Göyərçin fotoqrafiyası 1907-ci ildə alman əczaçısı Culiyus Nübronner tərəfindən ixtira olunmuş aerofotoçəkiliş texnikasıdır. Miniatür kameranın yerləşdirilməsi üçün poçt göyərçini alüminium qoşqu ilə təchiz olunurdu. Nübronnerin patenti ilk başda qəbul edilmədi, fəqət onun 1908-ci ildə göyərçinləri vasitəsilə çəkdiyi uğurlu şəkillər patentin qəbul olunması ilə nəticələndi. Nübronner texnikasını ilk dəfə 1909-cu ildə Drezden Beynəlxalq Fotoqrafik Sərgisində ictimailəşdirdi. Çəkdiyi şəkillərin bəzilərini Frankfurt Beynəlxalq Aviasiya Sərgisinə, 1910 və 1911-ci illərdə isə Paris Hava Nümayişlərinə poçt kartoçkaları olaraq satdı.
İlkin dövrlərdə göyərçin fotoqrafiyasının hərbi kəşfiyyat cəhətdən potensiyalı yüksək idi. Birinci Dünya Müharibəsindəki testlər də müsbət nəticələr göstərmişdi. Müharibədə poçt göyərçinləri üçün düzəldilmiş daşına bilən göyərçin evi texnologiyasının da təsiri az olmamışdı. Aviasiya sahəsində mükəmməlliyin üstün tutulması göyərçin fotoqrafiyasına olan hərbi marağın azalması ilə nəticələndi və beləcə Nübronner eksperimentlərini dayandırdı. Bu fikir 1930-cu ildə İsveç saatsazı tərəfindən dirçəldildi, habelə Alman və Fransız orduları tərəfindən istifadəsi davam etdirildi. Müharibə göyərçinlərinin İkinci Dünya Müharibəsində geniş şəkildə istifadə edilməsinə baxmayaraq, hərbi kəşfiyyatlarda nə dərəcədə rol oynadıqları naməlumdur. Daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) casusluq məqsədli batareya ilə təchiz olunmuş kameralar təkmilləşdirdi. Bu kameraların funksiyanallığı isə məxfidir.
Şəkillərin çəkilməsi zamanı göyərçinlərin istiqamətinin, məkanının və sürətinin idarə olunması ilə yanaşı yetəri qədər kiçik və yüngül mexanizmli vaxtölçən alətin təkmilləşdirilməsi də bir sıra çətinliklərə səbəb olmuşdu. 2004-cü ildə Britan Yayım Korporasiyası (BBC) qızılquş və tetraçalan quşlarına miniatür televiziya kameraları qoşaraq canlı görüntülər əldə etmişdi. Bu gün də bəzi araşdırmaçılar, həvəskarlar və sənətkarlar müxtəlif növ heyvanlar vasitəsilə bənzər çəkilişlər edir.
İlk aerofotoşəkil 1858-ci ildə hava şarı uçurucusu Nadar tərəfindən çəkilmişdir. James Wallace Black 1860-cı ildən günümüzə qədər gəlib çıxmış ən qədim aerofotoşəkillərin müəllifidir.[2] 19-cu əsrin axırlarında bəzi təşəbbüsçülər insansız uçan obyektlərə də kameralar yerləşdirməyə başladı. 1880-ci illərdə Artur Batut çərpələng vasitəsilə aerofotoşəkil çəkməyi təcrübə etdi. Batutdan ilhamlanan Uilliyam Abner Eddi 1896-cı ildə bu metoddan istifadə edərək Bostonun yüksək keyfiyyətli şəkillərini çəkdi və məşhurlaşdı. Amedi Denissi 1888-ci ildə, Alfred Nobel isə 1897-ci ildə bir raketi və paraşütü kamera ilə təchiz edərək eyni təcrübəni həyata keçirdi.[3][4]
