Fukubukuro

Tokionun Takeşita küçəsində satılan fukubukurolar.

Fukubukuro (福袋?, azərb. uğurlu çanta‎)Yaponiyada yeni il ərəfəsində tətbiq olunan ənənə. Bu ənənəyə görə satıcılar içərisində alıcıya naməlum olan məhsullardan ibarət sürpriz hədiyyə paketi almağı təklif edirlər. Paketin qiyməti onun içindəki məhsulların qiymətindən 50 % ucuz olur. Fukubukuro xüsusilə tələbat olmayan malları satmaq üçün şirkətlər üçün ən yaxşı yoldur.[1]

Fukubukuro ilk dəfə Meyci dövründə Matsuya alış-veriş mərkəzində peyda olub və daha sonra bütün Yaponiyaya yayılıb. Hazırda hətta ABŞ-də da bəzən bu konsepsiyadan istifadə olunur.[1]

Paketlərin içərisində adətən paltarlar, aksesuarlar, elektronika məhsulları və s. olur. Kiçik uşaqları olan ailələr üçün ayrıca fukubukurolar olur. Fukubukurolar adətən yanvar ayının 2-sində və 3-ündə satışa çıxarırlar. Yaponların çoxu bu paketləri əyləncə xətrinə alırlar. Fukubukuroların çoxu qeyri-şəffaf paketlərdən ibarət olsa da, bəzən şəffaf paketlərdən də istifadə olunur. Bu zaman paketin içərisindəkiləri də görmək olur. Əgər paketin içərisindən istənilməyən məhsul çıxsa, onda ona fukobukuro (uğursuz çanta) və ya utsubukuro (qanqaraldıcı çanta) deyirlər.[1]

Fukubukuroların qiymətləri adətən 1000-50000 yen arasında dəyişir. Ən bahalı fukubukuro 2006-cı ildə Qinza rayonunda 200,6 milyon yen qiymətində olub. İnsanlar fukubukuroları almaq üçün sıraya düzülürlər. Hər mağazanın özünə məxsus fukubukurosu olur. O qədər populyardır ki, satışın ilk günün günorta saatlarında tükənirlər. Mağazalar paketlərin dizaynına da xüsusilə fikir verirlər. Çox vaxt insanlar paketləri atmayıb, daha sonra da istifadə edirlər. Demək olar ki, yeni il ərəfəsində hər mağaza fukubukuro satır. Ən populyar fukubukuro satış mağazaları Dokidoki, Azul by Moussy, Adidas, Miki House, Disney Store, Bikku Camera və s. hesab olunur.[1]

Fukubukuro son illər turistlərin də diqqətini cəlb etməyə başlayıb.[1]

  1. 1 2 3 4 5 "Fukubukuro nedir?". Asialogy (yaponca). 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]