Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
XIX yüzilliyin əvvəllərində xalq azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri Şəkinin Baş Göynük kəndində yazılmışdı. Baş Göynük Şəki xanlığının ən böyük mahallarından biri idi. 1824-cü il siyahıya alınmasına görə burada 3433 nəfər əhali yaşayırdı. Şimali Qafqaza gedən dağ cığırları bu kəndin ərazisindən keçirdi. Ona görə də başlanan üsyan işğalçıları vahiməyə salmış, onları dərhal ciddi tədbirlər görməyə məcbur etmişdi. Şəkidə yerləşdirilmiş Kabardin — muşketyor polkunun mayoru Qrekovun Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Qudoviçə göndərdiyi 48 №-li raportda bu üsyan haqqında maraqlı məlumat var.
Xoylu Cəfərqulu xanın Şəkiyə hakim təyin edilməsi yerli əhalinin narazılığını daha da artırdı. Cəfərqulu xan Rusiyanın müstəmləkəçilik siyasətini can-başla həyata keçirir, bu məqsədlə xalqı çapıb talamaqla kifayətlənmir, eyni zamanda onu təhqir edir və alçaldırdı. Cəfərqulu xanın Şəkiyə xan təyin edilməsi yerli əhalinin kəskin müqaviməti ilə qarşılandı.1807-ci il yanvarın 5-də Şəki əhalisi bu təyinata etiraz əlaməti olaraq bir neçə Rusiya əsgərini öldürdü. Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Qudoviç general-mayor Nebolsinə əhalini tərksilah etməyi, ən cüzi narazılıqları ciddi cəzalandırmağı tapşırdı. Əhalisinin silahlı çıxışından ehtiyat edən rus komandanlığı Cəfərqulu xanı ciddi mühafizə altında Şəkiyə gətirdi, onun təhlükəsizliyi üçün bütün tədbirlər görüldü.
Xanın hakimiyyətini tanımaq istəməyənlər isə dərhal həbs edildi. Yerli əhalini daim qorxu içərisində saxlamaq üçün Cəfərqulu xan öz adamlarından 500 nəfərlik qoşun saxlayırdı. Görülən bütün tədbirlərə baxmayaraq azadlıq mübarizəsini bir an da olsun dayandırmaq mümkün deyildi. Rusiya işğalına qarşı ən böyük və birinci üsyan Göynükdə başladı.
Üsyan 1807-ci il 28 apreldə başladı. Baş Göynük və Aşağı Göynük kəndlərini əhatə edən üsyan qısa müddətdə yaxınlıqdakı Burs kəndinə yayıldı. Üsyana Baş Göynük kənd sakini sultan Murad başçılıq edirdi. Göynük əhalisi bütünlüklə yaşayış yerini tərk edərək Burs kəndi yaxınlığındakı dərədə düşərgə yaratdı. Üsyançılar Şəki xanı Cəfərqulu xanın göstərişlərinə tabe olmaqdan boyun qaçırdı. Bu əslində Rusiya hakimiyyətini tanımaqdan imtina etmək idi.
Üsyanın getdikcə genişlənməsi və digər ərazilərə yayılması təhlükəsi gündən-günə artırdı. Üsyançılar Şirvan xanı Mustafa xanla da əlaqə yaratdılar. Şirvan xanı üsyançılara möhkəm dayanmağı və Cəfərqulu xana tabe olmamağa çağırdı. Əvəzində isə o yaxın vaxtlarda üsyançılara hərbi qüvvə ilə yardım edəcəyini vəd etdi.
Üsyanın getdikcə genişlənməsi qorxusu işğalçıları öz qüvvələrini səfərbərliyə almağa vadar etdi. Mayor Qrekov özü ilə 100 nəfər əsgər və hərbi sursat götürərək üsyançıların üzərinə yeridi. Cəfərqulu xanla İlisu sultanının 1000 nəfərlik birləşmiş hərbi qüvvələri onlara qoşuldu. Üsyançılarla birləşmiş qüvvələr arasında qanlı döyüş başladı. Qeyri-bərabər döyüşdə güclü müqavimətlə üzləşən rus işğalçıları toplardan istifadə edərək üsyançılar arasında çaxnaşma yaratdılar. Top atəşi üsyançıların sıralarını dağıtdı. Pərakəndə düşən əhali dağlara çəkildi. Üsyançılar möhkəm dayanaraq Mustafa xandan vəd olunan köməyi gözləyirdi. Lakin gözlənilən köməyi almaq mümkün olmadı. 3 gün davam edən şiddətli döyüşdən sonra qüvvələri tükənən üsyançılar təslim oldu. Üsyan başçısı sultan Murad öz ailəsi ilə birlikdə dağlara qaçdı və yalnız bir neçə gündən sonra çətinliklə ələ keçirildi. Üsyan yatırıldıqdan sonra kənd əhalisi öz yaşayış yerinə qaytarıldı və rus qoşunlarının təzyiqi altında Cəfərqulu xana, Rusiya taxt-tacına sadiq qalacaqlarına and içdi. Sultan Murad isə Şəkiyə gətirilərək qalaya salındı. Sonralar sultan Murad öz igidliyi sayəsində qaladan qaçmış, Cara gedərək bu ərazidə müstəmləkə əsarətinə qarşı mübarizəni davam etdirmişdi.
1807-ci il Göynük üsyanının yatırılmasına baxmayaraq onun böyük tarixi əhəmiyyəti var idi. Bu üsyandan sonra azadlıq mübarizəsi yeni qüvvə ilə genişləndi. Üsyan xalqın işğalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsinin şanlı simvoluna çevrildi.
1808-ci ilin əvvəlində Şəki xanlığında azadlıq mübarizəsi yeni vüsət aldı. Bu mübarizənin başında öz vətənini tərk edib İrana qaçmaq məcburiyyətində qalan Səlim xan dayanırdı.