Göycə qala (Marağa)

Göyce qala- İranın Şərqi Azərbaycan ostanının Saracu nayihəsində yerləşən tarixi abidə . Qala Marağa şəhərinin 45 km cənub-şərqində Saracu nayihəsinə daxil olan eyni adlı kəndin qərbində, Quruçayın kənarında yerləşir. İran Mədəniyyət nazirliyi (Miras-i Ferhengi) 2003-cü ildə qalanı 10471 nömrəsi ilə milli əsər kimi qeydə almışdır.

Göycə qala
Ölkə  İran
Şəhər Marağa
Yerləşir Şərqi Azərbaycan ostanı, Marağa şəhəri , Göycə kəndi
Aidiyyatı Urartu dövləti
Tikilmə tarixi e.ə I minillik
Üslubu Dəmir dövrü memarlığı
Təyin edilib2003
İstinad nöm.10471

Tarixi[redaktə | mənbəni redaktə et]

Şərqi Azərbaycan ostanının xüsusilə Marağa bölgəsinin dağlıq şəraiti burada müdafiə-məskunlaşma qalalarının salınmasına səbəb olmuşdur. Qalanın Göycə adını ətrafında yerləşən yaşıl daşlardan aldığı qəbul edilir. Aparılan tədqiqatlar zamanı qalaya aid heç bir kitabə aşkar edilməyib. Buna görə də qalanın dəqiq tikilmə tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur. İran Mədəniyyət nazirliyinin verdiyi məlumata əsasən qalanın Urartu dönəmində tikildiyi ehtimal edilir. Bu məlumata biz ilk Volfram Kleissin tədqiqatlarında rast gəlirik. Bəzi tarixçilərin fikrincə isə qalanın yerləşdiyi ərazi Urartu dövlətinin deyil Manna dövlətinin sərhədləri daxilində olub. Lakin Göycə qalası və ətraf ərazilərdəki digər tarixi abidələrdən (Əcəbşir qalası, Cavanqala, Daştəpə, Arslantəpə) aşkarlanan nümunələr bölgənin Urartu hakimiyyəti altında olduğunu göstərir. Qala daxilində və ətrafında aparılan tədqiqatlarda Urartu dövrünə aid qəbirlər, dəmir dövrü saxsı qab qalıqları, SəlcuqluElxani dövrünə aid mədəniyyət nümunələri və qalanın şərq hissəsində İslam dövrü qəbiristanlığı aşkar edilmişdir.[1][2] Sonradan Səlçuqlu və Səfəvi dövlətləri tərəfindən də hərbi məqsədlər üçün istifadə edilmişdir. İran Mədəniyyət nazirliyi (Miras-i Ferhengi) 2003-cü ildə qalanı 10471 nömrəsi ilə milli əsər kimi qeydə almışdır.[3]

Təbii qaya üzərində tikilmiş Göycə qalası yerləşdiyi ərazinin struktur xüsusiyyətlərinə uyğun formalaşdırılmış, daxili məkanlar qayaların oyulması ilə əldə edilmişdir. Qala nisbətən sıldırıım yamacı olan dağ üzərində inşa edilib. Dəmir dövründə və Urartu dövlətinin hakimiyyəti zamanı qalalar əsasən dağ silsilələrinin yüksəkliklərində, sıldırım qayalarda tikilirdi.[4]Qala daş qayalarla əhatələnib nisbətən gözdən uzaq olsa da, bu nöqtədən bütün ərazidə baş verən nəqliyyatı və hərəkəti izləmək mümkün idi. Qalanın şimal və şərq hissələrindəki sıldırım yamac isə bura girişi çətinləşdirirdi.[5]