Poçt göyərçinlərindən 19-cu və 20-ci əsrlərdə həm məktub daşımaq, həm də kəşfiyyat xarakterli səbəblərdən dolayı geniş şəkildə istifadə edilmişdir. Fransa-Prussiya Müharibəsində Parisin məşhur poçt göyərçinləri hər biri 50,000-ə qədər mikrofilmlənmiş teleqramlarla yüklənərək teleqramları Tours şəhərindən mühasirəyə alınmış paytaxta daşımışdır. Bu dövrdə poçt göyərçinləri vasitəsilə ümumilikdə 150,000 şəxsi teleqramlar və rəsmi məlumatlar çatdırılıb.[5] Rusiya İmperiyasının Sankt Peterburq şəhərindəki Texniki Cəmiyyətin 1889-cu ildəki təcrübəsində hava şarlarının rəhbəri aerofotoşəkillər çəkmiş şəkilləri isə poçt göyərçinləri vasitəsilə yerə çatdırmışdı.[6]
1903-cü ildə Frankfurt yaxınlığındakı Kronberq şəhərində yaşamış bir əczaçı – Culiyus Nübroner atasının yarım əsr əvvəl başlatdığı adəti davam etdirdi və Falkenstein yaxınlığındakı sanatoriyadan göstəriş aldı. 75 qrama qədər təcili şəkildə ehtiyac duyulan dərmanları eyni metodla çatdırırdı. O əhliləşdirdiyi göyərçinlərini sürətli çatdırılma xidməti üçün Frankfurtdakı mağazalara müəyyən məbləğ qarşılığında yerləşdirirdi. Nübronner quşunun dumanda azıb 4 gün sonra tox şəkildə geri qayıtmasından ilhamlanaraq quşlarının hara getdiyini izləmək qərarına gəldi və onlara avtomatikləşdirilmiş kameralar taxdı. Bu fikir onun poçt göyərçinlərinə olan həvəsi ilə fotoqraflığa olan həvəsini birləşdirdi. (Yeri gəlmişkən, Nübronner 4 gün sonra tox qayıdan quşunun Visbaden şəhərindəki bir restoranda bəsləndiyini öyrəndi.)[7]
Nübronner "Ticka" saatlı kamerasını müxtəlif şəraitlərdə test etdikdən sonra göyərçinlərin sinəsinə yerləşə biləcək ölçülərdə miniatür kameralar təkmilləşdirməyə başladı.[7] Göyərçinlərə 30–75 qram ağırlıqlarında taxta kamera modellərindən istifadə etməklə ehtiyatlı bir şəkildə yük taşımağı öyrətdilər.[8] Nübronner aerofotoşəkil çəkmək üçün kamera ilə təchiz olunmuş göyərçinləri evindən 100 kilometrə qədər aralıqda yerləşən məkanlara aparırdı.[8] Yükdən azad olmaq istəyən quşlar gəldikləri yerdən 50–100 metr hündürlükdə olmaqla birbaşa evə qayıdırdılar. Kameradakı pnevmatik sistem şəkillərin çəkildiyi zaman aralığını tənzimləyirdi.[9] Kamera ilə yüklənmiş göyərçinlərin enişini asanlaşdırmaq üçün göyərçin evlərinin üzərində böyük boşluq ilə yanaşı geniş və elastik eniş lövhələri var idi.[8]
Nübronnerə görə bu kameranın daha bir çox digər fərqli modelləri də mövcuddur. O 1907-ci ildə bir patenti təqdim etmək üçün yetərincə uğur qazanmışdı. Təəssüf ki, onun ilk icadı – "yüksəkdən mənzərələrin şəklini çəkmə metodları və vasitələri" alman patent ofisi tərəfindən mümkünsüzlük səbəbiylə rədd cavabı aldı, Ancaq sonradan patent vasitəsilə ərsəyə gətirilmiş fotoşəkillərin təqdimatı 1908-ci ilin Dekabr ayında patentin qəbul edilməsi ilə nəticələndi.[10][11](Rədd cavabı göyərçinlərin daşıma qabiliyyəti ilə bağlı yanlış anlaşılmaya əsaslanırdı.)[12]
Nübronnerin Drezdendəki 1909 Beynəlxalq Fotoqrafik Sərgidə[13] və Frankfurtdakı 1909 Beynəlxalq Aviasiya Sərgisində iştirakı ixtirasının şöhrət qazanmasında böyük rol oynamışdır. Drezdendəki tamaşaçılar göyərçinlərin gəlişini izləyə və quşların özləri ilə gətirdiyi şəkillərə baxa bilərdilər.[2][14] Nübronnerin fotoşəkilləri Drezdendə, habelə 1910, 1911-ci illərdəki Paris Hava Şoularında mükafatlar qazanmışdır.[15]
