması ilk öncə 1992-ci ildə təklif olunmuşdur.[1] Adındakı "fare" sözü italyan dilindən tərcümədə "yaratmaq" deməkdir.[2] "T" hərfi isə Taçikava şəhərinin ilk hərfindən götürülmüşdür. Layihə 1994-cü ildə Yaponiya Şəhərqurma İnstitutunun Planlaşdırma və Dizayn Mükafatına layiq görülmüşdür. Layihəni ziyarət edən şəxslərə bələdçilik etmək üçün 1997-ci ildə Faret Klubu adlı könüllü qrup yaradılmışdır.[1]
Faret Taçikavada 36 ölkədən olan 92 sənətçinin hazırladığı 109 sənət əsəri nümayiş etdirilir, bu da dünyadakı müxtəlifliyi əks etdirmə məqsədi daşıyır. Bu sənət əsərləri skamya, dirək, lampa, ventilyası və s. formalarında olub funksionaldır.[1] Bu əsərlər alış-veriş rayonu boyunca quraşdırılmışdır.[2] 5,9 hektarlıq ərazidə hotel, ticarət mərkəzi, kinoteatr, kitabxana və ofis binaları daxil olmaqla 11 tikili yerləşir.[1]
Fransız sənətkar Jan-Pyer Reyno tərəfindən yaradılmış nəhəng, qırmızı rəngli gül dibçəyi "kafesi" layihənin simvolu hesab olunur. Onun yanında şüşənin içərisində qoyulmuş velosiped əsəri yerləşir. "IV Velosipedoid" adlı bu əsər Robert Rauşenberqin tərəfindən yaradılmış və yol nişanı funksiyasını yerinə yetirir. Yaxınlıqda nigeriyalı sənətçi Sandi Cek Akpan tərəfindən yaradılmış afrikalı qəbilə başçılarının heykəlləri yerləşir. Bu əsər İbibio yas adətlərindən ilhamlanaraq yaradılmışdır.[2]