Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür.
Fici Həmkarlar İttifaqları Konqresi | |
---|---|
Yaranma tarixi | 1966 |
Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır.
Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var.
Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur.
Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Konqresin əsas məqsədi demokratik təşkilatlar yaratmaq və onları inkişaf etdirməkdir.
Konqres ölkədə işçilərin maarifləndirilməsi istiqamətində bir sıra işlər görür. Onlar üçün iqtisadi-sosial məsələləri əhatə edən treninq və kurslar təşkil edir. Hətta FHİK işçilərin peşəkar mütəxəssis kimi yetişməsi məqsədilə onlar üçün xüsusi dəvət olunmuş müəllimlərin iştirakı ilə seminarlar hazırlayır.
Konqres beynəlxalq münasibətlərə də çox geniş yer verir. Digər ölkələrin həmkarlar ittifaqları ilə sıx əməkdaşlıq aparır, ölkələrarası layihələr hazırlayır.
Təşkilatın əsas məqsədlərindən biri də odur ki, ölkə iqtisadiyyatına düzgün müdaxilə etsin. Qurum bu yolla Ficidə tam məşğulluğu təmin etmək və işsizliyi aradan qaldırmağı məqsədəuyğun sayır.
FHİK qadın problemlərini də hər zaman diqqətdə saxlayır. Baxmayaraq ki, Ficini inkişaf etmiş və ya inkişaf edən ölkələrin sırasına daxil etmək olmaz; lakin burada qadın və kişinin bərabər hüquqlara sahib olması öndəgedən məsələlərdən biridir. Bu mövzuya ən çox diqqəti isə məhz FHİK ayırır. Konqres hər zaman bildirir ki, istər ictimaiyyətdə, istər iş yerlərində, istərsə də ailədə hər iki cinsin nümayəndəsi bərabərdir. Təşkilatda artıq uzun müddətdir ki, Qadın Komitəsi yaradılmışdır. Bununla yanaşı, Konqres gənclərin məşğulluğu məsələsinə də geniş yer ayırır, gənclərlə bağlı çoxsaylı proqramlar hazırlayır. Tabeçiliyində olan bütün təşkilatlarda Gənclər Şurası yaradılmışdır.