Şlosotel Kronberqin fotoşəkli şəkli çəkənin qanad uclarının kadra düşməsi nəticəsində məşhurlaşmışdı. Müəllif hüquqlarının pozulduğu bir dövrdə bu görüntülər 1929-dakı Alman səhnələrinin xəbər filmlərində yer alırdı.[16]
1909-da çap edilmiş kitabçada Nübronner beş kamera modelini təsvir edib:
1920-dəki kitabçada Nübronner təkmilləşdirdiyi ən son kamera modelinin 40 qramdan bir az ağır olduğunu və 12 şəkil çəkə bildiyini qeyd edib[11]. 2007-ci ildə bir araşdırmaçı obyektivlər, sürgülər və fotoqrafik məlumatın sürəti haqqında çox az texniki məlumatın mövcud olduğunu bildirib. O həmçinin qeyd edib ki, Nübronner panoramik kamerası üçün filmləri ADOX-dan əldə edirmiş. O həmçinin bu kameranın film sürətinin ISO 25/15° – 40/17° sürgü sürətinin isə 1/60 s – 1/100 s olduğunu təxmin edib. Filmin formatı 30 mm × 60 mm olurdu və filmlər obyektivin yarımdairəvi hərəkəti səbəbiylə təhrif olunmanın qarşısını almaq üçün əyilirdi.[15]
1920-ci ildə Nübronner on illik əməyinin sadəcə ensiklopediyalarda adının keçməsi və icad etdiyi daşına bilən göyərçin evi texnologiyasının yararlılığının verdiyi zövq ilə dəyərləndirildiyi diqqətini çəkdi.[11] Nübronnerin panoramik kamerası Berlindəki Alman Texnologiya Muzeyində və Münxendəki Deutsches Muzeyində eksponat kimi saxlanılır.[18][19]
Nübronnerin ixtirasındakı ən axırıncı motiv patentin hərbi məqsədlər üçün istifadəsi idi. O dövrlərdə fotoqrafik aerokəşfiyyatın mümkün olmasına baxmayaraq şarlar, çərpələnglər və ya raketlərlə həyata keçirildiyindən ağlabatan deyildi.[11] Rayt qardaşlarının 1903-dəki uçuşu bəzi yeni şeylərin mümkünlüyünü ortaya qoydu və nəzarət təyyarələrindən Birinci Dünya Müharibəsində istifadəyə yer verildi. Praktiki çətinliklərinə baxmayaraq göyərçinlərə əsaslanan fotoqrafiya sahəsi gerçəkləşdi. Sürətli çatdırılma və hündürlükdən çəkilmiş detallı fotolar kimi dəyərli töhfələr verdi.[11]
Prussiya Müharibə Nazirliyi patentlə maraqlanırdı. Göyərçinlərin partlayışlara ümumiyyətlə əhəmiyyət vermədiyi aşkarlandı. Müharibə zamanı göyərçin evlərinin yerini dəyişmək göyərçinlərə çətinlik yaradırdı. Onların yeni məkana alışması və yeni yolları öyrənməsi bir az zaman alırdı.[11] 1880-ci illərdə İtaliyan ordusu göyərçinləri əhliləşdirmək mövzusunda bir sıra uğurlara imza atdı.[20] Fransız artilleriya kapitanı Reynaud daşına bilən göyərçin evi təkmilləşdirməklə bu problemi həll etdi.[21] Nübronnerin bu irəliləyişlərdən xəbərdar olduğu barədə məlumat yoxdur. Frankfurt və Drezdendəki 1909 sərgilərində Nübronner daşına bilən göyərçin evi ilə qaranlıq otağın vəhdət təşkil etdiyi parlaq rəngli kiçik bir araba təqdim etdi. Bir neçə ağır, zəhmətli aydan sonra o, nəhayət ki, göyərçinləri əhliləşdirməyi bacardı. Artıq göyərçinlər itsə belə, yenidən göyərçin evini tapa bilirdilər.