Göycə qalası memarlıq xüsusiyyətləri baxımından Marağa ətrafındakı nadir qalalardan biridir. İstifadə sahələri qayaların kəsilməsi və hamarlanması ilə yaradılmışdır. Əvvəllər qalanın mühüm kommunikasiya yollarının üzərində yerləşdiyi ehtimal olunur. Ona görə də bu qalanın həm müdafiə həm də məskunlaşma məqsədi ilə tikildiyini söyləmək mümkündür. Qalanın içərisində su çəni, pilləkənlər, otaqlar və böyük zal mövcuddur. Bu daş otaqlar, daş pilləkənlər xüsusilə qala ətrafı hasarlar dəmir dövrü memarlığının məşhur xüsusiyyətləri hesab edilir.[6] Qalanın günümüzə qədər gəlib çıxan pilləkənlərini iki hissədə görmək mümkündür. Onlardan biri qalanın şimal-şərq girişindədir. Burada 6 ədəd pilləkən var. Digəri isə qalanın mərkəzində, şərq yamacından başlayaraq qaya sərdabəsinin yan tərəfinə qədər davam edən pilləkənlər. Bu pilləkənlər 30 pillədən ibarətdir və hər pillənin hündürlüyü 30 sm-dir. Təbii ki, hava şəraiti və köhnəlmə pilləkənlərin orginal vəziyyətini itirməsinə gətirib çıxarıb. [3]

Qalanın əsas girişinin ölçüləri təxminən 2x4m-dir. Qaladan kənar bəzi yerlərdə təndir və anbar quyuları oyma üsulu ilə hazırlanmışdır.Tarixçilərə görə, bu təndir və sarnıçlar İslam dövründə tikilmiş ola bilər.[7] Ümumiyyətlə daş pilləkənlər və qaya otaqlar Urartu nümunələri ilə oxşarlıq təşkil edir və Manna dövrü memarlığında fərqlənir. Qalanın interyeri bir neçə kiçik otaqdan və geniş zaldan ibarətdir. Tavanı yastı qayadır və şimal küncündə işığın daxil olması üçün 70x90 sm ölçülü açıqlıq var. Qalanın içərisində qayalara oyulmuş su çəni var. Bu su çəni 4x6 m ölçüdədir və onun üst örtüyü tağ şəklindədir. Su çəninin iki ayrı girişi var. Onlardan biri 100x150 sm, digəri isə 70x100 sm ölçüsündədir.[5]

Qala ətrafında günümüzə qədər gəlib çatan hasar divarının qalınlığı qalanın qərb hissəsində təqribən 1 metr, cənub hissəsində isə 1 metrdən 2 metrə qədərdir. Burada dayaq və bürcün mövcudluğuna işarə edən çıxıntı və qalıqlara rast gəlinmir.[8]

Qalanın daxilində və xaricində heç bir geometrik və bitki motifli bəzək ünsrünə rast gəlinmir.[9]

Qala təbii daşların qayalığın oyulması ilə formalaşdırılıb və inşaasında bu qayalardan yonulan daşlardan istifadə olunub.[5]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Hossein Naseri Som’eh, Bahman Firouzmandi, Mohsen Sa’dati. Archaeological Investigation of Göyce Qala: An Urartuian Castle in Maragheh Plain, Northwestern Iran. 1. Tehran: Journal of Archaeological Studies. 2015. 147–165.
  • MOHSENİ TAZEHKAND. TARİHİ ALANLARIN KORUNMASI VE İYİLEŞTİRİLMESİNİN MEKANSAL, SOSYAL VE EKONOMİK ETKİLERİNİN ANKARA HAMAMÖNÜ YENİLEME ALANI ÇERÇEVESİNDE DEĞERLENDİRİLMESİ VE MERAGA KENTİ MOLLA RÜSTEM -HAMAM TARİHİ ALANI İÇİN ÖNERİLERİN GELİŞTİRİLMESİ. Gazi Universitesi. 2018.
  • K. Köroğlu – E. Konyar. İran’daki Urartu Şehirleri. 1. İstanbul. Urartu: Doğu’da Değişim. 2011. 150–169.
  • Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Someh, 2015. səh. 149
  2. Köroğlu, 2011. səh. 155
  3. 1 2 GHARİHEİDARİ, 2017. səh. 52
  4. Someh, 2015. səh. 150
  5. 1 2 3 GHARİHEİDARİ, 2017. səh. 53
  6. Someh, 2015. səh. 152
  7. Someh, 2015. səh. 153
  8. Someh, 2015. səh. 160
  9. Köroğlu, 2011. səh. 157

Həmçinin bax[redaktə | mənbəni redaktə et]