Fikrət Babayev (alim)

Fikrət Rzaqulu oğlu Babayev (1943, Bakı) — Azərbaycanın kimyaçı alimi, professor, Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü (1994), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. Əməkdar ali məktəb işçisi.[1]

Fikrət Babayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Elm sahəsi kimya
Elmi dərəcəsi professor
İş yeri Azərbaycan Texniki Universiteti
Mükafatları Azərbaycan LKGİ mükafatı

1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini "Lenin" təqaüdü ilə bitirərək "Qeyri-üzvi kimya" ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent, 1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin, 1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir.

1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə "Neft kimyası" ixtisası üzrə professor adına layiq görülmüşdür. Elmi tədqiqatlarının sahəsi neft və qazın geokimyası, neftin heterokomponentləri, Cənubi Xəzər çökəkliyi timsalında neftlərdə izoprenoid karbohidrogenlərin paylanmasının tədqiqidir. Elmi-pedaqoji fəaliyyəti 3 monoqrafiya, 1 dərslik, 6 kitab, 130-dan çox elmi əsərdə öz əksini tapmışdır. Elmi əsərləri MDB ölkələrində, Çexiya, Avstraliya, Almaniya, MacarıstanBolqarıstanda nəşr edilmişdir.

1994-cü ildən Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvüdür. 1997-1998-ci illərdə Beynəlxalq "Azərbaycan geoloqu" adlı elmi bülletenin baş redaktoru, 2000-2006-cı illərdə isə "Bilgi" (kimya, biologiya və tibb seriyası) dərgisinin redaktoru olmuşdur. Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatıdır. "Əməkdar ali məktəb işçisi" fəxri adına layiq görülmüşdür.

  1. "Arxivlənmiş surət". 2020-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.