1912-də[14] ona 1909-da tapşırılmış Teqeldəki su anbarlarının şəklini çəkmə tapşırığının sadəcə daşına bilən göyərçin evləri vasitəsilə öhdəsindən gəldi. Təqribən 10 il davam etmiş danışıqların avqust 1914 tarixində Strasburqdakı manevrdə həyata keçiriləcək testlərlə bitəcəyi planlaşdırılmışdı. Bu planlar müharibənin başlanması səbəbindən təxirə salındı. Ordu göyərçinlərin müharibə şəraitindəki nəticələrindən razı qaldığı üçün Nübronner əhliləşdirdiyi göyərçinləri və təchizatı orduya verməli oldu.[11][22]
Poçt göyərçinlərinin müharibədəki məharəti döyüş strategiyalarının intibahına səbəb oldu. Nübronnerin daşına bilən göyərçin evi Verdun Döyüşündə öz yerini tapdı. Somme Döyüşündəki kimi burada da poçt göyərçinləri stratejik üstünlüyü bərqərar edirdi.[11] Müharibədən sonra Müharibə Nazirliyi Nübronnerin göyərçinlərin aerofotoqrafiyadakı istifadəsinin heç bir hərbi dəyərinin olmaması və ətraflı təcrübələrin gərəksiz olması ilə bağlı tələbini cavablandırıb.[14]
Vaşinqton şəhərində yerləşən Beynəlxalq Casus Muzeyində Birinci Dünya Müharibəsi dövrünə aid göyərçin fotoqrafiyasına və poçt göyərçinlərinə aid eksponentlərə həsr olunmuş kiçik bir otaq var.
Açıqlamalara görə 1932-ci ildə Alman ordusu fotoqrafiya üçün göyərçinlər əhliləşdirirmiş və Alman göyərçinləri hər uçuşda 200 şəkil çəkmə qabiliyyətinə malik imiş.[24] Həmin il Fransızlar tərbiyə edilmiş itlər vasitəsilə göyərçinlərin düşmənin arxa cəbhəsinə sızdırılması metodu və göyərçinlər üçün xüsusi film kameraları da təkmilləşdirmişdilər.[25]
Müharibə göyərçinlərinin və daşına bilən göyərçin evlərinin İkinci Dünya Müharibəsində geniş şəkildə istifadə edilməsinə baxmayaraq göyərçinlərin aerofotoqrafiya məqsədi ilə hansı ölçüdə istifadə edildiyi naməlumdur. 1942-dəki bir açıqlamaya görə Sovet ordusu göyərçinləri səbətə daşıyan itlərlə yanaşı 5 dəqiqəlik aralarla şəkil çəkə bilən göyərçin kameraları ilə dolu tərk edilmiş yük maşınları aşkar edib.[26] Müttəfiq tərəfdən isə 1943-cü ildə Amerikan Siqnal Korpusu bu texnikanın yararlılığından xəbərdaridi.[27]
Məlumdur ki, İkinci Dünya Müharibəsində göyərçin fotoqrafiyası Alman bağçalarına oyuncaq formasında təqdim olunmuşdur. 1935-ci illərdə oyuncaq fiqurları Elastolin brendi altında istehsal edilirdi. Heykəlcik həddindən artıq ölçüdə kamera ilə yüklənmiş göyərçini havaya buraxan əsgəri təmsil edir.[28]
Veveydə Musée suisse de l'appareil photographique tərəfindən keçirilmiş araşdırma sayəsində İsveçrəli saatsaz Kristian Adrian Miçelin dövründə (1912–1980)[29] hazırlanmış göyərçin kameraları haqqında ətraflı məlumatlara sahibik. O 1931-də İsveçrə Ordusunda poçt göyərçinləri xidməti göstərməyə başladı. 1933-də Nübronnerin mənzərə kamerasını 16 mm filmə adaptasiya etməyə başladı. Daha sonra mexanizmi bir az da təkmilləşdirib hər şəkil arasındakı zaman aralığını tənzimləməyi mümkün qıldı. Miçelin 1937-də patentləşdirilmiş kamerası[30] sadəcə 70 qram idi. Bu kameraya saat mexanizmi ilə çalışan ilk kamera da demək olar.[31]
