Fernando Pessoa (port. Fernando António Nogueira Pessoa; 13 iyun 1888 - 30 noyabr 1935) — Portuqaliyalı şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi. 20-ci əsrin ən mühüm yazıçılarından və şeirlərini portuqal dilində qələmə alan ən yaxşı şairlərdən biri olaraq dəyərləndirilir. Fransız və ingilis dilində də yazmaqla bərabər, bu dillərdən tərcümə işi ilə də məşğul olmuşdur. Öz adından başqa yetmiş beş fərqli adla da şeirlər yazan Pessoa həmin adları öz təxəllüsü olaraq görməmiş, onların həqiqi intellektual yaşamlarını ələ ala bilmədiyini hiss etmiş və onları heteronim olaraq adlandırmışdır. Bu xəyali fiqurlar bəzən dəbdə olmayan və ya fövqəl fikirlərə sahib idi.
Fernando Pessoa | |
---|---|
port. Fernando António Nogueira Pessoa | |
Doğum adı | Fernando António Nogueira Pessoa |
Təxəllüsü | Alberto Caeiro[1], Álvaro de Campos, Ricardo Reis, Bernardo Soares |
Doğum tarixi | |
Doğum yeri | Lissabon, Portuqaliya krallığı |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Lissabon, Portuqaliya |
Vəfat səbəbi | Sirroz |
Dəfn yeri |
|
Vətəndaşlığı | Portuqaliya |
Milliyyəti | Portuqal |
Təhsili | Lissabon Universiteti |
Fəaliyyəti | şair, yazıçı, tərcüməçi |
Fəaliyyət illəri | 1912-1935 |
Əsərlərinin dili | portuqal dili |
Janrlar | poeziya, roman, esse, dram |
Fernando Pessoa Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Pessoa 1888-ci il iyunun 13-də Lissabonda anadan olmuşdur. 5 yaşında olarkən atası vərəmdən dünyasını dəyişmiş, sonrakı il 1 yaşlı qardaşı da ölmüşdür.
Anası ikinci dəfə evləndikdən sonra Pessoa 1896-cı ilin əvvəllərində anası ilə birlikdə ögey atasının yanına Şimali Afrikaya getmişdir. O, sonralar (1918-ci il) yazdığı məktubunda belə qeyd etmişdir:
Keçmişdə yalnız bir hadisə var ki, nəyisə yoluna qoymaq üçün lazım olan müəyyənliyə və əhəmiyyətə malikdir: bu, atamın ölümüdür (13 iyul, 1893). Aydınlıq gətirə biləcəyim ikinci hadisə isə anamın ikinci evliliyidir (30 dekabr, 1895). Bu, mənimçün vacibdir. Vacib olan hadisənin özü yox, onun nəticələrindən biridir: ögey atam Durbanda (Natal) Portuqaliya konsulu olduğuna görə orada təhsil almışam. İngilis dilində təhsil almaq faktoru həyatımda mühüm əhəmiyyət kəsb edir, taleyim hər necə olsa da, şübhəsiz ki, ona yön verir. Yuxarıdakı hadisə ilə əlaqəli səyahətlərin tarixləri bunlardır: 1. Afrikaya birinci səyahət - Lissabonu 1896-cı ilin əvvəllərində tərk etdim. 2. Qayıdış - Durbanı 1901-ci il avqustun 1-də, günorta vaxtı tərk etdim. 3. Afrikaya ikinci səyahət - Lissabonu təxminən 1902-ci il sentyabrın 20-də tərk etdim. 4. Qayıdış - Durbanı təxminən 1905-ci il avqustun 20-də tərk etdim. [2]
Gənc Pessoa erkən təhsilini irland və fransız rahibələr tərəfindən idarə olunan, katolik qrammatika məktəbi olan Müqəddəs Cozef Monastır Məktəbində almışdır. 1989-cu ilin aprelində Durban orta məktəbinə getmiş, ingilis dilində səlis danışmağı öyrənmişdir.
Bəziləri Devid Merik adı altında olmaqla ingilis dilində hekayələr yazmağa başlamış, lakin böyük əksəriyyətini bitirməmişdir. 1904-cü il iyulun 6-da, yəni 16 yaşında olarkən "Merkuri"[3] (köhnə adı "Doğulan Merkuri") qəzeti onun "Hellier əvvəlcə qafiyəyə qəsd etdi" şeirini Ç.R. Anon ləqəbi altında çap etmişdir. Qəzet həmçinin 1905-ci ilin yanvarından iyununa qədər "Aydakı adam" bölməsində Pessoanın 4 sonetini çap etmişdir: "Cozef Çamberlin", "Birinci İngiltərəyə", "İkinci İngiltərəyə", "Azadlıq". O, hələ uşaqlıqdan ədəbi ləqəblər işlətməyə başlamışdır. Çarlz Robert Anon və Devid Merikdən əlavə, Horas Ceyms Feber, Aleksandr Sörç kimi ləqəbləri vardı. "Narahatlığın kitabı"nın önsözündə özü haqda yazır:
Heç vaxt heç nə onu nəsə etməyə məcbur etməyib. Uşaqlığını tək-tənha keçirib. Nə vaxtsa hər hansı bir qrupa qoşulmayıb. Təhsilini davam etdirməyib. Heç vaxt özünü insanlara aid hesab etməyib. Həyatını qəribə, amma bir o qədər də adi bir cəhət müəyyənləşdirirdi (bəlkə də bu, hamıya aiddir): instinktləri ilə yaşayırdı, bu da öz növbəsində fəaliyyətsizliyə və özünəqapanmaya gətirib çıxarmışdı.[4] |
