Gülağa Tapdıq oğlu Zeynalov (28 aprel 1956, Şuşa, DQMV – 2 yanvar 2015, Bakı) — milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, ustad tarzən, dosent.
Gülağa Zeynalov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1956 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 yanvar 2015 (58 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Musiqi aləti | Tar |
Mükafatları | Ü.Hacıbəyov adına xalq çalğı alətləri I respublikalararası müsabiqənin laureatı |
Gülağa Zeynalov 1956-cı il aprel ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Şuşa Musiqi Məktəbini, 1974-cü ildə Xankəndi Orta İxtisas Musiqi Məktəbini və 1980-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tarzən 1980–1982-ci illərdə M. M. Nəvvab adına Şuşa Orta İxtisas Musiqi Məktəbində müəllim, 1984–1986-cı illərdə Şuşa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmış, 1993–1995-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının drijoru olmuşdur. Hər il Gürcüstan Respublikasının Dmanisi rayonunda (Başkeçid) keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti Günlərində Qarabağ Üçlük Muğam Qrupunun rəhbəri kimi Qarabağın tanınmış ziyalıları ilə birgə Qarabağ həqiqətlərinin təbliğində böyük rolu olmuşdur. Gülağa Zeynalov Rusiyanın, Ukraynanın, Qazağıstanın, Türkiyənin, Almaniyanın iri konsert salonlarında çıxış etmişdir. Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak etmişdir.[1]
Gülağa Zeynalov respublika və Ümumittifaq festivallarının, o cümlədən 1986-cı ildə keçirilən Ü. Hacıbəyov adına xalq çalğı alətləri I respublikalararası müsabiqənin laureatı olmuşdur.
Gülağa Zeynalov 2015-ci ilin 2 yanvar tarixində vəfat etmişdir.[2]
2016-cı ildə tarzən Gülağa Zeynalovun həyat və yaradıcılığına həsr olunmuş rejissoru Əlinasir İmanlı olmuş "Sarı simin sızıltısı" adlı film çəkilmişdir.