Miçelin kamerasını İsveçrə Ordusuna satma planı yetəri miqdarda kamera istehsal edəcək istehsalçı tapa bilmədiyinə görə uğursuzluqla nəticələndi. O sadəcə 100 kamera istehsal etdirə bilmişdi. İkinci Dünya Müharibəsi başladıqdan sonra poçt göyərçinlərinə müxtəlif əşyalar daşımaları üçün xüsusi qalxan və qoşqu patentləri hazırladı.[32] 2002–2007 illərində onun kameralarından üçü Londondakı Christie's-də hərraca çıxarıldı.[29]
Veveydəki "Musée suisse de l'appareil photographique" muzeyi Miçelin kamerası ilə test məqsədləri ilə çəkilmiş şəkillərdən 1,000 dənəsini özündə saxlayır. Şəkillərin çoxu ISO 8/10° sürətində 16 mm ortopanxromatik Agfa filmi ilə çəkilmişdir. Çəkilən şəkillər 10 mm × 34 mm formatındadır. Şəkillər 10 qat böyüdülmək üçün yetəri qədər keyfiyyətlidir.[31] 2007-dəki "Des pigeons photographes?" sərgisinin kataloqunda şəkillər bu şəkildə qruplaşdırılmışdır: yerdən və ya pəncərədən şəkillər, yerdə və ya yüksəkdə dayanan insan gözündən şəkillər, təyyarə əsaslı aerofotoşəkillər, təyyarədən buraxılmış göyərçinlər tərəfindən çəkildiyi güman edilən çox yüksəkdən çəkilmiş şəkillər və çox az sayda sıradan göyərçin şəkilləri.[33][34]
CIA muzeyinin virtual turunda batareya ilə təchiz olunmuş göyərçin kameraları sərgilənməkdədir. Sayta əsasən kameranın çalışma prinsipi hələ də məxfi olaraq saxlanılır[35]. Jurnalistlərə əsasən kamera 1970-ci illərdə istifadə edilib[36] və göyərçinlərin təyyarədən buraxılması səbəbindən uğursuzluqla nəticələnib.[37] 1978-də İsveçrə jurnalı L'Illustré Bazel küçəsində Febo de Vriyes-Bumanın göyərçini tərəfindən çəkilmiş aerofotoşəkli nəşrə buraxdı. Şəkli çəkən kamera hidravlik mexanizmlə təchiz olunurdu.[17] 2002–2003 illərində göyərçin baxıcısı və sənətkar Amos Letteyer ilk dəfə Advanced Photo Sytem (APS) istifadə etməklə göyərçin fotoqrafiyasını təcrübədən keçirdi. Bu təcrübənin nəticələri Portland, Oreqonda "PowerPointillist" mühazirələrə mövzu oldu[38]. Yatan Gözəl əsərinin 2008-də Alman rejissor Arend Aqse tərəfindən çəkilmiş filmində şahzadə göyərçin fotoqrafiyasını icad edir və Yatan Gözəli də elə məhz göyərçinin çəkdiyi şəkillərdə tapır.[39]
1980-ci illərdə Rolf Oberlander tərəfindən Doppel-Sport tipli yüksək keyfiyyətli və az sayılı replikalar düzəldilir.[17] O kameralardan biri 1999-cu ildə Veveydəki İsveçrə Kamera Muzeyinə yerləşdirilib.[17]
Müasir texnologiya göyərçin fotoqrafiyasının prinsipini video kameralarında tətbiq etmək imkanı yaradır. 2004-də BBC tərəfindən hazırlanmış Animal Camera adlı verilişdə Stiv Leonard qartalları, qızılquşları və tetraçalanları miniatür televiziya kameraları ilə təchiz edib möhtəşəm görüntülər əldə etmişdir. Kameralar 28 qram ağırlığında idi.[40] Göyərçinlər videokamera və miniatür rəqəmsal səs ifaçısı ilə də təchiz oluna bilər.
Albatroslara kamera bağlanmasının nə kimi məlumat verdiyindən bəhs edən məqalə haqqında 2009-da araşdımaçılar xəbər yaydılar. Dodaq boyası ölçüsündə olan bu kameralar hər 30 saniyədə bir şəkil çəkir.[41] Bu kameralar it və pişik kimi digər heyvanlara da bağlana bilir.[42]