Pessoanın məktəb yoldaşlarından biri gənc Pessoanı belə təsvir edir:
Sizə dəqiq deyə bilmərəm ki, onu nə qədər vaxt tanımışam, amma onun haqqında əsas təəssüratlarımı 1904-cü il boyunca məktəbdə onunla birgə olarkən almışam. O vaxtı neçə yaşı olduğunu bilmirəm, amma 15 ya 16 yaş verərdim. [...] Solğun bənizli və arıq idi. Fiziki cəhətdən çox qüsurlu görünürdü. Ensiz, qısılmış sinəsi vardı və əyilməyə meylli idi. Yerişi özünəməxsus idi. Görməsindəki qüsur gözlərinə də özünəxas görünüş verirdi. Göz qapağı sanki gözlərinin üzərinə düşürdü. [...] Erkən yaşlarında ingilis dilində danışmamasına baxmayaraq, çox ağıllı oğlan sayılırdı. Dili çox tez öyrənmişdi və bu dildə möhtəşəm bir danışıq üslubu vardı. Yaşca sinif yoldaşlarından balaca olsa da, onlarla ayaqlaşmaqda çətinliyi olana oxşamırdı, hətta onları ötüb keçirdi. Onun yaşında birinə görə çox və dərin düşünürdü. Bir dəfə mənə məktubunda "ən özəl sıxıntıların mənəvi və maddi əngəlləri"ndən şikayətlənmişdi. [...] Heç vaxt atletik idmanlarda iştirak etmirdi. Boş vaxtını kitab oxumaqla keçirdiyini düşünürəm. Ümumiyyətlə, biz onun həddən artıq çox işlədiyini və belə edərək sağlamlığına ziyan vuracağını hesab edirdik.[5]
Gəlişindən 10 il sonra, 17 yaşında Durbanı həmişəlik tərk edib Lissabona gəlmişdir.
Ailəsi Cənubi Afrikada qalsa da, Pessoa diplomatiya təhsili almaq üçün 1905-ci ildə Lissabona qayıtdı. Baş nazirə qarşı olan tələbə üsyanı iki il sonra təhsilinə son qoydu. Özü öz üzərində işlədi, vaxtını kitabxanada keçirdi. 1907-ci ilin sentyabrında nənəsi dünyasını dəyişdi və Pessoaya çox da böyük olmayan bir miras qoydu. O, bu pulla “Empreza Ibis” adlı nəşriyyat evi açdı, lakin işlər yolunda getmədi və nəşriyyat 1910-cu ildə bağlandı. Buna baxmayaraq, qədim Misirdə müqəddəs quş olan və yunan mifologiyasında əlifbanın yaradıcısı hesab olunan “ibis” adı onun üçün vacib simvol olaraq qalacaqdı.
Pessoa 1912-ci ildə ədəbi jurnal olan “Qartal”da nəşr olunan, 20-ci əsr portuqal ədəbi mühitində müzakirələrə səbəb olan tənqidi məqaləsi ilə ədəbiyyat dünyasına daxil oldu. 1915-ci ildə Pessoa, Mario de Sa-Karneyro və Joze de Almada Neqreyros daxil olmaqla bir qrup rəssam və şair “Orfey”[6] adlı ədəbi jurnal yaratdılar; beləcə, Portuqaliyaya modernist ədəbiyyat gətirdilər. Jurnalın sadəcə iki sayı çıxdı (yanvar-fevral-mart və aprel-may-iyun). Üçüncü say maddi səbəblərə görə çıxa bilmədi. Uzun illər sonra jurnal 1984-cü ildə yenidən nəşr olundu.[7] Burada Pessoanın alter eqo adlandırdığı və heteronimi olan Alvaro de Kamposun da işləri nəşr edildi.
Pessoa rəssam Ruy Vazla birgə 1924-1925-ci illərdə fəaliyyət göstərən “Afina” incəsənət jurnalının əsasını qoydu. Burada Alberto Kaeyro və Rikardo Reis heteronimləri adı altında şeirlər nəşr etdirdi. Öz peşəsi ilə yanaşı, tərcüməçiliklə də məşğul olan Pessoa bir çox jurnal və qəzetlərdə yazıçı, ədəbi və siyasi analitik kimi çalışırdı.
1905-1920-ci illər ərzində bir çox yerdə yaşamış, kirayədə qalmış, maddi çətinlikləri olmuşdur.[8] 1907-ci ildən ölümünə kimi Lissabonun mərkəzində yerləşən 21 fərqli firmada çalışmış, bəzən hətta iki və ya üçündə eyni anda işləmişdir.
1935-ci il 29 oktyabrda qarın nahiyəsindəki ağrılar və yüksək qızdırması olduğuna görə xəstəxanaya yerləşdirilmişdir. Son sözlərini ingiliscə yazmışdır: "Sabahın nə gətirəcəyini bilmirəm."[9] Səhəri gün, 1935-ci il 30 oktyabrda 47 yaşında olarkən vəfat etmişdir. Ölüm səbəbi kimi əsas olaraq qaraciyər sirrozu[9][10] göstərilsə də, bəziləri ölümünün pankreatitlə əlaqədər olduğunu söyləmişdir.[11]
Həyatı boyunca ingiliscə 4, portuqalca sadəcə bir kitab nəşr etdirmişdir. Nəşr olunmamış, tamamlanmamış, yalnızca əlyazma formasında olan yazıları taxta sandıqdan tapılmışdır. 25574 əlyazma 1988-ci ildən bəri Portuqaliya Milli Kitabxanasında saxlanılır.[12] Pessoanın sümükləri 1985-ci ildə, ölümündən 50 il sonra Jeronimuş monastrına gətirilmişdir.[13]